Modern.az

Xərcini oğlan evi ödəsə də, adına “gəlin maşını” deyilir - REPORTAJ

Xərcini oğlan evi ödəsə də, adına “gəlin maşını” deyilir - REPORTAJ

23 Aprel 2012, 15:12

Bu gün ölkəmizdə keçirilən toylar daha çox öz dəbdəbəsi və təmtərağı ilə seçilir. Çünki insanlar adətən bu mərasim zamanı daha səxavətli olur və qənaət etməyə çalışmırlar. “Qonşudan qalma dala” prinsipi insanları daha çox israfçılığa sövq edir. Bu baxımdan toy sahibinin xərcləri arasında dəbdəbəli gəlin maşınının sifarişi də var. “Gənclik” və “Xalqlar Dostluğu” metrostansiyalarının çıxışına yaxın ərazilərdə maşınların geniş seçimi mövcuddur.

 

Modern.az-ın əməkdaşları həmin ərazilərdəki gəlin maşınlarının qiymətini araşdırıb.

1200 manata gəlin maşını

İlk olaraq “Gənclik”də yerləşən gəlin maşınları kirayə verilən əraziyə baş çəkdik. Maşınların sifarişini qəbul edən İbad bəy  əvvəl danışmaq istəməsə də, daha sonra razılaşdı. Öncə ondan maşın kirayəsilə bağlı gündəlik müraciətin sayını soruşduq. Müsahibimiz gündə elə də çox sifariş olmadığından gileyləndi. Müraciətlərin əsasən həftənin cümə, şənbə və bazar günləri olduğunu dedi.

Daha sonra toy üçün kirayə verilən maşınların qiymətilı maraqlandıq. İbad bəy burada hər qiymətə və cibə uyğun maşın olduğunu bildirdi.



“Qiymətlər 80-500 manat arasında dəyişir. Ara - sıra kirayə qiyməti 1200 manat olan "Rolls Royce" markalı maşın da sifariş olunur. Amma toy edən şəxslər daha çox 200-250 manat qiyməti olan BMV markalı maşınları sifariş verirlər. Bu elə qiymətdir ki, bunu varl ıda, kasıb da götürə bilir”.

Ərazidə dayanan retro maşınlar da diqqətimizdən yayınması. “Çayka” markalı maşın daha çox diqqət cəlb edirdi. Onların kirayə qiymətilə maraqlandıq. İbad bəy növbə-növ retro maşınların sifariş olunduğunu, bəzi maşınların isə hələki ərazidə olmadığını dedi.

“O sıradan olan “Çayka” modelinə daha çox tələbat var. Sifariş qiyməti 400 manata başa gəlir”.


Muğam ifaçısı öz toyuna maşını buradan götürüb

Daha sonra “Xalqlar Dostluğu”ndakı gəlin maşınları olan əraziyə baş çəkdik. Buradakı maşınların sifarişini qəbul edən Sahil bəy də digər həmkarı kimi danışmaq istəmirdi. Səbəbini belə izah etdi ki, “sizə danışanda sonra departamentin işçiləri gəlib yapışır boğazımızdan”.

Bununla belə müsahibimiz qiymətlərlə bağlı az da olsa, danışdı. O, buradakı qiymətlərin də “Gənclik”dəki ərazi ilə eyni olduğunu, həmçinin rəqabət üçün qiymətin digər yerlərdən fərqlənmədiyini dedi.

“Maşınları əksər hallarda sürücülərimiz idarə etdir. Qəza da olanda, olur. Bu vaxt özümüz təmir etdiririk”.

Tanınmış şəxslərin buradan maşın götürüb-götürmədiyinə gəlincə, bir-iki dəfə belə hadisənin olduğunu dedi. Sonuncu dəfə yadında muğam ifaçısı Ehtiram Hüseynov qalıb. Əlini ikiqapılı “Mersedes” markalı maşına uzadaraq, onun öz toyunda bu maşını götürdüyünü bildirdi.

 

100 minlik maşında gəlin köçüb, daha sonra 20 qəpik verib avtobusla ata evinə qayıtmamağın arzusu ilə gəlin maşınlarının sifarişi qəbul olunan ərazidən ayrıldıq.

Müxbir: Anar Kəlbiyev
Fotomüxbir: Elçin Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir