Modern.az

“Məşhur fotonun tarixçəsi “ - Göz görə-görə ölən qızcığaz

“Məşhur fotonun tarixçəsi “ - Göz görə-görə ölən qızcığaz

Reportaj

22 Mart 2020, 15:15

13 noyabr 1985-ci ildə  Kolumbiyanın Ermero şəhərində Nevado del Ruiz vulkanının püskürməsi nəticəsində 60 saat ərzində su, beton və digər cəsədlər arasında sıxışıb qalan və göz görə-görə ölən Omayra Sançez

 

“Məşhur fotonun tarixçəsi” rubrikasında bu dəfə müəllifinə Pulitzer mükafatı qazandıran “Omayra Sançezin faciəsi”ndən danışacağıq.

 

Fəlakətdən 60 saat sonra həlak olan Omayranın ölümündən az əvvəl fotojurnalist Frank Furnie tərəfindən çəkilmiş bu görüntüsü tarixin ən təsirli fotolarından biri hesab olunur.

 

Bu fəlakət nəticəsində bəziləri xəsarət alaraq canlarını qurtarsa da, şəhər əhalisinin əksəriyyəti həlak oldu. Ermero əhalisinin yalnız beşdə biri sağ qaldı. 13 yaşlı qızcığaz  da “Ermero Faciəsi” kimi tanınan hadisənin 25 mindən çox qurbanından biri oldu.

 

Bəs onu digər qurbanlardan fərqləndirən özəllik nə idi?

 

Omayra Sançez boğazına qədər çatan suda ölümünü gözləyərkən o yaşda bir uşaq üçün olduqca sakit davranmış və böyük cəsarət nümayiş etdirmişdi. Onu çəkən kameralara “Anamı, atamı və ailəmi sevirəm. Deyin ki, onları sevirəm” demişdi. Anası və kiçik qardaşı faciədən sağ çıxsa da, balaca qız  atasının təxminən 3 gün əvvəl öldüyündən xəbərsiz idi.

 

Bəs günlərcə suyun içində ölümü gözləyən qızın yanında hər gün ən az yüzlərlə adam olduğu halda necə oldu ki, onu kimsə xilas edə bilmədi?

 

Əslində orada olanların əksəriyyəti Omayraya kömək etmək istəyib, ancaq bunu lazımi avadanlıqlar olmadan edə bilməmişdilər.

 

Xüsusi avadanlıqlar şəhərə o, ölməzdən bir neçə saat öncə çatdırılsa da, ömrü bu avadanlıqların qurulmasına yetməmişdi.

 

Omayranın beldən aşağısı vulkan püskürməsi nəticəsində sürüşən torpağın altında qalmış və ətrafında su yığılmağa başlamışdı. Xilas olmaq üçün dağıntılardan yapışan qızcığazın əlini ertəsi gün jurnalistlərdən biri görür və hadisə yerinə bölgədəki könüllülər çağırılır. Ancaq ayaqlarını qırmadan Omayranı oradan çıxarmaq imkansız idi. Üstəlik onu hər dağıntının altından çıxarmağa çalışanda ətrafındakı su yüksəlir və qızın nəfəs almasına maneə olurdu.

 

Suyu boşaltmaq üçün nasos gətiriləndə Omayranın ayaqlarının qanqrena olduğu və kəsilməsinin vacibliyi anlaşıldı. Ancaq ətrafdakı çirklilik səbəbi ilə əməliyyat nəticəsində daha böyük əziyyətlə öləcəyi aydınlaşdığı üçün ən insaflı davranışın ölümünə icazə vermək olduğuna qərar verildi.

 

Omayra ağrılı-acılı 60 saat ərzində bir dəfə belə vəziyyətindən şikayətlənməmiş, ağlamamışdı. Sadəcə gülmüş, söhbət etmiş və mahnı oxumuşdu. Son sözləri isə belə idi: "Ana, məni eşidirsənsə, ayağa qalxıb yeriməyim və bu insanların məni xilas etməsi üçün dua etdiyini təxmin edirəm. Səni, atamı və qardaşımı sevirəm. Əlvida, ana”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi