Modern.az

Hərbi formalı şəxslər.., onlar evləri sökə, insanları döyə bilərlərmi?

Hərbi formalı şəxslər.., onlar evləri sökə, insanları döyə bilərlərmi?

Aktual

25 Aprel 2012, 14:48


Bir müddət əvvəl Sulutəpə hadisələrində ARDNŞ-ə məxsus hərbi geyimli bir qrupun sakinlərlə əlbəyaxa olması mətbuatın diqqətini çəkmişdi. Əyinlərdə yaşıl mundirlər olan bu “hərbçilər” təkcə sənədsiz evləri sökmürdülər, həm də arvad-uşağı, kişiləri, hətta jurnalistləri döyürdülər. Şübhəsiz ki, bu mənzərə hadisəni kənardan seyr edən, telekanallardan, mətbuatdan izləyən gənc nəsildə, xüsusilə uşaqlarda xoşagəlməz hislər, söz-söhbətlər yaratdı. Halbuki, müharibə aparan ölkə olduğumuzu vurğulayaraq, gənclərdə hərbi geyimə müsbət münasibətin formalaşması üçün, onun geyinməyin necə qürurverici olduğunu aşılayan təbliğat aparırıq.

Bəs hərbi geyimli qrupun vətəndaşların evlərinə hücum etməsi, söküntü işlərilə məşğul olması nə dərəcədə  düzgündür? Yeri gəlmişkən, Bakıda bəzi hallarda tikintidə çalışan fəhlələrin, mənzil-kommual xidməti göstərən qurumların zibildaşıyanlarının da əynində hərbçi paltarları görürük. Həm cırılıb sökülmış, həm də səliqəsiz bir halda.... Bəs qanunla bu geyimləri kimlər geyinə bilər?  

Millət vəkili Fazil Mustafa
hesab edir ki, Azərbaycanda olduqca çoxlu sayda hərbi geyimli işçilər, qüvvələr var. “Dünyanın heç bir yerində bu qədər hərbi geyimli qüvvələr yoxdur. Bu,  ölkənin sivil bir respublika olması haqqında təsəvvurləri dəyişir, əslində çox yalnış bir haldır. Hərbi geyimləri ancaq hərbiləşmiş strukturlar geyinə bilər. Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri geyinə bilər. Amma digər qurumların bu formaları daşıması doğru deyil”.
Deputatın sözlərinə görə, hər kəs öz qurumunda özünün görüntüsünü dəyişməklə məşğul olur, bu da dövlət idarəetməsi baxımından düzgün hal deyil.
”Bu ölkə sivil bir ölkədirsə, bunlar yığışdırılmalıdır. Adi vətəndaşların hərbi forma geyinməsi onların fərqlənmə meylindən irəli gəlir, amma əslində insanlar bir-birindən düşüncə tərzinə görə fərqlənməlidirlər. Fəhlələrin  təhlükəsizlik baxımından bu geyimi geyməsinin ziyanı yoxdur, amma hansısa bir dövlət imtiyazlarından istifadə edirsə, buna yol vermək olmaz”.
Deputat onu da əlavə edib ki, hər bir insan geyimini özü seçir. “Bu mülki məsələdir, əgər bu geyimlər satışda varsa, istənilən adam ala  bilər. Əgər bu geyimdən başqa məqsədlər üçün istifadə edilərsə, bunun üçün vətəndaş artıq məsuliyyət daşıyır. Hərbi geyimli şəxslərin icazəsiz evlərə daxil olması kimi hallar isə yolverilməzdir”.

Hərbi ekspert Cəsur Sümərinli isə qeyd edib ki, Sulutəpədə olan hadisədə iştirak edənlər hərbi geyimli adamlar olmayıb.
“Onların geyindikləri forma xüsusi hazırlanmış formadır. Hər bir təhlükəsizlik  strukturu özünə müvafiq tərzdə geyim sifariş verə bilər. O baxımdan onların geyindikləri geyim həm  rənginə, həm də formasına görə, Azərbaycan Silahlı Qüvvələrinin geyimindən fərqlənir”.
Onun sözlərinə görə,  hərbi geyimləri yalnız Azərbaycan Milli Ordusu və qanunvericilklə nəzərdə tutulmuş digər silahlı qüvvələr geyinə bilər.
“Müdafiə Nazirliyinin hərbi hissələri, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin taboru, Milli Təhlükəsizlik Nazirliyinin xüsusi hərbi qüvvələri, Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunları,  Milli Qvardiya hərbi forma geyinə bilər. Bu geyimlər də Prezidentin sərəncamı ilə təsdiq olunur. Bu geyimləri heç kim poza bilməz və icazəsi olmayan kimsə istifadə edə bilməz”.
Fəhlələrin bu geyimlərdən istifadənin qanunsuz olduğunu deyən ekspert  bildirir ki, həmişə bu cür halların əleyhinə olub.
“Onlara qarşı ölçü götürülməlidir, kimsə rəsmi hərbi geyimdəm hansısa bir qeyri - uyğun formada görünmək üçün istifadə etməməlidir. Bu kimi məsələlər həm ordunun nüfuzuna zərbə vurur, həm də  cəmiyyətdə hərbi vəzifənin prestijini aşağı salır. Bu həll olunmamış problemlərdən biridir. Bununla bağlı tədbirlər görülməlidir. Polis bununla  bağlı hər hansı  bir tədbir görə bilər. Həmin hallar faktiki olaraq, hərbi geyimdən sui-istifadədir. Ümumiyyətlə, hərbi paltarı yalnız hərbi xidmətdə olan şəxslər və Prezidentin sərəncamı ilə bu hüquqa malik olan şəxslər geyinə bilər”.  

Nihadə Eyyubova
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı