Modern.az

Kembric Universitetinin azərbaycanlı professoru: “Burada sürətli testlər hazırlayıb, mübarizə yollarını axtarırlar”

Kembric Universitetinin azərbaycanlı professoru: “Burada sürətli testlər hazırlayıb, mübarizə yollarını axtarırlar”

Müsahibə

7 Aprel 2020, 15:46

Qərib Mürşüdov: “Ziyalılara müraciət edirəm: yalan xəbərləri yaymayın!"

 

Modern.az Böyük Britaniyanın ən nüfuzlu ali məktəblərindən hesab olunan Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında tədqiqat  qrupunun rəhbəri, həmyerlimiz  professor  Qərib Mürşüdovun "azedu.az"a müsahibəsini təqdim edir:

 

Qeyd edək ki, Böyük Britaniya Kral Statistika Cəmiyyətinin üzvü olan Qərib Mürşüdovun əsas elmi nailiyyətləri müasir statistika üsullarının struktur biologiya eksperimentlərinin analizi və modelləşdirilməsinə tətbiqi, molekulyar saflaşdırma üçün ən geniş yayılmış proqram təminatlarının hazırlanması,  struktur biologiyası cəmiyyətinin istifadəsi üçün bir sıra proqram təminatlarının və alqoritmlərin qurulması  kimi istiqamətləri əhatə edir.

 

1993-2011-ci illlərdə Böyük Britaniyanin York Universitetində çalışıb, universitetin Kimya fakültəsinin Struktural Biologiya Laboratoriyasının professoru olub. Məqalələrinə, o cümlədən proqramlarına olan istinadların sayı 20000-dən çoxdur.  Alim Yaponiya, Amerika , Braziliya, Uruqvay, Çin, Hindistan  və sair ölkələrdə  beynəlxalq kurslar təşkil edib.

  

-Qərib müəllim, hazırda karantin müddətində nə edirsiniz? Məlum hadisələr sizin elmi fəaliyyətinizə mane olub?

 

-Hər kəsi  salamlayıram. Bütün Azərbaycanı bu ağır günlərdə intizamlı və məsuliyyətli olmağa çağırıram.

 

İnstitutumuz qərar verdi ki, məlum səbəbdən hamımız evdə işləməliyik. Biz də buna çalışırıq. Mən öz elmi qrupum ilə hər həftə “Zoom” vasitəsi ilə görüşürəm. Həmçinin, hər biri ilə ayrı-ayrılıqda “zoom” və ya “skype” ilə müzakirələr aparırıq. Bizim işimiz nəzəriyyə və kompütor ilə əlaqədər olduğu üçün  işlərimiz pis getmir. Amma eksperimentlər əsasında işləyənlər üçün indi çox ağır vaxtdır. Bütün beynəlxalq və milli konfranslar təxirə salındığı üçün fikir mübadilələrində müəyyən məhdudiyyətlər var. Amma şəxsən mənim qrupumun işləri çox  da geridə qalmır.

 

-Dünyada mikrobiologiya sahəsində ən çox istinad edilən alimlərdən birisiniz. Birbaşa sizin ixtisasınız sayılmasa da, ümumən, fikrinizi bilmək istərdik: Dünya elmi hazırda pandemiya ilə necə mübarizə aparır? Laboratoriyaların antivirus, vaksin hazırlıqları sizcə, nə zaman öz müsbət nəticəsini verə bilər?

 

-Doğru deyirsiniz, bu, mənim sahəm deyil. Ümumiyyətlə, epidemiya tez-tez baş verir. XXI əsrdə   ən azı beşinci epidemiyadır. Onların ya biri, ya da ikisi pandemiya elan olunub. Amma XXI əsrdə bu virus kimi geniş yayılan xəstəliyə hələ rast gəlinməmişdir.  

 

Epidemiyaların kifayət qədər dəqiq riyazi modelləri var. Əsas problem bir orta xəstənin necə adamı xəstələndirməsi faktorudur. Əgər bu ədəd birdən çoxdursa, onda epidemiya sayıla bilər. Bu virusun adamlar sərbəst gəzəndə yayılma ehtimalı çoxdur. Bunu azaltmaq üçün ancaq bir yol var: İnsanlar arasında məsafənin uzadılması və beləliklə yayılma ehtimalının azaldılması.

 

Vaksin hazırlanması uzun müddət çəkir.  Hazırki qiymətləndirmələrə görə, bunun müsbət nəticəsini bir il və  ya bir il yarımdan sonra  üçün gözləmək olar. Əsas qüvvələr sürətli testlərin və müalicə üçün dərmanların  hazırlanması istiqamətinə yönəldilib. Əgər sürətli testlər mövcüd olsa,  onda xəstələri və onların birbaşa əlaqədə olduğu insanları yoxlamaq, beləliklə də yoluxmanən qarşısını almaq olar.

 

Ümumiyyətlə,  belə pandemiyalar gələcəkdə yenə də olacaq. Bunların qarşısını almaq üçün beynəlxalq təşkilatlar  fəaliyyət göstərməli və hər bir ölkədə yoluxma ilə mübarizə institutları yaradılmalı və orada mütəxəssislərin məsləhəti ilə qərarlar verilməlidir.

 

Bunu qeyd etməl lazımdır ki, pandemiyanın davam etdiyi ərəfədə  analizlər etmək çox çətindir. Çünki bütün parameterləri bilmirik. Ona görə ölkələrin qərarlarının bu yoluxmaya qarşı mübarizədə nə qədər effektiv olduğunu hələ demək olmaz. Amma indiki analiz göstərir ki, elmə və riyazi modellərə əsaslanan qərarlar daha effektividrlər.

 

-Koronovirus sizcə, bütün dünyada elmin nə dərəcədə vacibliyini göstərməklə yanaşı, həm də onun deyilən qədər də güclü olmadığı fikrini yaratmaqdadırmı?

 

-Koronavirus elmin vacibliyini göstərdi. Əvvəl dediyim kimi, pandemiya zamanı  hər hansı analizlər aparmaq çox çətindir. Amma  İspan qripi ilə müqaiysə etsək, görərik ki, indiki yoluxma ilə mübarizədə insanlar və elm və təbabət daha hazırlıqlıdır.

 

İnsaniyyətin gələcəyi ancaq elm və texnologiyanın inkişafından asılıdır.  Hər bir- ölkə və ümumiyyətlə bütün dünya elmin inkişafına kifayət qədər, indikindən dəfələrlə çox maliyyə ayırmalıdırlar ki, gələcəkdə belə fəlakətlərə daha çox hazır olaq. Bunu deyim ki, belə epidemiya və ya pandemiyaların yenidən olması ehtimalı çox yüksəkdir. Elm hələ mükəmməl deyil və çox güman ki, heç vaxt mükəmməl olmayacaq. Buna gürə kifayət qədər maliyyə olmalıdır ki, insaniyyət belə hadisələrə daha çəx hazır olsunlar.

 

-Dünya elminin postkoronovirusdan sonrakı durumunu necə proqnozlaşdırırsınız?

 

-Bu əsasən siyası qurumlardan asılı olacaq.  COVİD-19-dan sonra - bu pandemiya bir gün keçib gedəcək, amma nə qədər qurbanlara səbəb olacaq, bunu  deyə bilmərik - əvvəlcə  koronavirus ilə əlaqədər xeyli analizlər olacaq. Çox güman ki, tibb elmlərinə daha çox maliyyələr ayrılacaq. İnkişaf etmiş ölkələrdə elm və təbabətə daha çox diqqət ayrılacaq. Mən ümid edirəm ki, Azərbaycanda da elmə və təbabətə xüsusi diqqət verməyə başlayacaqlar.

Əvvəl dediyim kimi, belə epidemiyalar dəfələrlə olub. XXI əsrin özündə də indiki kimi bütün dünyanı əhatə etməsə də belə hadisələr olub. Təəssüf  ki, insaniyyatın yaddaşı çox qısamüddətlidir; bu hadisələr bir neçə ildən sonra yaddan çıxacaq və elm isə öz inkişafını davam etdirəcək. Çox istərdik ki, cəmiyyətin maarifləndirilməsi istiqamətində işlər görülsün.

 

 

-Elmi əlaqələriniz çox genişdir: Sizcə, dünyada əsasən hansı ölkə və hansı elmi müəssisələr COVİD-19-la bağlı müsbət addımlar atmaq gücündədir?

 

 

-Əgər yoluxmaya qarşı peyvənd yoxdursa, onda onun yayılmasının qarşısını almaq üçün elm kifayət etmir. Hansı ölkənin bu yoluxmadan az qurbanla çıxdığını yalnız pandemiyadan sonra demək olar. Elm və texnologiya nöqteyi nəzərindən inkişaf etmiş ölkələr tezliklə xəstəxanalar, tibdə lazım olan cihazları hazırlaya bilərlər. Amma hansı ölkənin daha az qurban ilə qurtara biləcəyini hələ deyə bilmərik.

 

-Yaşadığınız ölkənin -İngiltərənin -  təhsil və elm müəssisələri bu günlərdə necə çalışır?

 

-Bütün təhsil müəssisələri uzaqdan təhsil üsulundan istifadə edirlər. Elmi institutlar isə evdən işləyirlər. Əvvəl dediyim kimi nəzəriyyə ilə məşğul olanlar üçün bu o qədər də problem yaratmır. Amma eksperimentlər demək olar ki, dayanıb. Ancaq bu xəstəlik ilə əlaqədər eksperimentlər aparılır. Məsələn bizim institutda eksperiment ilə məşğul olanların bir hissəsi həm sürətli testlərin hazırlanmasında və həm bu virusun quruluşunu öyrənib ona qarşı mübarizə aparmaq üsulların tapılması ilə məşğuldurlar.

 

-Son olaraq, Azərbaycana, ictimaiyyətinə nə kimi sözünüz olardı?

 

-Mən bütün azərbaycanlılara müraciət edərək onları səbrli, intizamlı olmağa çağırıram. Həyatınızda heç vaxt belə olmayıb ki, cəmiyyətin  taleyi  hər bir şəxsdən asılı olsun. Çox güman ki, bu xəstəlik bir və ya bir neçə nəfərdən başlayıb. Ona gorə bir intizamsız adam xəstəliyi yenidən geri qaytara bilər. Əgər özünüzü düşünürsünüzsə, evdə qalın, əgər qohumlarınız haqda fikirləşirsinizsə, evdə qalın, əgər Azərbaycan cəmiyyəti haqda fikirləşirsinizsə, evdə qalın! Dinə inanırsınızsa, inanmırsınızsa, fərq etməz,  evdə qalın. Bütün mübarizələri ancaq virusa qarşı yönəldin. Virusdan sonra yenə mübarizə apararsınız. Kimin düz və ya səhv dediyini onda müzakirə edərsiniz.

 

Bir də, çox xahiş edirəm, yalan məlumatlara inanmayın. Yalan məlumat yayılması prinsipi (riyazi nöqteyi nəzərdən) yoluxma prinsipi ilə eynidir. Bir fərqi var, immunitet yaranmır. Bunun qarşısını alın. Əsasən də  ziyalılara müraciət edirəm: Yalan xəbərləri yaymayın! Bütün xəbərləri yoxlayın. Rəsmi məlumatlara inanın. Belə fövqalədə hallarda yalıan məlumatların yayılması əlavə fəlakətlərə gətirib çıxara bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi