Modern.az

“...gəlin, hərə əlinə bir dəsmal götürüb ağlasın” - Hamlet İsaxanlı ilə #evdəqal SÖHBƏTİ

“...gəlin, hərə əlinə bir dəsmal götürüb ağlasın” - Hamlet İsaxanlı ilə #evdəqal SÖHBƏTİ

4 Aprel 2020, 17:01

“Hər kəs bilir ki, koronavirusa qarşı vaksin ya Amerikada, ya da Çində hazırlanacaq”

Modern.az saytı “Evdə qal” rubrikasını davam etdirir. Növbəti həmsöhbətimiz Xəzər Universitetinin təsisçisi, təhsil ocağının Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlıdır. Onunla söhbəti təqdim edirik:


- Hamlet müəllim, evdə qalmaqdan narazı deyilsiniz ki?..

- Qətiyyən narazı deyiləm. Narazı olduğum koronavirusdur. Həddindən artıq təhlükəli, dünyanı sarsıdan bir bəla ilə üz-üzəyik.

Yaradıcı insanlar, elm adamları, bəstəkarlar və digərləri onsuz da evdə qalıb, işləyirlər. Çünki insan bir tərəfdən ünsiyyət axtarır. “İnsan” və “ünsiyyət” sözlərinin kökü də eyidir. Amma hər bir insanın həyatında təklik, yalnızlıq da vacibdir. Riyaziyyatçı isbat etdiyi teoremləri, fizik nəzəriyyələrini, bioloq yeni növləri məhz təkbaşına olduqda kəşf edir. Eyni məqam musiqiçiyə də aiddir. Bəstəkar oturub musiqi yazırsa, təkliyə çəkilməli, qarşısındakı pionoda günlərlə məşq etməlidir. Ona görə də yaradıcı insanlar üçün evdə qalmaq qətiyyən darıxdırıcı deyil. İşə getmədiyimiz müddətdə özümüzü sevdiyimiz yaradıcı işə tam verə bilərik. Mən iş vaxtı hər gün üzümü təmizləyib, universitetə gedərdim. Amma indi evdə qaldığım üçün qəsdən üzümü də qırxmıram ki, heç yerə çıxmayım. Kompüterimin, elmi kitabların yanında oturub, monoqrafiya üzərində işləyirəm. Təxmini 80 faizini artıq bitirmişəm.

Bütün insanlar işlə, dostlarla məşğul olmaqdan ailəyə vaxt ayırmağa bəzən tənbəllik edirlər. Bu durumda isə klassik ailə münasibətləri daha maraqlı olur. Ailə ilə bir yerdə əyləşib, çay içirsən, çörək yeyirsən, uşaqlarla məşğul olursan. Bu gün onlayn təhsil tətbiq edilir, bütün məktəblər, o cümlədən “Dünya  məktəbi” fantastik məsafədən təhsil verir. Artıq valideynlər də uşaqlarla birlikdə maraqla dərsləri izləyirlər. Ona görə, evdə qalmaq ailə canlılığını artırır.

İndiki vəziyyətdə üzücü olan yeganə hadisə koronavirusla bağlı gündən-günə yoluxmanın, ölüm hallarının artmasını öyrənməkdir. Düzdür, Azərbaycanda başqa ölkələrə nisbətən çox az ölüm halı qeydə alınıb. Amma qonşu ölkələrdə, dünyada vəziyyət kifayət qədər ciddidir. Ona görə, evdə qalaq.                       

Belə bir çətin vəziyyətdə tibb işçiləri həyatlarını riskə ataraq, insanların sağlamlığını qorumağa çalışırlar. Hesab edirəm ki, onlara  alqış düşür. Həmçinin, jurnalistlər də insanları koronavirusun  mənfi təsirindən uzaq saxlamaq üçün əllərindən gələni edirlər. Ümumilikdə belə bir vəziyyətdə insan və insanlıq üçün çalışan hər kəsə təşəkkür etməliyik. Dedi-qodu edən, koronavirusun düşünülmüş, hazırlanmış, məqsədli yayıldığını iddia edən şəxslərə qarşı isə müvafiq addımlar atılmalıdır...


- Evdə qaldığımız məqamda vaxtımızı səmərəli keçirmək üçün köməyimizə internet çatır. Azərbaycanda internetin vəziyyəti qənaətbəxşdir?


- Ötən dəfə Xəzər Universitetinin müəllimlərindən biri bu barədə maraqlı durumla qarşılaşdığını bizə bildirdi. Deməli, müəllim Qubadadır və tələbələrə onlayn dərs keçməlidir. O deyir, Qubada internet zəifdir, təpənin başına qalxanda daha yaxşı işləyir. Müəllim Qubada, dağın başında əyləşib, tələbələrə dərs keçir.

Müasir dövrdə nəqliyyat quru nəqliyyatı, hava nəqliyyatı, su nəqliyyatı və virtual nəqliyyat olmaqla 4 yerə bölünür. Ümumdünya İnternet Statistikasının xəbərinə görə, Azərbaycan Baltik ölkələri istisna olmaqla, keçmiş sovet məkanında ən sürətli interneti olan ölkədir.  Sadəcə, bəzi yerlərdə sürət zəif olur, bu zaman tez qırılır.


- Əhval-ruhiyyəmizi müsbət, pozitiv saxlamaq üçün nə etməliyik?

- Bir şey ki, bizdən asılı deyil, hətta gözəgörünməz düşməndir, onun üçün birlikdə mübarizə aparmaq lazımdır. İnsan müharibəyə, başqa bir böhrana düşə bilər. Koronavirusu da başımıza gələn çətin bir hal kimi qəbul edərək, onun içərisindən çıxmağa çalışmalıyıq. Amma heç bir halda ümidsizliyə qapılmaq doğru deyil.

Evdə boş vaxtını necə keçirəcəyini düşünən insanlar var. Mən əminəm ki, heç də hər kəs klassik əsərləri oxumayıblar. Yazmaq çətindirsə, yaratmaq çətindirsə, axı kitab oxumaq çox asan bir şeydir. İnternetə çoxlu kitablar yerləşdiriblər. Heç bir vəsait ödəmədən hətta maraqlı, əhəmiyyətli kitabları tapıb, oxumaq olar. Hər insanın bir hobbisi var, sevdiyi işlərlə məşğul olmaq üçün indi əsl vaxtıdır. İnsan tənbəl olmasa, bir azca düşünsə ki, evdə vaxtımı səmərəli keçirmək üçün nə edə bilərəm, inanıram ki, hər kəs maraqlı məşğuliyyətlər tapacaqdır. Kefimizi pozmaqla vəziyyət yaxşılaşacaqsa, gəlin, hərə əlinə bir dəsmal götürüb ağlasın. Əksinə, özümüzü, kefimizi yaxşı saxlasaq, yaxşı və sağlam qidalansaq, evdə idmanla məşğul olsaq, immunitetimiz də artacaq. Bu, həqiqətən də elmi cəhətdən təsdiq olunub.


- Koronavirusla bağlı insanları ümidsizə kökləyən də qeyri-müəyyənlikdir. Bu məsələdə biz özümüzü necə toxtada bilərik?


- Dünyanı sarsıdan ən böyük epidemiya indiyə qədər qara vəba xəstəliyi olub. Bu, 1347-1352-ci illərdə yayılıb. Qara vəba nəticəsində Avropanın təxminən yarısı məhv olub. Bu xəstəliyin də Monqolustan, Çin tərəfdən yayıldığı məlumdur.

XVII əsrin sonralarında Londonda yenə də qara çuma xəstəliyi yayılıb. İsak Nyuton ən məşhur əsərini bu xəstəlikdən qorunmaq üçün özünü təcrid etdikdə, kənddə yazıb. Bəlkə də bu xəstəlik yayılmasaydı, o həmin əsərini yazmağa imkan tapmayacaqdı.


- Bu məntiqlə yanaşsaq, belə çıxır ki, şairlər, yazıçılar zindanda daha möhtəşəm əsərlər yaradırlar?

- Əlbəttə elə olur. Tarixdə istedadlı insanlar çox olub, lakin özünü gerçəkləşdirə bilməyib. Məsələn, “yeyən-içən oğlan” olub, məclislərlə, gəzintilərlə, oyunlarla məşğul olub, hərdənbir oturub, nə isə yazıb. Halbuki, yaradıcılıq üçün oturub, işinlə məşğul olmaq lazımdır. Başqa məşğuliyyətlərə vaxt qalmamalıdır.

Elə bir insan olmaz ki, ömründə bir dəfə olsun kitab oxumayıb. Çox oxumayanlar var, amma heç vaxt kitab oxumayan insan ola bilməz. Hər birimiz orta məktəbdə Mirzə Fətəli Axundovun “Hekayəti-Müsyö Jordan – həkimi-nəbatat və Dərviş Məstəli şah cadükuni-məşhur” əsərini oxuyub. Yenidən oxusunlar və necə gözəl əsər olduğunu dərk edərək, əsərdən ləzzət alsınlar. Əsərdə Azərbaycanla Fransanın çox gözəl müqayisəsi aparılıb. Əsərdə deyilir, biz hər zada inanırıq, onlar heç zada inanmazlar; bizim arvadlarımız uzun libas geyər, onların arvadları gödək; bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq.  Bu gözəl əsərləri oxumağın əsl vaxtıdır.

İndi deyirlər ki, insanların kitaba marağı çox azdır. Amma müasir dövrdə insanlar daha çox filmlərə, seriallara baxırlar. Seçimi düzgün etdikdə, filmlərə baxmaq kitab oxumağa bərabərdir.


- Hiss olunur ki, hansısa maraqlı kitabı oxuyursunuz. Adını öyrənə bilərikmi?

- Mən hazırda daha çox yazıram. Oxuduğum kitablar da məhz elmi ədəbiyyatdır. Əksəriyyəti ingilis dilindədir.


- Dünyada belə bir araşdırma aparılıb: koronavirusdan sonra evdə qalmağımız nəticəsində ailədaxili münaqişələr artıb. Sizcə, bu reallığı əks etdirirmi?

- Məsələnin iki başı var. Anton Çexov həm istedadlı adam, həm də yaraşıqlı kişi olub. Qadınların sevimlisi olsa da, həmişə evlənməkdən qorxub və gec evlənib. Nəhayət məşhur aktrisa Olqa Klipperlə evlənib. Çexov xanımına deyib ki, biz hər gün bir yerdə olsaq, bir-birimizi görsək, məhv olarıq. İnsan gərək bir-biri üçün darıxsın. Sən ayrı orijinal adam, mən ayrı. Sənin öz dünyan var, mənim də öz dünyam var. Hərəmiz bir fikir səsləndirsək, hər gün aramızda dava-dalaş olar. Sən Moskvada qal, öz sənətinlə məşğul ol, mən Krımda, evimdə qalım. Lazım olanda mən Moskvaya gələrəm, sən də Krıma. Çexovun vərəm xəstəliyi var idi və Krımda yaşayırdı.

Bu misalı çəkməyim məqsədlidir. Evdə, dostlar qohumlar arasında söhbət edəndə, zarafatla deyirəm: baxın, mən neçə ildir, bir xanımla yaşayıram, çox kaprizinə dözmüşəm. Amma mümkündür ki, mən ona daha çox zülm vermişəm, nəinki o mənə. Bütün bunlara rəğmən, bir yerdə olmaq, birlikdə düşünmək, istirahət etmək yaxşıdır. Təbii ki, arzu olunur ki, evdə qalmaq təxmini 1 ay olsun, uzun olmasın (gülür).


- Hamlet müəllim, əslində məyyən bir yaş dövrü var ki, o da təsir edir. Yəqin ki, siz daha gənc yaşda evdə qalmağa məcbur olsaydınız, fərqli olardı...

- Ən cavan yaşımda da evdə qalmaqdan sıxılmamışam. Moskvada oxuyanda gecə səhərə qədər oyaq qalıb, işləyirdim. O başımı işə p qədər qatırdım ki, bir də onda ayılırdım ki, hava işıqlaşıb. Sonra isə yatıb, günortaya yaxın oyanırdım. Oyandıqda isə elmi seminaralara gedirdik. Mən elə o zamandan gecə işləməyə öyrəşmişəm ki, indiki vəziyyət mənim üçün əksinə, avantajdır. Çünki indi səhər görüləcək işimiz olmadığından gecə ilə gündüzün də fərqi yoxdur. Biz Şüvəlandakı bağımıza köçmüşük. Şəhərdə evin içərisində deyil, sanki qəfəsdəsən. Amma bağ evində elə deyil, həyətə çıxırsan, səmanı görürsən, yaşıllıq tapırsan. Qəfəsdə deyil, hasar içərisindəsən.


- Koronavirus bitəndən sonra bu dövrü necə xatırlayacaqsınız?

- Ola bilər koronavirusdan sonra buna aid bir neçə şeir yazıb. Hekayə də ola bilər. Mənim üçün koronavirus sırf belə yadda qalacaq. Həmişə tədrislə məşğul olmuşuq, indi də onlayn tədris prosesinə nəzarət edirik.

Aristotel deyib ki, uşaqlara hesab, oxumaq, yazmaq və hər hansı musiqi alətində ifa etməyi öyrədin. Bu insanı ömür boyu xoşbəxt edə bilər.


- Proqnozlara görə, koronavirus dövründən sonra əksər münasibətlər sıfırlanacaq, hər şey dəyişəcək. Görəsən, koronavirusdan sonra ənənəvi “salam, necəsən?” ifadələri də dəyişəcəkmi?

- Mən əksini düşünürəm. Heç nə dəyişməyəcək. Koronavirusdan daha dəhşətli hadisələr olub. İkinci Dünya Müharibəsində milyonlarla insan həlak olub, böyük dövlətlər üz-üzə gəlib. Baxın, yenə insanlar öz işləri ilə məşğuldurlar, münasibətlər davam edir, iqtisadiyyatda dəyişikliklər olur və s.

Məncə, bu məsələ dövlətlər üçün bir növ işarədir ki, insanlara kömək etmək lazımdır. Hesab edirəm ki, koronavirusdan sonra dövlətlər insanlara kömək edə bilərlər, sahibkarlar üçün paketlər hazırlana bilər. İngiltərədə koronavirusun varlığı elan edilən gündən etibarən bütün özəl şirkətlərdə insanların maaşının 80 faizini hökumət ödəyir. Mənim qızım orada yaşayır və kiçik turizm şirkəti var. Onunla söhbətimizdə bu barədə danışdıq. Orada hər kəs bununla razıdır və həyatına davam edir. Bizdə də bu cür addımlar atıla bilər. Məsələn, kredit götürənlərə heç olmasa 6 ay faiz hesablanmamalıdır. Maaşlarla bağlı şirkətlərə güzəştlər oluna bilər və s. Mən bildiyimə görə belə paket hazırlanır.  

İnsanlar isə virusdan sonra normal həyatına qayıdacaq. Unudacaqlar. Həyat öz axarına düşəcək, illər keçəcək, yeni bir virus da gələcək. Onda bir az da tədbirli olacağıq.


- Koronavirus azğınlaşmış insanlığı az da olsa, bərpa edə biləcəkmi?

- Yəqin ki, yox. İnsanlar evə qapanıblar. Dünyada çoxlu sayda işsizlər əmələ gəlir. İnsanlara ehtiyatlı olun deyirlər. Amma insan dəyişmir. 5 min il əvvəlki insanla indiki insanın xüsusi bir fərqli yoxdur. O vaxtın insanı ilə indiki insanın arzu və istəkləri də dəyişmir. Texnologiya, mühit dəyişir, insanlıq olduğu kimi qalır.


- Koronavirusdan dəhşətli nə ola bilər?

- İqlim dəyişmələri. Mən Bakı Dövlət Universitetində tələbə olmuşam. Bəzən qışda o qədər qar yağırdı ki, evdən dərsə piyada gedirdik. İndi o qar yağmır. Qlobal istiləşmə var. Düşünün ki, bir bunun qarşısını ala bilmirik, buzlaqlar əriyir, sahilləri su aparır, insanlar yerini dəyişir, heyvanlar aləmi dəyişir və s. Bu koronavirusdan daha dəhşətlidir. Hökumətlər indi bunu düşünməlidirlər. Amerika ekoloji çirklənmələrlə bağlı müqavilələrə qol çəkməyib. Çünki bunu reallaşdırmaq üçün sənayenin bəzi növlərini bağlamaq lazımdır. Amerika isə hesab edir ki, bu, iqtisadiyyatına ziyandır, dünyadakı iqtisadi yarışdan geri qala bilər.

İqlimə ən çox zərər vuran məhz avtomobillərin havaya buraxdığı qazlardır. İndi ona görə, bütün dünyada elektrik maşınlarının istifadəsi genişlənməyə başlayır.

“Xəzər” Universitetinin nəzdində laboratoriya qurmuşuq, Bakıda havanın çirklənməsini ölçürük. “Euronews”da həftədə bir dəfə dünya şəhərlərinin çirklənmə əmsallarını göstərirlər. Biz müəyyən etdik ki, Bakının havasına görə ən çirkli yeri “Koroğlu” metrostansiyasının yanıdır. Ən təmiz yerlərdən biri isə Buzovnadır.

Səma birdir, Yer kürəsi birdir və çox kiçikdir. Dünyada iqlim dəyişikliyi olsa, hər yerə təsir edəcək. Koronavirusun bu qədər sürətlə yayılmasının səbəbi insanların daim hərəkətdə olmasıdır.Təsəvvür edin, 7 milyard əhalinin 1 milyardı həmişə hərəkətdədir. Bu isə xəstəliyin daşınması deməkdir.


- Koronavirusun vaksininin hazırlanması ilə bağlı iş aparılır. Dünya ölkələri bu məsələni bölüşə bilirlərmi?

- Ümumdünya Səhiyyə Təşkilatı məhz bu işə üstlənib. Təşkilatın nizamnaməsinə görə, hər hansı ölkə virusa, qorxulu xəstəliklərə qarşı dərman tapıbsa, gizlədə bilməz. Vaksin hazırlanarsa, mütləq bütün ölkələrə veriləcək. Amma bu çox çətin məsələdir. Virus öz-özünə hüceyrə deyil, parazitdir. Virus hüceyrənin içərisinə düşür, orada yaşayıb, həyat əldə edir, çoxalır. İmmunitet çox güclü olanda virusla mübarizə aparır, onu kənarlaşdırır. Virusa qarşı vaksin tapmaq üçün onu tədqiq etməlidirlər. Amerikalılar deyirlər ki, 1 ilə vaksin hazırlanması mümkündür. Hər an bir ölkə çıxıb, xəbər yayır ki, vaksin hazırlamışıq. Halbuki, dünyanın elm mərkəzləri var. Hər kəs bilir ki, vaksin ya Amerikada, ya Çində hazırlanacaq.

Pandemiyanın müəyyən qrafiki var. Yaranır, yüksəlir, müəyyən müddət yavaşlayır və aradan qalxır.  Nə zaman ki, virusa yoluxanların sayında stabilləşmə əmələ gələcək, ölüm halı olsa da, yoluxma artmayacaq, onda düşünmək olar ki, virus artıq səngiyir. Ən dəhşətli vəziyyət ABŞ-dadır. Hətta deyilir ki, tədbir görülməsə, Amerikada qısa zamanda 1 milyon insan ölə bilər. Tədbir görülsə, 100-240 min arası itki olacaq.

Virus zəlzələ kimidir. Yenidən qayıtma ehtimalı da var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi