Modern.az

Koronavirus pandemiyasının musiqi ilə MÜALİCƏSİ…

Koronavirus pandemiyasının musiqi ilə MÜALİCƏSİ…

Mədəni̇yyət

11 Aprel 2020, 08:39

Ariz ABDULƏLİYEV,

Ü.Hacıbəyli adına BMA-nın dosenti, aparıcı elmi işçi


Musiqi terapiyası nədir?


Hələ qədim və orta əsrlərdə Şərqdə musiqi ilə müalicənin ən müxtəlif üsulları, vasitələri tətbiq olunurdu. Musiqi ilə tərbiyə və onunla yanaşı musiqi ilə müalicə Şərqdə təbabət elmi və praktikasının ənənəvi üsullarından biri kimi tanınırdı. Dünya təbabətinin ən görkəmli mütəxəssislərindən, şəxsiyyətlərindən biri İbn Sina da risalələrində musiqi ilə müalicənin təsirlərindən bəhs edirdi. Musiqi terapiyasına musiqi ilə rəqs-hərəkət, musiqi ilə idman, musiqi ilə meditasiya, musiqi ilə yoqa, musiqi ilə əhval-ruhiyyəni pozitivləşdirmək, əmək prosesində musiqi dinləmək və ya oxumaq, musiqi ilə əmək qabiliyyətini artırmaq, musiqi ilə psixoloji və fizioloji bərpa, musiqi ilə psixi sağlamlıq əldə etmək, musiqi vasitəsilə qan təzyiqini və ürək ritmini normallaşdırmaq və s. bu kimi metodlar daxil idi.

Orta əsrlərdən dövrümüzə çatan yazılı abidələrdə - musiqi risalələrində, etik-fəlsəfi, tərbiyəvi-dadiktik, tibbi əsərlərdə musiqi ilə müalicə, musiqinin insan emosiyalarının və psixologiyasının ən müxtəlif tərəflərinə nüfuz etməsi, musiqinin təsiri ilə xəstəliklərin sağalması, hərbi yürüşlərdə, gənclərin tərbiyəsində musiqidən təsiredici vasitə kimi yararlanmaq kimi məsələlərdən bəhs olunmuşdur. Habelə hansı musiqi əsərinin, hansı məqam, muğam və raqaların, hansı melodiya, ritm və intonasiyaların günün hansı vaxtında ifası dinləyiciyə tərbiyəvi və müəalicəvi ənənə, qayda kimi tövsiyə edilmiş, bu zaman daxilində hər bir məqamın müəyyən şəfaverici təsiri göstərilmişdir. Dünya mədəniyyətinin beşiyi sayılan Yaxın və Orta Şərqdə, istərsə də  Hindistan, Çin, Yaponiya kimi qədim Asiya mədəniyyətlərində musiqi ilə xüsusi müalicə metodları elmi və praktik şəkildə geniş yayılmışdı.

Qədim yunanlar da musiqinin təsirinə mühüm əhəmiyyət verirdilər. Hətta Qədim Yunanıstanda musiqi ilə tərbiyə və onun istiqamətlərinin tətbiqi ayrıca elm sahəsi sayılır və şəxsiyyət tərbiyəsində musiqidən istfadə dövlətçilik səviyyəsində vacib bilinirdi. Qədim mədəniyyətin yaradıcılarından olan yunanlar musiqili ünsiyyəti insan şəxsiyyətinin formalaşması üçün zəruri amil adlandırırdılar. Buna baxmayaraq, qədim yunanlarda musiqi ilə müalicə, qeyd olunan Şərq və Asiya ölkələrindəki qədər nəzəri və praktik aktuallığa malik deyildi. Avropada isə musiqisinin tibb sahələrində tətbiqinə orta əsrlərin sonlarında və XX əsrdə müalicə texnologiyalarının və psixologiyanın inkişafı ilə əlaqədar başlanılmışdır.

 

Bir az da pandemiya haqqında...


Dünya XXI əsrdə ayrıca bir tarix yaşamaqdadır. Bütün dünyanı pəncəsinə almış, özünə ram etmiş COVİD-19 virusu, yəni koronavirus (taclı virus) sanki silahsız və taclı hökmdar-sərkərdə kimi "dünya fatehliyi" uğrunda işğal yürüşündədir. "Bəşəriyyətin taclı ölüm kabusu" - koronovirusu belə də adlandırmaq olar. Hələlik bu silahsız, ordusuz, texnologiyasız, siyasətsiz işğalçıya - dünyanı pandemiya müsibəti ilə üz-üzə qoyan taclı virusa qarşı insan zəkası, insan ağlı və imkanları ən müxtəlif tədbirlər görməkdədir. İndi bəşəriyyət, dünya insanı, V.Şeksprin məşhur qəhrəmanının dili ilə desək, "Olum ya Ölüm. Budur məsələ" situasiyasını və seçimini yaşayır. Zaman gələcək, elm adamları, siyasətçilər, həkimlər, bioloqlar və daha kimlər bir vaxt bu virus növünün insan nəslinə kütləvi qırğın silahından da məhvedici təsir etməsindən,  heç bir elmi və hərbi texnologiya qarşısında aciz qalmamasından, onun yaranma, yayılma areallarından və səbəblərindən tarixin xüsusi bir dövrü kimi bəhs edəcəklər, yazacaqlar, ən müxtəlif yozumlar verəcəklər, hətta bugünkündən daha kəskin diskussiyalar aparacaqlar.(Yeri gəlmişkən virusun adındakı "19" rəqəminə şəxsən mən təsadüf kimi deyil, işarə, mesaj, simvol kimi yanaşıram. Bəlkə belədir, bəlkə də yox? Bəlkə də sadəlövh görünür? Nəzərimcə, "19" -  Quran mətnlərinin rəmzi və müqəddəs ədədidir və bunu alimlər də sübut ediblər. Dİgər tərəfdən, "19" - Həsrət Məhəmməd Peyğəmbərin peygəmbərliyini simvolizə edən rəqəmli koddur.  Diqqət edin: dünyanın əyləncə yarışları da, əyləncə, kef, yeyib-içmək, qumar, falçılıq məkanları da dayandı; Bütün dünya ev dustağına çevrildi; İslamı, İslam ölkələrini təhdid edən, bu ölkələri müharibələrə, bomba yağışlarına, kütləvi qırğınlara məruz qoyan, qaçqınlığa məcbur edən, məscidlərə qadağa qoyan ölkələr bir kiçicik virusun əlində acizdən aciz qalıblar. Onun gücündən qlobal siyasi və iqtisadi qurumlar çökdülər, fövqəldövlətlər və qlobalistlər mifə çevrildilər; Quranda buyurulduğu kimi, ruzi insanlara evdə otura-otura qismət ola bildi; Quran nazil olandan 1300 il ərzində ilk dəfə Həcc ziyarəti baş tutmadı və bəlkə də adı Quranda keçən müqəddəs ziyarətin çoxdandır bisnesə, alverə, ədalətsizliyə, dini tələblərə zidd  əməllərə, yalana çevrilməsi nəhayət Rəbbimiz tərəfindən əngəlləndi...)

 

Sosial izolyaziya və onun qaçılmaz fəsadları


Dünya sosial izolyasiyadadır. Bu, insanın şəxsiyyət, psixologiya, sosium, fəalyyət, maddi və mənəvi həyat, əmək və istirahət, maddi rifah, pul qazanmaq kimi təbii və sosial tələbatlarının maksimum dərəcədə izolyasiyaya alınması, yəni məhdudlaşdırılmasıdır. Başqa, sözlə, virusla bərabər virusun yaratdığı təşviş, qorxu və xofun yayım miqyası və sürəti dünyada o qədər ciddiləşib, elə böyük həddə və təhlükə xəttinə çatıb ki, insan hüquq və azadlıqları haqqında qanunlar, konstitusiya aktları, beynəlxalq hüquqi sənədlər onun qarşısında sanki yada  düşmür. Çünki dünya bircə çıxış yolu qarşısındadır: sosial özünütəcrid. Hətta bu özünütəcrid insanın hüquq və azadlıqlarını məhdudlaşdırsa belə...

Dünya sosial izolyasiyada yaşayır. Dünyanı yaşadan, həyatı hərəkətə gətirən insanın təhlükəsizliyi, xilası bütün ölkələrdə dövlət siyasətinin və milli maraqların birinci hədəfinə və məqsədinə çevrilib. İnsan nəsli sağ qalarsa, həyat da, bərpa oluna və davam edə biləcək. Heç şübhəsiz tarixlərdə bir bəla kimi qarşılanan əvvəlki təhlükəli epidemiyalar da bəşəriyyətə canlı itkilərsiz başa gəlməyib. Məhvedici virusların hədəfi  elə həmişə insanlar olub.

Dünya sosial izolyasiyada yaşayır. Özünütəcridin təhlükəsiz, faydalı, müsbət tərəfləri ilə yanaşı (unutmayaq ki, həkimlər psixi və psixoloji xəstəlikləri bəzən özünütəcridlə müalicə edirlər və bu sarıdan stresslərə, psixi gərginliyə, patoloji yorğunluğa malik olan, psixoloji travmalar yaşayan insanlar üçün sosial izolyasiya özünümüalicə baxımdan ən gözəl imkandır), eyni zamanda neqativləri də yox deyil. Sosial təcrid istər-istəməz hər bir insanın psixoloji durumuna, psixikasına, onun fiziki, əqli və əmək fəallığına mənfi təsirsiz ötüşmür. Hər şeydən əvvəl ona görə ki, vacib və uzun sürən sosial izolyasiya canlı sosial kommunikasıyanı çəpərə alır, məhdudlaşdırır. Belə situasiyada insanlar virtual aləmdən, elektron vasitələrdən öz ünsiyyət tələbatını ödəyən vasitə kimi yararlanırlar. Lakin bu vasitələrdə nə qədər imkanlar olsa da, onlar canlı ünsiyyəti - insanın əvəzsiz sosial, psixoloji, mədəni, əmək tələbatlarını əvəz edə bilmirlər.

Özünütəcrid və onun səbəbləri - illah da fəsillərin keçid dövrünün, yaz fəslinin insan orqanizminin üzvlərində, qanda, hüceyrələrdə  təbii dəyişikliklər və yeniliklər oyatdığı, orqanizmin psixoloji, bioloji və fizioloji cəhətdən çox həssas olduğu bir dövrdə  insanda təşviş, həyəcan, nigarançılıq, qorxu, aqressiya, həddən artıq patoloji süstlük, tez-tez yuxuyagetmə kimi emosional hisslər, yaşantılar, fəsadlar oyadır. Özünütəcrid depressiyasız, stressiz də olmur. Hətta zəif iradəli insanlarda apatiya - sonu bilinməyən ümidsiklik, ruhi düşkünlük də yarana bilir.

 

Özünütəcrid şəraitində musiqiyə bağlanmağın zəruriliyi və əhəmiyyəti


Sosial özünütəcridin yarada bildiyi bir çox fəsadların qarşısını almaq, onların təsirini özünüzdə minimuma endirmək istəyirsinizsə, mütləq musiqi ilə aktiv dinləyici ünsiyyəti yaradın.

Pandomiya haqqında dünyada baş verən anbaan statistik dəyişmələr haqqında, yoluxma və ölümlərin sayı barədə siyasətçilərin, bioloqların, jurnalistlərin, din alimlərinin, həkimlərin, artistlərin  və daha kimlərin bir-birinə zidd olan və mütləq mənfi emosiyalar, aqressiv reaksiyalar yaradan aramsız məlumat axınının heç də hamısını dinləməyin. Onların əvəzinə saatlarla musiqi dinləyin.

Bəli, hər gün və günün çox hissəsini musiqi dinləməyə sərf edin. Çalışın oturaq vəziyyətdə dinləyin, yaxud musiqinin ritminə və tempinə uyğun rəqs edə-edə, yaxud rəqsvari hərəkətlərlə, və ya melodiyanı bərabər oxuya-oxuya, xüsusi ləzzət ala-ala gözəl musiqi nümunələrini dinləyin.

Azərbaycanın şən-şux rəqs melodiyalarını səsləndirib rəqs edin, istəsəniz ailə üzvlərinizlə birlikdə rəqs edin.

Yəni musiqi ilə də ünsiyyət qurun, musiqili ünsiyyət də qurun. Skayp vasitəsilə rəfiqələrinizlə, dostlarınızla, yaxınlarınızla birlikdə eyni musiqi sədaları altında rəqs edin. Çalışın yaşlı insanlar da bu musiqi terapiyasında iştirak etsinlər.  

Ruhunuzun, əsəblərinizin dincəlməsi, sakitləşməsi üçün arabir musiqi müşayiətli lirik şeirlər də  dinləməyiniz tövsiyə olunur.    

Musiqi ilə belə fasiləsiz ünsiyyət, yəni onun mütəmadi, davamlı dinlənilməsi istər-istəməz hər bir insan üçün musiqili terapiya aktına çevriləcək.

Təqdirəlayiqdir ki, özünütəcridlə yaşayan insanlara musiqiçilərimiz öz sənət töhfələrini əsirgəmir, mümkün qədər onları öz canlı ifaları ilə əhatələyirlər.

Pandemiya dövründə sosial izolyasiyada yaşadığımız indiki situasiyada musiqi ilə mütləq daimi bağlantınız olsun, ona görə ki, siz musiqi vasitəsilə:

- özünüzdəki stressləri hər dəfə dəf edə bilərsiniz;

- yoluxma təhlükəsindən və xəstəlik haqqında aramsız neqativ informasiyalardan yaranan qorxu, təşviş, nigarançılıq, xof kimi neqativ hisslərinizi özünüzdən uzaqlaşdıra biləsiniz;

- virusun törətdikləri barədə mənfi informasiyaların sürətli axınından yaranan neqativ emosiyaları, duyğuları və düşüncələri özünüzdən kənarlaşdıra bilərsiniz;

- "pandemiya təhlükəsi" psixozundan xilas ola bilərsiniz;

- gün ərzində davamlı olaraq pozitiv emosiyalara, əhval-ruhiyyələrə köklənə biləsiniz;

- əqli və fiziki əmək qabiliyyətinizin aktivliyini qoruya biləsiniz;

- İntellektual fəaliyyətinizin və uğurlarınızın davamlılığına psixoloji və emosional təminat qazana bilərsiniz;

- Gərgin psixoloji yaşantılardan, tənhalıq hisslərindən xilas ola bilərsiniz;

- Özünütəcridin psixiatrik təsirinin qarşısını ala bilərsiniz;

- İnam, nikbinlik, yaxşılığa, xeyirə və sağlamlığıa doğru hərəkət haqqında emosional təsəvvür və duyğularınız genişlənər, daha da möhkəmlənər;

- Musiqi vasitəsilə tez-tez sevinc, şadlıq, ruhi yüksəliş yaşamaqla psixoloji durumunuz normallaşdıra və bədbinlik, qorxu, təşviş, inamsızlıq kimi psixi neqativlərdən qoruna biləsiniz.

- C vitamininiz, serotin hormonunun ifrazı, inam və xoşbəxtlik duyğularınız artar.

Əlbəttə, musiqi ilə fəal, davamlı ünsiyyət sizlərdə özünütəcriddən doğan əsəbiliyi, aqressivliyi, həyacanı da minimuma endirəcək. Musiqiyə mütəmadi, daimi bağlantı inanın ki, özünütəcridin psixoloji, sosial, fiziloji, psixiatrik çətinliklərini də dəf edəcək. Evda qalmaq da tamamilə asan və mümkün olacaq. Evdəqal zəruriliyi daha xalqmızın məsuliyyətsizlik göstəricisi kimi yozulmayacaq. 

Bir şərtlə ki, tövsiyə olunan təhlükəsizlik və gigiyena qaydalarına həmişə ciddi əməl edəsiniz.


Bir qədər də MUSİQİ GENETİKASI haqqında


Musiqi geneologiyası (musical geneology) maraqlı olduğu qədər də çətin və vacib sahədir. Onun mütəxəssisləri, araşdırıcıları təəssüf ki, zənn etdiyimizdən də çox azdır. Qısası, "musiqi genetikası" insanın, cəmiyyətin bioloji, sosial, mənəvi və ruhi genləri ilə sıx şəkildə bağlıdır və musiqi geneologiyası bu bağlılıgı, onun səbəb-nəticə əlaqələrini, cəmiyyət üçün əhəmiyyətini, musiqi incəsənəti üçün rolunu araşdırır. Musiqi-genetik daşıyıcılar insan genləri, şüuralı yaddaş və etnopsixoloji yaddaş da ötürülə bilir.   

İnsan hələ danışmağa başlayana qədər, onda təbii ritm, intonasiya, işarə duyumları var idi. Musiqi genetikası insanlara musiqini nəinki sevdirir, hətta doğmalaşdır, onu musiqidən asılı vəziyyətə salır, onu düşündürür, ona çətin vaxtlarında yardımçı olur, tənha vaxtlarında dost, həmdəm ola bilir, ağrılarını müalicə edir... Musiqi genetikası musiqini işarəyə, informasiyaya, genetik proseslərə, universal genetik kodlara çevirə bilir. Musiqi genetikası insanın şüuraltı proseslərinə dərin nüfuz edə bilir. Musiqi genetikası musiqini insanın həyat tərzinə, gündəlik mənəvi qidasına çevirir. Musiqi genezisi insanı sevindirə, sevdirə, kədərləndirə və ağlada bilir. Hətta səslərin gurluğu və tezliyi insanı öldürə də bilir. Musiqi genetikası insanı hərbi yürüşlərə, qələbələrə aparır. Musiqi insan yaddaşını bərpa edə bilir. Hətta zənnimcə bir zaman gələcək ən ağır xəstəlikləri də xüsusi musiqi intonasiyaları, xüusi ritmlər, janrlar - müəyyən musiqi kodları ilə sağaldacaqlar. Sosiumun, kosmosun, təbiətin, universal qanunların başlanğıcında musiqi (səs) genetikası olmasaydı, musiqinin terapevdik, müalicəvi təsiri də olmazdı. 

 

 Pandemiya, İnsan, Musiqi, yaxud Musiqi antivirus kimi  


Musiqinin ən müxtəlif növləri, janrları, üslubları, ritmləri, melodiyaları var və hər biri də öz bədii gözəlliyi, öz təsir qüvvəsi, öz məzmunu ilə seçilir.

Caz, blyuz və onların növləri, möhtəşəm ifaçıları...

Xalq musiqisi, muğamlar, onların möhtəşəm ifaçıları...

Lirik və şən xalq rəqsləri, xalq mahnıları...

Pop, rok, hip-hop, reqqi, disko, latina, janson və növləri, ifaları...

Klassik musiqi: Vivaldi, Bax, Hendel, Haydn, Mosart, Bethoven, Şopen, Şuman, List, Qriq, Berlioz, Mendelson...

XX əsrin klassikası...

Lirik estrada, klassik estrada, çağdaş estrada musiqisi...

Azərbaycan bəstəkarlarının ən müxtəlif janrlarda musiqi əsərləri, mahnıları...

Türkiyə, Rusiya, Avropa estrada təmayülləri və saysız ifalar...

Orta Asiya xalqlarının musiqisi...

İranın, Türkiyənin xalq musiqisi, əsrarəngiz muğamları, ifaçıları...

Hindistanın, Çinin, Qədim Tibetin meditasiya musiqisi...

Şən, oynaq melodiyalar... Lirik mahnılar...

Lirik instrumental kompozisiyalar...

Lirik, axıcı, ruhsal instrumental aşıq havaları...

Hələ üstəlik ney, qanun, saz, tar, kamança, çəng, səntur, balaban, skripka, fortepiano, violonçel,  fleyta, girata, saksofon...   

Azərbaycan görkəmli müğənniləri və xanəndələrinin ifası...

Vaqif Mustafazadə...

"Qaya", "Sevil", "Dan ulduzu", "Rast", "Qaytağı"....  

Və daha nələr və daha kimlər.

Bir sözlə, sosial təcrid şəraitində yaşamağa məhkum olsaq da, qarşımızda on min illik tarixi olan dünyanın, ölkələrin, xalqların, dövrlərin, cərəyanların, ənənələrin, üslubların, janrların, ifaların, bəstəkar yaradıcılığının, remaksların, İnternet resurslarının saysız-hesabsız musiqi nümunələri var. Bu ki nəhzyətsiz bir dünyadır. Bu ki sosial ünsiyyətdir. Bu ki bədii-estetik gözəllikdir. Bu ki gözəlliklərlə, ruhumuzun səslərilə ünsiyyətdir. Bu ki bizi qoruyan, bətnimizdə, ruhumuzda, təhtəlşüurumuzda, şüurumuzda, yaddaşımızda köklənmiş kosmik harmoniya və dünya sazı, yəni  musiqi genetikası vasitəsilə canlı özünütəcrid fəsadlarının yox edilməsinin hədsiz imkanlarıdır.

Elə indicə musiqiyə bağlanın vaxt itirmədən. Evdə musiqi, yolda musiqi, işdə musiqi.

Musiqini ya açıq səslənmədə, ya da qapalı, yəni qulaqcıqla  dinləyin. Amma mütləq dinləyin.

Elə indicə musiqiyə bağlanın. Musiqini dinləyin saatlarla, günlərlə, aylarla.

Musiqiyə bağlanın hər saat, hər gün və saatlarla.

Musiqi - Allahın insana bir əvəzsiz lütfüdür, bəşəriyyətə mənəvi bə psixoloji xilasıdır. Musiqi insanı sağalda, təmizləyə bilən müalicədir, ruhumuzun, mənəviyyatmızın, əqlimizin, fəallığımızın, nəhayət sağlamlığımızın qidasıdır.

Musiqi -  əvəzolunmaz səsli antivirusdur.

İndi İnternetdə, televiziyada immuniteti  gücləndirməklə bağlı saysız həkim, dietoloq tövsiyələri verilir. Hamısı da insandan yaxşıca pul tələb edən qidalardır.  Amma...

Amma musiqi ilə immun sisteminizi də möhkəmədə bilərsiniz - buna tamamilə inanın. Yetər ki, mütəmadi olaraq, hər gün müxtəlif musiqi nümunələri dinləyəsiniz, musiqi sədaları altında ürəkdən rəqs edəsiniz, secinc hisslərilə oxuyasınız. Vəssalam.

Tələsin! MUSİQİYƏ BAĞLANIN! Mütləq bağlanın!                                      

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir