Modern.az

Fəzail Ağamalıdan etiraz: VİDEONU KƏSİB BİZİ HƏDƏFƏ GÖTÜRÜBLƏR

Fəzail Ağamalıdan etiraz: VİDEONU KƏSİB BİZİ HƏDƏFƏ GÖTÜRÜBLƏR

9 Aprel 2020, 20:12

Sosial şəbəkələrdə Ana Vətən Partiyasının Bərdə rayon təşkilatının karantin dövründə əhaliyə pulsuz çörək paylamaq adı altında öz piarını qurması geniş müzakirəyə səbəb olub. Bununla bağlı müzakirəyə çıxarılan videoda həmin partiyanın nümayəndəsi yaşlı adamların qarşısını kəsir, üç çörəyi vermək üçün onları xeyli gözlədir.

Partiya rəhbərliyi isə bunu qəbul etmir.

“Ana Vətən Partiyasının Bərdə rayon təşkilat sədrinin sosial təminatı aşağı olan ailələrə, yaşlı insanlara çörək yardımı etməsini sosial şəbəkələrdə gülüş hədəfinə çeviriblər. Belə bir vəziyyətdə, bunu ancaq səviyyəsiz, yaxşılıqdan anlamayan insanlar bacara bilər”.

Bu fikirləri də Modern.az-a sosial şəbəkələrdə yayılan həmin video haqqında danışarkən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

 

O qeyd edib ki, həmin videonu kəsib, gülüş hədəfinə çevirmək üçün məqsədli şəkildə sosial şəbəkələrdə paylaşıblar:

“Xüsusi karantin rejimi elan olunandan partiyanın rayon təşkilatları insanların evdə qalmasını təmin edəcək bu və ya digər aksiyalara hazırlaşırlar. Bir neçə gün bundan öncə Bərdə rayon təşkilatının sədri aksiyaya başladı. Rayon yerində insanların toyuq-cücəsi, tədarükü  müəyyən qədər olur. Əsasən rayon camaatı gündəlik çörək almaq üçün evindən çıxır. Ona görə Bərdə rayon təşkilatı hər evdə, hər ailə üzvünə 1 çörək olmaqla, 100 imkansız ailəyə, yaşlı insanlara yardım etməyi qərara alıb. Aksiyanı aprel ayının 20-nə qədər davam etdirəcəklər. Bu aksiyaya qoşulmaq istəyənlərin də sayı artıb.
Biz həmin aksiyadan görüntüləri sosial şəbəkələrə reklam üçün deyil, digərlərinə nümunə, təbliğat rolu oynasın deyə yerləşdiririk. Yəni imkanlı şəxslər, rayonlarda yaşayanlar – hər kəs bu cür aksiyalardan nümunə götürüb, bir-birinə kömək etsinlər. Özümüz haqqında müsbət fikir yaratmaq niyyətimiz yoxdur. Buna qalsa idi, indiyə qədər mən özüm, o cümlədən partiya üzvləri yüzlərlə yardımlar həyata keçirmişik. Hansı birini paylaşmışıq?! Hesab edirəm ki, insanlar belə məqamda hansısa təşəbbüsə tənə etmək əvəzinə buna qoşulmağı seçsələr daha faydalı olar”.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir