Modern.az

İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT

İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT

Parlament

6 Aprel 2020, 19:31

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkum əfv olunub.

 

Modern.az-a danışan Milli Məclisin deputatları Prezidentin kifayət qədər rezonans doğuran addımını dəyərləndiriblər.

 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev qeyd edib ki, bundan öncə ölkədə karantin rejiminin elan olunmasını nəzərə alan məhkəmələr 200-dən çox məhkumu cəzalarının çəkilməmiş hissəsindən azad edib.

 

"Bu gün isə ölkə Prezidenti daha 176 məhbusu cəzalarının bir hissəsini çəkmələrini nəzərə alaraq, humanizm prinsiplərini rəhbər tutub, əfv edib. Mən Prezidentin bu qərarını alqışlamaqla yanaşı, bunu çətin vəziyyətdə xalqımızın daha sıx birləşməsinə xidmət edəcək bir addım kimi qiymətləndirirəm. İnanmaq istəyirəm ki, həmin şəxslər bir daha qanunları pozub həbsxanaya geri qayıtmayacaq, cəmiyyətimizin inkişafına öz təhfələrini verəcəklər”, - deyə Q.Həsənquliyev bildirib.

 

Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa da hesab edir ki, bu ərəfədə belə bir əfv fərmanının verilməsi bir çox ailələrə sıxıntılı günlərdə sevinc bəxş edilməsi baxımından diqqətəlayiqdir:

 

"Ölkə prezidentinin cəmiyyətdən gələn səslərə bu dərəcədə həssas reaksiya verməsi həqiqətən vətəndaşlar tərəfindən böyük təqdirlə qarşılanır. Əslində bu arada cəzaçəkmə müəssisələrinin özlərinin də problemlərini azaltmaq baxımından bu cür əfv prosedurunun önümüzdəki aylarda da davam etməsi faydalı olardı. İslah olunması mümkün olan insanları müəyyənləşdirmək elə də çətin deyil. Xüsusi komissiya bu istiqamətdə çalışaraq qısa müddətdə lazımi sənədləri tərtib edə bilər. Onsuz da məhkəmə-hüquq islahatları ilə bağlı dəfələrlə ölkə prezidenti məhkəmələrə tövsiyə edir ki, mümkün qədər alternativ cəzalara üstünlük verilsin. Təəssüf ki, məhkəmələrimiz bu çağırışa hələ də həssas yanaşmırlar və cinayət məsuliyyətinə cəlb olunanların böyük bir hissəsi məhz azadlıqdan məhrum etmə cəzası alırlar. Bu göstəriciyə görə biz MDB ölkələri arasında ilk yerlərdəyik. Alternativ cəza mexanizmlərinin yayğınlaşması dövlətin həm də məhkumlar üçün xərclədiyi böyük miqdarda vəsaiti də azaltmış olardı. Bütün hallarda əfv fərmanının məhz bu çətin günlərdə verilməsi xüsusi əhəmiyyət kəsb edir və anlamlı humanist bir addımdır".

 

İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli isə xatırladıb ki, 200 nəfərin məhkəmə qaydası ilə azad edilməsindən sonra o, əfv və ya amnistiya ilə bağlı arzusunu dilə gətirib:

 

"Ona görə, cənab Prezidentin 176 nəfəri əfv etməsi mənim üçün də çox önəmli və xoş addımdır. Hər zaman vətəndaşlar tərəfindən müraciətlər olur. Biz bu müraciətlər barədə Əfv Komissiyasına da məlumat veririk. Ölkə başçısının bu cür humanist addımı bir növ bizim də işimizi yüngülləşdirir. Prezidentin əfv barədə qərarları beynəlxalq ictimaiyyətdə də hər zaman təqdirlə qarşılanır. İndi bu məsələnin aktuallığı odur ki, koronavirusla bağlı 65 yaşdan yuxarı insanların həssaslığı aydındır. Qanunvericilikdə də bu məsələ öz təsdiqini tapdı və ölkə başçısının 65 yaşdan yuxarı məhbusları əfv etməsi onların daha yaxşı qorunmasına yaradılan növbəti şəraitdir. Psixoloji təsir altında olan yaşlı məhbuslar həbsxanada deyil, ailəsinin yanında olsa, daha yaxşı idi. Cənab Prezident məhbusların bu durumunu, onların ailələrinin müraciətlərini, təcridxanada nizam-intizama əməl etmələrini nəzərə alaraq, belə bir qərar verdi. Məhbusların azadlığa çıxması onların gələcəkdə ictimai faydalı əməklə məşğul olmaları üçün də bir şansdır. Mən uzun illər məhkəmə orqanlarında işləmişəm. Məhkumların və onların yaxınlarının azadlığı nə qədər arzuladıqlarının şahidi olmuşam. Ali Məhkəmədə işlədiyim zaman da Əfv Komissiyasına məhbusların əfv olunması ilə bağlı rəylər vermişəm. Proses mənim üçün doğmadır. Ona görə, həm öz adımdan, həm də Vəhdət Partiyasının adından ölkə başçısına təşəkkür edirəm. Əfv tədbirlərinin davamlı olmasını arzu edirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü