Modern.az

Tarixdə iz qoyanlar: Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı - Süleyman bəy Əfəndiyev kim olub?..

Tarixdə iz qoyanlar: Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı - Süleyman bəy Əfəndiyev kim olub?..

28 Mart 2020, 13:11

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınır. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 


Azərbaycan  Milli  Ordusunun yaradılmasında müstəsna rolu və  xidməti olmuş hərbçilərdən biri də Süleyman bəy Əlisüleyman oğlu  Əfəndiyev olub. Polkovnik S.Əfəndiyev yeni  yaradılan Azərbaycan  ordusu  üçün   təlimatçılar hazırlayan  ilk  təlim  komandasını  təşkil edib.

S.Əfəndiyev 1864-cü il oktyabrın 5-də Ağdamda anadan  olub. O, ilk təhsilini Gəncədəki progimnaziyada alıb. S.Əfəndiyev 1880-ci ildə Yelizavetqrad süvari məktəbinə daхil olaraq   1885-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib və xidmətini  polisdə  davam  etdirmək  üçün  DİN-in  sərəncamına  göndərilib. S.Əfəndiyev hərbi хidmətə Qafqaz süvari ordusunun polis nəzarəti idarəsində başlayıb. Gənc zabit çar süvari qoşununda əvvəlcə  birinci  zabit olan kornet  rütbəsinə layiq görülüb. Daha sonra eskadron  komandiri  olan  S. Əfəndiyev  1899-cu  il  martın  15-də  çar ordusunun  atlı qoşun hissəsində və jandarmeriyada  kapitana  bərabər  olan  rotmistr  rütbəsinə  layiq  görülüb.  O, nümunəvi  xidmətlərinə  görə  müxtəlif  vaxtlarda  "Müqəddəs  Anna”  ordeninin  2-ci  və  3-cü,  " Müqəddəs  Stanislav”  və  "Müqəddəs  Vladimir "  ordenlərinin  3-cü  dərəcələri  ilə  təltif  edilib. O, 1907-ci  il  fevralın  20-də  Kutaisi  quberniyasının  polis-keşikçi dəstəsinə müfəttiş təyin edilmişdir. S.Əfəndiyevə 1912-ci  il  dekabrın  6-da polkovnik  rütbəsi  verilib.  

Tiflisdəki  müxtəlif  təşkilatların  Müsəlman  alayına  qarşı  açıq-aşkar müqavimət göstərdiyi, eləcə də keçmiş Zaqafqaziya  Komissarlığının təchizat idarələrindən hər hansı bir avadanlığın  alınmasının  son dərəcə  çətin  olduğu  vaxtlarda  S.Əfəndiyev özünün  doğma  işinə  olan  istəyi  və qətiyyəti  sayəsində komandiri olduğu  alay  üçün  nəzərdə  tutulmuş əmlakın  çox  hissəsini  Tiflis  intendantlığından  alaraq  Gəncəyə  çatdıra  bilmişdi.

Azərbaycan korpusunun  piyada  hissələri  müvəqqəti  olaraq  ləğv  edilərkən polkovnik  S.Əfəndiyev  qərargaha  xeyli  əmlak  və  ərzaq  ehtiyatları vermişdi. Polkovnik S.Əfəndiyev 2-ci  Qarabağ  atlı  alayının  komandiri  olarkən bir  çox  çətinliklərin  öhdəsindən  gələrək alaya  əsl  hərbi hissə  görkəmini  vermiş və onu  hərbi  nazirə  əla  vəziyyətdə  təqdim  etmişdi. S.Əfəndiyevin hərbi fəaliyyəti  hərbi  nazir  tərəfindən digər komandirlərdən fərqləndirilmiş və o, hərbi nazir S.Mehmandarovun  məruzəsi  əsasında Azərbaycan  Xalq Cümhuriyyəti  Nazirlər  Şurasının  qərarı  ilə general-mayor rütbəsi ilə  təltif  olunmuş  və  I piyada  diviziyasının başçısı  təyin  edilmişdi. S.Əfəndiyev  özünə  qıyaraq  olduqca  çətin bir şəraitdə, istirahətin  nə  olduğunu  bilmədən  diviziyanın təşkil  edilməsi kimi ağır işi  fədakarcasına  öz  üzərinə  götürmüşdü. 

General S.Əfəndiyev diviziyasının sanitar  vəziyyətinin  qayğısına  da  qalaraq  lazaretlərin  təşkil  edilməsinə  şəxsən  rəhbərlik  etmişdir Xəstələrə daim  baş  çəkərək  onların  yanında  olmuş, qayğısına  qalmış, bir  komandir  kimi  öz  təsiri  və  xeyirxahlığı ilə  onların  talelərini  yüngülləşdirməyə  çalışmışdı. 

 

Rusiyada 1917-ci  ilin  fevralında    baş  vermiş  fevral  inqilabı  qələbə  ilə  başa  çatdıqdan  sonra  martın  2-də  II  Nikolay  taxt-tacı  tərk  etdiyi barədə  manifest  imzaladı. Martın  3-də  Rusiyada  yaranmış  Müvəqqəti  hökumətin  qərarı  ilə  Cənubi  Qafqazda  mülki  hakimiyyət  IV Dövlət Dumasında regionun əsas millətlərini təmsil edən  deputatlardan  təşkil  olunmuş  Xüsusu  Zaqafqaziya  Komitəsinə -"ОЗАКОМ”-a  verildi.  "ОЗАКОМ” 1917-ci il oktyabrın 25-dək fəaliyyət  göstərmişdi. Petroqradda  bolşeviklərin  silahlı  üsyanı  nəticəsində  Müvəqqəti  hökumət  devrildikdən  sonra  1917-ci  il  noyabrın  15-də  J.P.Qeqeçkorinin  başçılığı  ilə  Cənubi  Qafqazda  yaşayan üç xalqın (Azərbaycan, gürcü  və  erməni)   nümayəndələrindən   ibarət  Zaqafqaziya  Komissarlığı  adı   altında  hökumət  yaradılaraq  "ОЗАКОМ”-un  fəaliyyətinə  son  qoyuldu. 

1917-ci il dekabrın  5-də (18-də) Qafqaz  cəbhəsində -  Ərzincanda  Zaqafqaziya  Komissarlığı ilə Türkiyə arasında  imzalanmış  Ərzincan barışığının şərtlərinə  görə Qafqaz  cəbhəsindəki rus  qoşunları  geri  çəkilməyə  başladı. Zaqafqaziya  Komissarlığı rus ordusunda  bolşevik  təbliğatının  güclənməsinin  müəyyən  təhlükə  törədə  biləcəyini  nəzərə  alaraq  1917-ci  il  dekabrın  19-da  Qafqazdakı  rus  ordusunun  buraxılması  haqqında  əmr  verdi. Həmin  əmrə əsasən Qafqazdakı  hərbi  hissələr  yalnız  milli  korpuslar  halında  saxlanıla  bilərdi. Beləliklə, Rus  Qafqaz  Ordusu  ləğv  edilərək  ayrı-ayrı  milli  korpusların – gürcü, erməni, Azərbaycan  və  rus milli  korpuslarının  yaradılmasına  qərar  verildi. 

Zaqafqaziya  Komissarlığının  müsəlman, gürcü və erməni milli korpuslarının yaradılmasına dair 1917-ci il 11 dekabr tarixli qərarı  milli  silahlı  qüvvələrin  yaradılmasına  doğru gedən  yolun  başlanğıcı  oldu. Gürcü  və  erməni  milli  korpuslarının  yaradılması  işi  Azərbaycan  milli  korpusunun  yaradılması  işi  ilə  müqayisədə  daha  asan  və  müvəffəqiyyətlə  yerinə  yetirilirdi. Bunun  da  başlıca səbəbi  bundan  ibarət  idi  ki, çar  Rusiyasının  ölkədə  yeritdiyi  milli  ayrı-seçkilik  və  mürtəce  siyasət  nəticəsində   gürcü  və  ermənilərdən  fərqli  olaraq   müsəlmanları, o cümlədən  azərbaycanlıları  hərbi  xidmətə  çağırmırdılar  və onlar   əsgərlikdən  azad  edilmişdilər.  Azərbaycanlılar   hərbi  xidmətə  çağırılmadığı   üçün  onların  döyüşdə  sınanmış  nizami  hərbi  hissələri  yox  idi. Azərbaycan  milli  korpusunun  yaradılması  işində kifayət qədər çətinliklər, o cümlədən peşəkar hərbi kadrlar  problemi  ortaya  çıxırdı. Azərbaycan  türkləri  yalnız  cahan  müharibəsi  zamanı  könüllü  olaraq  azərbaycanlılardan  təşkil  olunmuş  bir  suvari  alayına malik idilər. Beləliklə, Azərbaycan milli korpusunun  yaradılması  prosesi  hələ  yenicə  başlayırdı  və fövqəladə  ağır  şəraitdə  icra  olunurdu.

F.X.Xoyskinin  sədrliyi  ilə  yaradılmış II müvəqqəti  hökumətin  26  iyun 1918-ci  il  tarixli  qərarı  ilə  Müsəlman  Korpusunun  adı  dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla  da  milli  silahlı  qüvvələrin  yaradılması  istiqamətində  mühüm  addım  atıldı.  Hökumətin 26 iyun 1918-ci il tarixli digər qərarı ilə Əlahiddə  Azərbaycan Korpusu nəzdində xüsusi  tapşırıqlar  üzrə  general  vəzifəsi  təsis  edildi.

1917-ci ilin iyulundan başlayaraq Azərbaycanda Milli Ordunun yaradılması təşəbbüsünün önündə   dayanan  ilk   hərbçilərdən  biri  də  S.Əfəndiyev  olub.  

General-mayor S.Əfəndiyevin vəfatı ilə əlaqədar olaraq Şəfi bəy  Rüstəmbəyov 5 mart 1919-cu il tarixli 48№ li  "Azərbaycan” qəzetində  dərc etdirdiyi "General Süleyman  bəy  Əfəndiyev»  başlıqlı  məlumatda  böyük  hörmət  və   ehtiramla  qeyd  edirdi:
“Tanınmış  ictimai  xadim, Azərbaycanın  ilk  hərbi  hissələrinin  təşkilatçısı general  Süleyman bəy  Əfəndiyev xidməti vəzifələrinin  icrası  zamanı  yoluxduğu  səpmə  yatalaq  xəstəliyindən  fevralın  21-də  Ağdamda  vəfat  etmişdir. Mərhum  Əfəndiyev  hələ  polkovnik  ikən  fevral  inqilabından  sonra  öz  işini  Gəncəyə  keçirtmiş və burada  onun  tərəfindən  gələcək  Azərbaycan  ordusu üçün təlimatçılar hazırlayacaq ilk  təlim  komandası  təşkil  edilmişdir. Bütün ölkə ərazisinin anarxiya və hərc-mərcliklə əhatə  olunduğu, eləcə də ötüb keçən eşelonların vətənimiz üçün təhlükə  törətdiyi vaxtlarda mərhum generalın başçılıq etdiyi kiçik bir dəstə  ölkənin  qorunmasını  öz  üzərinə  götürmüş  yeganə  mütəşəkkil  qüvvə  olmuş  və  o, Şamxor  hadisələri  zamanı   hərbi  hərəkata  başçılıq  etmişdir. Mərhum  Əfəndiyev öz  həyatını  dəfələrlə  təhlükələrə  ataraq  ömrünü  tamamilə  vətənə  xidmətə  həsr  etmişdir. Mərhum Gəncə  milli  komitəsinin  işində  bilavasitə  iştirak  edərək  komitənin  bütün  ciddi  çıxışlarının  fədakar  icraçısı  olmuşdur. Şamxor  hadisələri  günlərində mərhum Süleyman bəy  gecə  və  gündüz  döyüş  meydanını  tərk  etməyərək  hücüm  edən  eşelonlara  qarşı  döyüşmüşdür. O, hərbi  mülkiyyətin  soyğunçulardan  qorunub  saxlanması  yolunda  da  çox  işlər görmüşdü. Onun  yorulmaz  və fədakarсasına  fəaliyyəti  nəticəsində  çoxlu  sayda  hərbi  əmlakın  talan  edilməsinin  qarşısı  alınmışdır... O, fasiləsiz  olaraq  gecə  və  gündüz  qarovul-növbətçi  qismində  hərbi  əmlakın  mühafizəsində  şəxsən  iştirak  etmişdir. Mərhumun  özü  şəxsən  əzablı  kazarma  həyatını  yaşayaraq  aşağı  rütbəlilərə  də  yenilməzlik  nümunəsini  nümayiş  etdirmişdir”.

Məlumatda  S.Əfəndiyevin doğma  ordumuz  üçün  məfkurəvi  və  nümunəvi  zabit  olduğu  və  vəzifə  başında  öz  vətəninin  maraqlarını  qoruyarkən  özünün  fədakarlığı  üzündən  epidemiyanın  qurbanı olaraq  vətənin  əsil  oğlu  kimi  şəhid  olduğu  qeyd  edilirdi.  

 Azərbaycanda  milli  ordunun  yaradılmasında  S.Əfəndiyevin  əhəmiyyətli   rolu  və  xidməti  bəzi  arxiv  sənəd  və  materiallarında  öz  əksini tapmışdır. Tarixi sənədlər təsdiq  edir  ki, S.Əfəndiyevin  milli  ordu  quruculuğu sahəsində fəaliyyəti hələ  o  sağ  ikən  AXC hökuməti  və  Hərbi  Nazirliyi  tərəfindən  yüksək  qiymətləndirilmişdir. 

1918-ci  il  dekabrın  29-da  AXC Nazirlər Şurasının iclasında  hərbi nazir Səməd  bəy Mehmandarovun məruzəsi əsasında Hərbi  Nazirliyin  nəzdində  tapşırıqlar  generalı  vəzifəsini  icra  edən  polkovnik  Süleyman  Əfəndiyevə   xidmətdə  fərqləndiyinə   görə  general-mayor  rütbəsinin  verilməsi  haqqında qərar  qəbul  edilmişdir. S.Əfəndiyev - AXC  tərəfindən  general-mayor  rütbəsi  verilmiş  ilk  hərbçi  olmuşdur.

 

Onu da qeyd edim ki, S.Əfəndiyev 1917-ci ilin iyulunda  Zaqafqaziya Komissarlığının  sərəncamı  ilə  Gəncəyə  ezam  edilib. O, burada öz vəzifəsini yerinə yetirməklə yanaşı, Nəsib bəy  Yusifbəylinin  başçılıq  etdiyi Gəncə  müsəlman  komitəsinin  işində  də  yaxından  iştirak  edib. Məhz  həmin  komitənin   səyləri  nəticəsində  şəhərdə  və  qəzada  ermənilərin  törətdikləri  qırğınların  qarşısı  alındı. S.Əfəndiyev Gəncə  müsəlman  milli  komitəsinin  köməyi  ilə hərbi kurslar açmışdı. Burada onun tərəfindən gələcək Azərbaycan  ordusu  üçün  təlimatçılar  hazırlayacaq   150  nəfərdən  ibarət  ilk  təlim  komandası  təşkil  edilmişdi.

Zaqafqaziya Komissarlığının  qərarı  ilə   Müsəlman   Korpusunun  komandiri  vəzifəsinə  1917-ci  dekabrın  2-də  çar  ordusundan  tərxis  olunan  general-leytenant  Əliağa Şıxlinski  təyin  edilmişdi.

Artilleriya general-leytenantı Ə.Şıxlinski  Müsəlman  Korpusunun  komandiri təyin olunarkən S.Əfəndiyev korpusun 2-ci atıcı  diviziyasının  5-ci  atıcı  alayının komandiri təyin  edilmiş, bir  müddət  isə korpus  komandirinin əmri  ilə  diviziya  komandirinin  vəzifələrini icra edib. 
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik və yeganə par­la­men­tli  respublika  olan Azərbaycan  Xalq Cümhuriyyəti yaradılanda Ə.Şıxlinski vətəninə qayıdaraq  Milli  Ordunun  yaradılmasında bilavasitə yaxından iştirak etdi. Azərbaycan  Korpusunun komandiri  general-leytenant Ə.Şıxlinski  Nazirlər  Şurasının  29  dekabr  1918-ci  il  tarixli  qərarı  ilə  hərbi  nazirin  köməkçisi  təyin  edildi.

Müvəqqəti  olaraq  hərbi  nazir  vəzifəsini  icra  edən  general-leytenant  Ə.Şıxlinskinin  I  piyada  diviziyasının  başçısı mərhum  general-mayor  S. Əfəndiyevin  milli  ordunun  yaradılması  sahəsindəki  xidmətlərini  nəzərə  alaraq  onun   dəfn  mərasimi  xərclərinin   dövlət  hesabına  götürülməsi  haqqında 1919-cu  il  fevralın  21-də  Gəncədə  imzaladığı  89 №li əmrdə  qeyd  edilirdi:

"...Tiflisdəki  müxtəlif  məsuliyyətsiz  təşkilatların  Müsəlman  alayına qarşı açıq-aşkar müqavimət  göstərdiyi  və  keçmiş Zaqafqaziya  Respublikasının  təchizat  idarələrindən  bir  şey  almaq son dərəcə  çətin olduğu  bir  vaxtda  polkovnik  Əfəndiyev  özünün  doğma  işinə  olan  istəyi  və  qətiyyəti sayəsində alay  üçün  nəzərdə  tutulan  əmlakın  çox  hissəsini  Tiflis  intendantlığından  əldə  edərək  Gəncəyə  çatdırmışdır... Çoxlu  qayğılar   içərisində   onun  özü  haqqında  fikirləşməyə    vaxtı  olmamış – səpmə  yatalaq  xəstəliyinə yoluxaraq vəzifə başında qarovul-növbətçi  kimi vəfat etmişdir. Allah sənə rəhmət eləsin, əsil  vətən  oğlu, yorulmaz  qulluqçu!

 Vəfat  etmiş  general  Əfəndiyevin  Batum  şəhərində  yaşayan  ailəsi  tamamilə  vəsaitsiz  qalmışdır. O, böyük  oğlunun  ölüm  xəbərini  alarkən ona həvalə edilmiş tapşırığın vacibliyini düzgün  qiymətləndirərək  vəzifəsini  tərk  etməmişdir.

Mərhumun  dəfn  mərasimi  üzrə  bütün  xərclərinin   dövlət  hesabına  götürülməsini  və  onun  ailəsinə  5  min  rub. birdəfəlik  maddi yardımın ayrılmasını əmr edirəm. Eyni  zamanda  onun  ailəsinin   ehtiyac  hiss  etmədən  yaşaması  üçün  kifayət  edən pensiyanın  təyin  olunması  haqqında  vəsatəti  hazırda  Bakıda  olan  hərbi  nazir  qarşısında    qaldırıram”.


Hərbi  nazir, artilleriya  generalı  S.Mehmandarov  S.Əfəndiyev  haqqında  yüksək  fikir  söyləyərək  qeyd  etmişdir: "General  Süleyman  bəy  Əfəndiyev təmizlikdə, namusda, qeyrət və fədakarlıqda... idarəmdəki cümlə zabitan arasında ən birinci mövqe tutanlardan idi!”


Ölkəmizdə  milli  ordu  quruculuğu  tarixinə  nəzər  salaraq,  bu  yolda  böyük  zəhməti  və  xidmətləri  olmuş  şəxsləri  böyük  hörmət  və  ehtiramla  yad  etmək hər  bir  vətəndaşın borcudur.Çünki  həmin  şəxslər  yenicə  yaradılmış  dövlətin   müstəqilliyinin  və  ərazi  bütövlüyünün  qorunub  saxlanılmasında,  genişlənməkdə  olan  erməni-daşnak-bolşevik  təcavüzünün  qarşısının  alınmasında  müstəsna  rol  oynamış  və  Azərbaycan  silahlı  qüvvələrinin  yaradılması  uğrunda  həyatlarını  qurban  vermişlər. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  ordu  quruculuğunda  milli  duyum, milli  birlik  və  milli  iftixar, vətənə, torpağa  bağlılıq  əsas  prinsiplərdən  biri  olmuşdur. Əsgər  və  zabitlər  ilk  növbədə  vətəndaş  olmalı, vətənini, dilini  və  millətini  sevməli, onun  keşiyində  layiqincə  dayanmağı  bacarmalı idilər.

General-mayor S.Əfəndiyev yenilməzlik  nümunəsi  göstərərək  ömrünü  tamamilə  vətənə  xidmətə həsr etmiş  hərbçilərimizdən   olmuşdur. S.Əfəndiyevin  adı  tanınmış  ictimai  xadim,  Azərbaycanın  ilk  hərbi  hissələrinin  təşkilatçısı  və  ilk  şəhid  general  kimi tarixə  düşmüşdür.

Respublikamızda ordu quruculuğunda, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanmasında xidmətləri olmuş hərbi  sərkərdələr  və  hərbçilər heç  vaxt unudulmur. Milli ordu  quruculuğunda  rolu  və  xidməti  olmuş  vətən  övladlarının, o  cümlədən  general  S.Əfəndiyevin  xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır və böyük ehtiramla yad edilir.

Hazırda  Qazax  şəhərindəki  1  saylı  orta məktəb S.Əfəndiyevin adını daşıyır.


Rafiq Səfərov 

Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və

istifadəsi şöbəsinin baş məsləhətçisi

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir