Modern.az

“Mixaylo”nun ölümündən 7 il keçir

“Mixaylo”nun ölümündən 7 il keçir

12 Aprel 2020, 10:48

12 aprel tarixi Azərbaycanın Xalq artisti, görkəmli teatr və kino aktyoru Nodar Şaşıqoğlunun ölüm günüdür. Modern.az-ın məlumatına görə, acar əsilli aktyor 12 aprel 2013-cü il tarixində Bakı şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Nodar Şaşıqoğlu 1927-ci ildə Tiflisdə anadan olub. Babası Acarıstanda tanınmış zadəganlardan olub, atası isə çar zabiti. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb.

N.Şaşıqoğlu acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. 

Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950–1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957–1962-ci illərdə “Azərbaycanfilm”, “Mosfilm” və digər kinostudiyalarda çalışıb, 1962–1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub. 1973-cü ildən etibarən kino fəaliyyəti ilə yanaşı o, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Müxtəlif film çəkilişlərində iştirak edən Nodar Şaşıqoğlu 1981–1991-ci illərdə yenidən Puşkin adına Leninqrad Akademik Dram Teatrında çalışıb.

2003-cü ildən ömrünün sonunadək o, öz sənətkar taleyini Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlayıb.

Nodar Şaşıqoğlunun ilk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İskəndərbəyov haqqında çəkilən filmdə olub. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fateh obrazını yaradıb. 

“Onun böyük ürəyi”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Səhər”, “Bimiz küçə”, “”Telefonçu qız”, “De ki məni sevirsən!” və.s filmlərdə biri-birindən maraqlı obrazlar yaradıb.

Nodar Şaşıqoğlu sənət aləminə qədəm qoyduğu ilk günlərdən istedadlı aktyor kimi tanınıb, böyük peşəkarlıq və yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin qəlbinə yol tapıb. O, teatr və kino aktyoru olaraq oynadığı müxtəlif rolları ilə tamaşaçıların hüsn-rəğbətini qazanıb.

Azərbaycan tamaşaçıları onu daha çox “Uzaq sahillərdə” filmində oynadığı “Mixaylo” obrazı ilə yadda saxlayıb. Rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı bu filmdə Nodar Şaşıqoğlu Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə - “Mixaylo” rolunun öhdəsindən məharətlə gəlib.

Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

N.Şaşıqoğlu 12 aprel 2013-cü ildə  Bakıdakı evində vəfat edib.

Aktyor 4 dəfə evli olub və bu evliliklərdən iki oğlu dünyaya gəlib.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi