Modern.az

KXCP sədri: “ABŞ-a gedib-getməmək barədə qərar vermişəm”

KXCP sədri: “ABŞ-a gedib-getməmək barədə qərar vermişəm”

Aktual

25 Aprel 2012, 16:47

Mirmahmud Mirəlioğlu: “Nümayəndə heyətinin tərkibi hələ dəqiqləşməyib”

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının nümayəndə heyəti may ayında ABŞ-a səfər edəcək. Bu barədə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu səfərlə bağlı Modern.az-a açıqlamasında bildirib. M.Mirəlioğlunun sözlərinə görə, müxalifət nümayəndələrinin ABŞ-a səfəri heç də təsadüf deyil, çoxdan gözlənilirdi.

KXCP sədri qeyd edib ki, səfərlə bağlı nümayəndə heyətində müzakirələr aparılsa da, yekun qərar qəbul edilməyib:

“Qeyd edim ki, müzakirələrdə ABŞ-a səfər haqqında qərar qəbul edilmədi. Səfərin baş tutması ilə bağlı məsələlər müzakirə olundu. Biz istəyirik ABŞ-a səfər başa çatandan sonra səfərin detalları ilə bağlı ətraflı məlumat verək”.
 Səfərin dəqiq vaxtının müəyyənləşmədiyini deyən M.Mirəlioğlu qeyd edib ki, may ayının 10-a kimi baş tutacaq.

KXCP sədri ABŞ-a gedəcəyi ilə bağlı yayılan fikirlərə münasibət bildirərək bu haqda danışmaq istəmədiyini deyib.

“Qeyd edim ki, səfərdə iştirak edəcək heyətin tərkibi ilə bağlı məsələ dəqiqləşməyib. Mən gedib-getməmək haqda qərar vermişəm. Amma bu haqda açıqlama da vermək istəməzdim.

Səfərlə bağlı bizim razılaşmalarımız var. Biz əvvəlcədə planlaşdırmışıq”-deyə M.Mirəlioğlu vurğulayıb.

Xatırladaq ki, bir neçə gün bundan öncə KXCP-nin mənzil  qərargahında DCMUH İdarə Heyətinin növbəti yığıncağında nümayəndə heyətinin ABŞ-a bu günlərdə reallaşacaq səfəri ilə bağlı qərar qəbul olunub. Nümayəndə heyətinin ABŞ Dövlət Departamentində, Senatda, Konqresdə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycandakı siyasi vəziyyət və növbəti seçkilər, seçki qanunu ilə bağlı müzakirələr aparılacağı gözlənilir.

Qeyd edək ki,  Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının tərkibinə Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi, Aydınlar, Liberal Demokrat, Azadlıq partiyaları daxildir.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!