Modern.az

İsraildə koronavirusla mübarizə aparan azərbaycanlı tibb bacısı: “Vəziyyət çox qəlizdir” - MÜSAHİBƏ

İsraildə koronavirusla mübarizə aparan azərbaycanlı tibb bacısı: “Vəziyyət çox qəlizdir” - MÜSAHİBƏ

31 Mart 2020, 12:43

Koronavirusun bütün dünyaya meydan oxuduğu bir zamanda günün əsas qəhrəmanlarından biri tibb işçiləridir desək, yanılmarıq.

Gecə-gündüz bilmədən virusla mübarizə aparan səhiyyə işçiləri çalışırlar itkilər maksimum az olsun və xəstəliyə qalib gələk.

Koronavirusla  mübarizə aparan tibb işçiləri hazırda təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində işlərini sevərək davam etdirirlər.

Belə fəallardan biri də İsraildə yaşayan və gününün yarıdan çoxunu xəstəxanada heç bir təmənna güdmədən, könüllü olaraq təcili tibbi yardım maşınında keçirən Sara Mirzəyevadır.


Gənc tibb bacısı Sara Mirzəyeva İsraildəki hazırki vəziyyət və pandemiya ilə bağlı Modern.az-ın suallarını cavablayıb:

 

- Sara, bildiyimiz qədəri ilə tibb bacısı kimi fəaliyyət göstərirsən. Neçə ildir İsraildə çalışırsan?

- İsraildə Magen David Adomda təcili tibbi yardım mütəxəssisi kimi fəaliyyət göstərirəm. Artıq 5 ildir ki, könüllü olaraq bu işin içindəyəm. Son 2 ili xidməti borcumu yerinə yetirirəm və davam etməkdə qərarlıyam.

 

- İsraildə hazırki vəziyyəti təsvir etməni istərdik…

- İsraildə bu gün diaqnoz qoyulanların sayı 4347-ə yüksəldi və daha 3 xəstənin ölümü ilə ölənlərin sayı 15-ə çatdı.  80 xəstənin vəziyyəti isə ağırdır. 
Virusa yoluxanların və vəziyyəti ağır olanların arasında heç bir xəstəliyi olmayan 22 yaşlı bir gənc də var. Yəni xəstəliyin ağırlaşması üçün hansısa orqanda ciddi problemlərin olması mütləqdir deyə, bir şey yoxdur.

 

- Yəqin ki, əvvəlki vaxtlara nisbətdə indi sizə müraciət edənlər çox olur. Yəni daha çox hərəkətdə olursunuz, elədirmi?


- Bəli, əvvəlkinə nisbətdə indi vəziyyət daha qəlizdir. Günü-gündən xəstələrin sayı artdığına görə daha çox müraciət almalı, daha çox işləməli oluruq. Hər gün istirahət etmədən və ara vermədən iş başındayıq, həm də heç bir təmənna güdmədən. İş vaxtının qurtarmağına gəldikdə isə bizdə dəqiq qrafik indiki halda mümkün deyil. Yəni normalda axşam 19:00-da işdən çıxmalıyam, amma təcili xəstə olarsa, onu xəstəxanaya çatdırmamış və rahat etməmiş evə qayıtmıram. Buna görə də bəzən evə gecə saatlarında gəlib çıxıram.

 

- Bakıda insanlar maska və spirt tapa bilmədiklərindən şikayətlənirlər. Bu çatışmazlığın bir çox ölkələrdə də olduğu deyilir. İsraildə bu barədə vəziyyət necədir?


- Hazırda anbarlarda qoruyucu vasitələrin çatışmazlığı yoxdur, dövlət mövcud durumun belə davam etməsi üçün çox çalışır. İnsanların maska və spirt tələbatına gəldikdə isə bu rəqəmlər, tələbat günü-gündən artır. Hazırda avadanlıqların demək olar ki, hər növünə qlobal tədarükdən qat-qat böyük tələbat var. Koronavirusa yoluxanların sayı artdıqca, biz gələcəkdə tibbi vasitələrin çatışmazlığı kimi qorxunu indidən yaşayırıq. Çünki maska, əlcək bu kimi virusdan qoruyucu vasitələr yetərli olmasa ölkənin halını, yaranacaq itkiləri düşünə bilmirik. Amma yenə də ümidimizi itirməməyə çalışırıq.

 

- Azərbaycanlıların kompakt şəkildə yaşadığı ölkələrdən biri də İsraildir. Sizə müraciət edən xəstələr arasında azərbaycanlılar olubmu? 


-
Virusa yoluxanlar arasında müxtəlif ölkələrin vətəndaşları var. Amma indiyədək azərbaycanlılar arasında virusa yoluxma kimi hal qeydə alınmayıb. Ümumilikdə isə burda müxtəlif xəstəliklərdən müalicə alan həmhyerlilərim yetərincədir.

 

- Koronavirusa yoluxan insanlarla ilkin təmasda siz olursunuz. Hansı şübhələrlə müraciət edirlər? Belə deyək, xəstəliyin birinci mərhələsində nə kimi problemlər olur?


- Demək olar ki, hamıda xəstəliyin ilkin simptomları eynidir. Yəni bizə müraciət edənlər qızdırma, ösgürək, nəfəs çatışmazlığıdan şikayətlənirlər. Test vasitəsi ilə müəyyənləşdiririk ki, virus var ya yox.

 

- Bildirilir ki, xəstəliyə yoluxanlar arasında daha çox kişilər yer alır. İsraildə bu hal necədir? Kişilər daha çox yoluxur ya qadınlar?

- Təkamüllə qadınlar daha güclü bir immunitet sistemini inkişaf etdirir.  Bunun səbəblərindən biri də qadınların uşaq sahibi olmağının vacibliyidir.  Qadınların  daxilində xarici bir cisim var, buna görə bədənin müdafiə sistemi baxımından daha güclü olmaları lazımdır. Kişilər ümumiyyətlə qadınlardan daha az sağlam həyat tərzi keçirirlər.  Qadınlarla müqayisə etsək görərik  ki, kişilər qadınlara nisbətdə çox siqaret çəkirlər, içki içirlər və nəticədə onlarda daha çox qan təzyiqi, ürək xəstəliyi olur. Ona görə də pandemiyanın yayıldığı bir vaxtda kişilər daha çox təhlükədədir.

 

- İnsanların xəstəliyin son mərhələsində, yəni artıq can verərkən sizdən nə isə bir istəkləri olurmu?

- Həqiqətən də bu mənzərə çox acınacaqlıdır. Çünki qarşında biri canı ilə əlləşir, son  nəfəsini verir, amma sən nə etsən də faydaı olmur. Hətta xəstələr son mərhələdə belə sağalmağa böyük ümidli olur. Son nəfəsdə də “məni xilas edin, sağalmaq istəyirəm” kimi arzu ölmür…

 

- Virus səbəbi ilə dünyasını dəyişənlər necə dəfn edilir? Yəni İsraildə də dəfn mərasiminə heç kimi buraxmırlar?

- Yox, burda hələ ki elə bir qayda tətbiq olunmayıb. Dünyasını dıyişən şəxslərin dəfn prosesi yaxınlarının iştirakı ilə baş tuta bilər. Amma cənazə mərasiminə toplu halda yox, 10 nəfər olmaqla iki qrup şəklində, növbəli gəlmək olar.


- İsrail vətəndaşları karantin rejiminə necə əməl edir? Yəni evdə vaxt keçirməyə etiraz etmirlər ki?

- Bütün digər ölkələrdəki kimi, İsraildə də evə qapanmaq asan məsələ olmadı. Amma yerli əhali xəstəliyin fəsadlarını gördükdən sonra vəziyyətin ciddiliyini anlayaraq, hazırki rejimə alışmağa çalışır.

 

- Hər gün virusa yoluxmuş insanlarla təmasda olursunuz. Xəstəliyə yoluxma qorxunuz yoxdur? Yaxud da evdən belə işləməyinizə etiraz etmirlər ki?

 - Açığı deyim ki, xəstəlikdən qorxum yoxdur. Çünki düşündükdə ki, xəstələrin mənə ehtiyacları var, xalqa xidmətimlə xeyir verə bilərəm, onda mənə xüsusi güc gəlir. Ümumiyyətlə, işim bu olduğu üçün qorxu haqqında düşünmürəm. Valideyinlərimə gəldikdə isə mənə görə çox narahatdırlar, yalnız etiraz etmirlər.

 

- Tibb işçisi və xəstəliyin içərisində olan biri kimi, virusu ciddiyə almayan insanlara nə demək istərdin?

- Elə adam var ki, “nə olar olsun, alnıma nə yazılıbsa, o da olacaq” deyərək, bu cür ciddi məsələyə səhlənkar yanaşır. İnsan özünü sevməyə bilər, yalnız ailəsinə,  sevdiklərinə görə, onları qorumaq üçün evdə qalmalı, Səhiyyə Nazirliyinin tələblərinə əməl etməlidir. Tibb mütəxəssisi olaraq çox sevdiyim Azərbaycan xalqını səbirli, dözümlü tanıdıdığım üçün onları birliyə dəvət edərək “evdə qalın!”  deyirəm. İnanıram və dua edirəm ki, dünyamız bu bəladan xilas ediləcək, koronavirus adlı müharibə sülhlə bərqərar olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub