Modern.az

Azərbaycan TV-lərinə ETİRAZ: İnsanları qorxuya salırlar

Azərbaycan TV-lərinə ETİRAZ: İnsanları qorxuya salırlar

7 Aprel 2020, 14:42

Karantin müddətində vaxtın çoxunu evdə keçirdiyimiz üçün gündəlik olaraq əksəriyyət televiziyaya daha çox vaxt ayırır.

 

Bəs maraqlıdır televiziya kanallarının hazırkı formatı necədir və əslində necə olmalıdır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, bu ərəfələrdə qorxu və vahimə yaradan filmlər az yayımlanmalıdır:

 

“Jurnalistlərdə qüsur tuturam ki, küçədə insanlara media nümayəndəsi kimi yox, müstəntiq kimi davranıb, ittiham edirlər. Jurnalistikanın işi bu deyil, jurnalistikanın işi çəkmək, göstərməkdir. Bundan başqa mənə təəccüblü gələn başqa məqam da var. Belə ki, heç vaxt adını eşitmədiyim müğənnilərin bəziləri televizya vasitəsilə xalqa müraciət edir. Başa düşə bilmirəm ki, sosial bazası, pərəstişkarı olmayan elə müğənnilərin müraciəti nəyə və kimə lazımdır. O ki, qaldı qaldı televiziyaların formatına, bu ərəfələrdə qorxu, vahimə yaradan filmlər az yayımlanmalıdır. Onsuz da insanlar psixoloji olaraq gərgindir. Nikbin ovqatlı filmlərə üstünlük verilməlidir ki, camaat stresdən qismən də olsa azad olsun.

Amma onu da deyim ki,  Azərbaycan televiziyalarında son vaxtlar xoşuma gələn məqam o oldu ki, vaxtaşırı köhnə filmlərimizi təqdim edirlər. Bu Azərbaycan filmlərinin çoxu nikbin ovqatdadır. Həm də gənclərimizin çoxu bu filmlərə baxmayıb, belə məqamda onlar vaxtlarını belə filmlərə baxaraq səmərəli keçirə, maariflənə bilərlər”.

 

Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyir ki, köhnə formatda olan və qorxu yaradacaq fantastik görüntülərin yayımlanması düzgün deyil:

 

 

“Epizodik halları nəzərə alaraq bütün televiziya kanallarının işini pis qiymətləndirmək olmaz. Məsələn, çox yaxşı haldır ki, televiziya kanallarımızda daha çox rəsmi xəbərlərə üstünlük verilir, maarifləndirmə işləri aparılır. Amma hiss olunur ki, yaradıcılıq problemi var. Məsələ burasındadır ki, sosial izolyasiya, sosial bacarıqları yüksək olan insanlara mövcud durum onsuz da psixoloji təsir göstərir. Ünsiyyətə meyilli olan, ətrafında çox insan olmasını istəyənlər üçün hazırkı şərait çox ciddi problemlər yaradır. Ona görə də əhalinin əhval-ruhiyyəsini qaldıran, pozitiv xarakterli məlumatların yayımlanması lazımdır.

Eyni zamanda pandemiyanın arxada qalacağı dövrü təsvir edən görüntülər və bu formatda verilişlərin olması mütləqdir. Amma çox təəsssüf ki, biz bu formatı görmürük. Televiziya kanallarının bəziləri əvvəl yayımlanan filmləri təqdim edib fantaziya xarakterli qorxu yaradan görüntüləri yayımlayır. Artıq pandemiyaya qalib gələn, az itki verən ölkələr var. Həmin ölkələrdən görüntülər vermək, müqayisəli təhlillər aparmaq lazımdır. Yəni insanları inandırmaq lazımdır ki, qısa zaman ərzində normal həyata qayıdacağıq”.

 

Psixoloq Nuriyyə Quliyeva deyir ki, cüzi də olsa pessimist ruhlu format bizi depressiyaya apara bilir:

 

 

“Hazırda televiziya kanallarında virusun yayıldığı dövrü əks etdirən filmlər yayımlanır. Düzdür, sonu nikbin olsa da, filmin ümumi gedişatı insanları qorxuya salır. Bəzən insanlar belə filmləri izlədikdən sonra mənə müaciət edirlər ki, yuxum qaçır, yata bilmirəm. Bu kimi film və verilişlərin proqrama daxil edilməsi indiki halda düzgün deyil. Onsuz da hər birimiz gərginlik içərisindəyik. Cüzi də olsa pessimist ruhlu hər hansı veriliş, yaxud da kino bizi depressiyaya aparır və əhval-ruhiyyəmizə mənfi təsir edir.

 

Dövrü əks etditən formatda kino olanda biz özümüzü kinodakı insanların yerinə qoyuruq və düşünürük ki, bizi daha dəhşətli günlər gözləyir. Ümumiyyətlə, səs-küylü, qorxu yaradan filmlər sonu necə bitir-bitsin bizə pis təsir edəcək. Ona görə də televiziyaların proqramına maarifləndirici, müsbət əhval bəxş edən kino və verilişlər daxil etmək lazımdır. Maarifləndirici verilişlərdə insanlara virusdan qorunmağın yolları aşılanmalıdır ki, cəmiyyət özünü bir növ silahlanmış hesab edərək, qorxu hissini dəf edə bilsin”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?