Modern.az

Çinin qonşusu olan bu dövlətdə virusdan ölən olmayıb - cəmi 15 yoluxma...

Çinin qonşusu olan bu dövlətdə virusdan ölən olmayıb - cəmi 15 yoluxma...

Ölkə

7 Aprel 2020, 11:06

Bir neçə ay öncə dünyanı lərzəyə salan koronavirus pandemiyası Çindən başladı. İndi Antarktida istisna olmaqla dünyanın demək olar ki, bütün bölgələrində və ölkələrində koronavirus yayılıb.

Modern.az xəbər verir ki, virusun mənbəyi olan Çinlə qonşu dövlətdə - Monqolustanda “Covid-19”a cəmi 15 nəfər yoluxub, 4 nəfər isə sağalıb. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə, Monqolustanda virusdan ölüm halı olmayıb.

Monqolustan ərazisi cənubdan, şərqdən və qərbdən Çinlə həmsərhəddir.

Hələ yanvar aydında koronavirusun yayılması təhlükəsini ciddiyə alan Monqolustan Çin ilə sərhədini bağladı. Sərhəddə avtonəqliyyat və piyada keçid qadağan edildi. Vaxtında görülmüş tədbirlər sayəsində Monqolustan koronavirus bəlasının qarşısını ala bildi.

Martın 10-da Monqolustanda ilk dəfə koronavirusa yoluxma hadisəsi qeydə alınıb. İlk xəstə Monqolustanda işləyən Fransa vətəndaşı olub. Fransadan Monqolustana qayıtdıqdan sonra onun koronavirus xəstəsi olduğu aşkarlanıb.

6 aprel tarixindən etibarən Monqolustanda təsdiqlənmiş 15 hadisə qeydə alınıb. Bütün xəstələrin hamısı xarici ölkələrdən gəlib.


Qeyd edək ki, Monqolustan vaxtilə Çinin işğalı altında olub. Bu tabelilik 1921-ci ilə qədər uzanıb. Həmin il Sovet ordusunun köməyi ilə çinlilər məğlubiyyətə uğrayıblar  və monqol xalqı uzun əsrlik intizardan sonra müstəqillik əldə edib.

1924-cü ildə isə Monqolustan Xalq Respublikası elan olunub. Ulan-Bator (monqolca- qırmızı bahadır) ölkənin paytaxtı elan olunub. Ölkədə sosializm rejimi qurulub.
1990-cı ildə dünya sosializm sisteminin qlobal böhran keçirdiyi zamanda monqol xalqı demokratik islahatlar yolunu seçdib, nəticədə köhnə repressiv sistem çökdü.

Müasir günümüzdə Monqolustan region ölkələri üçün örnək olacaq demokratik quruluşa malikdir. Burada parlament respublikası bərqərar olub. Yalnız bir dəfə, 4 illik müddətə seçilmək hüququ olan prezident böyük səlahiyyətlərə malik deyil. Əsas hakimiyyət mənbəyi qanunverici orqan sayılan parlament və icraedici funksiyaları yerinə yetirən Nazirlər Kabinetidir.
Monqolustan əhalisinin 52 faizi buddist, 3 faizi müsəlmandır. 38 faiz  monqol heç bir dini inanca sahib deyil.

Müasir genetik araşdırmalarına görə, Monqolustanda 16 milyon insan Çingizxan və onun övladlarının törəməsidir.

Ərazisi kifayət qədər böyük – 1,564 milyon kvadrat kilometr olsa da, əhalisi bununla müqayisəyə gəlməz dərəcədə azdır – cəmi 3,2 milyon nəfər.

Monqolustan sərt kontinental iqlimə malikdir. Təsadüfi deyil ki, Ulan-Bator planetin ən soyuq paytaxtalından biri sayılır. Bu səbəbdən sərt qış və quraq yay heç bir monqol üçün gözlənilməz deyil. 

Dünyadakı gərgin geosiyasi proseslər fonunda diqqətdən yayınan Monqolustan bir sıra maraqlı özəlliklərə malikdir.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü