Modern.az

Rəşad Mahmudov ittihamlardan yazdı: “Bunu qətiyyən ədalətli saymaq olmaz” 

Rəşad Mahmudov ittihamlardan yazdı: “Bunu qətiyyən ədalətli saymaq olmaz” 

Parlament

12 Aprel 2020, 23:09

"Son dövrlər bəzi kütləvi informasiya vasitələrində və xüsusən də, sosial şəbəkələrdə Milli Məclisin deputatlarına qarşı əsassız tənqid və hətta təhqirlərə yol verilməsi hallarının artması ilə əlaqədar fikirlərimi bölüşməyə ehtiyac duyur, deputatların vəzifələri və səlahiyyətləri barədə cəmiyyətə məlumat verməyin faydalı olacagı düşüncəsindəyəm. Deputatdan istənilən tələblərin kökündə onların vətəndaşlara maddi yardım etməyə və bu barədə cəmiyyətə hesabat verməyə borcu olmaları barədə fikirlər qabardılır, deputatlar barədə mənfi fikirlər formalaşdırmağa cəhd edilir".

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili,
Tibb elmləri doktoru  Rəşad Mahmudov bildirib.

Rəşad Mahmudov qeyd edib ki, COVİD-19 adlı dəhşətli bir təhlükə bütün dünyaya meydan oxuduğu bir dövrdə cəmiyyətin hər bir üzvünün mərhəmətli olmaq, xəstəliyin yayılmasının qarşısının alınmasında töhfəsini vermək, cəmiyyətə müsbət impulslar ötürmək, imkanı olan şəxslərin isə həm də ehtiyacı olanlara yardım etmək kimi bir insani, bir vətəndaşlıq, bir mənəvi borcu vardır: "Cəmiyyətin avanqard üzvləri kimi deputatlar da özlərinin vətəndaşlıq, insani və mənəvi borclarını dərindən anlayır və yerinə yetirirlər, lakin bunların deputatın vəzifə borcu olmasını düşünmək və bununla bağlı hesabatlar istəmək cəhdləri yanlışdır. Qeyd etməliyəm ki, iş adamları, sahibkarlar, hüququ və fiziki şəxslər fərdi qaydada, konkret şəxslərə yardım etməkdə, bu barədə məlumatlar və hesabatlar yaymaqda sərbəst olduqları halda, qanunvericiliyin tələblərinə görə deputatlara, onlara təklif edilən hədiyyələrin qəbulu qadağan olduğu kimi, hər hansı fiziki və ya hüquqi şəxsə hədiyyələr təklif etməsi də qadağan edilib.

Buna görə də, deputatlar etdikləri yardımları fərdi qaydada kiməsə maddi yardım vermək şəklində deyil, ümumi qaydada, müxtəlif hesablara və təşəbbüs qruplarına ianə verilməsi şəklində həyata keçirir və buna görə hesabat verməyə borclu deyildirlər.
Eyni zamanda, bəzən deputatlardan yol çəkmək, təmir işləri aparmaq, maddi yardım etmək, abadlıq işləri aparmaq, cehiz almaq, elektrik və qaz sərfiyyatına görə borcları ödəmək və onlarla sadalamadığım digər xarakterli şəxsi istəklər olur ki, bunların yerinə yetirilməsi nəinki deputatların səlahiyyəti xaricindədir, əksinə onun tərəfindən yerinə yetirilməsi qanunaziddir. Bunlara görə deputatların qınanmasını, tənqid və çox vaxt təhqir atəşinə tutulmasını qətiyyən ədalətli saymaq olmaz.

Deputatların səlahiyyətləri və vəzifələri çox aydın şəkildə Azərbaycan Respublikasının Konstitusiyasında, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında göstərilmişdir. Belə ki, deputatın Milli Məclisin və onun orqanlarının iclaslarında iştirak etmək, Milli Məclisin müzakirə etdiyi bütün məsələlərə dair səs vermək, fikrini bildirmək, təkliflərini və qeydlərini vermək, qanunvericilik təşəbbüsü ilə çıxış etmək, dövlət orqanlarına sorğular vermək, məlumat almaq və yaymaq kimi səlahiyyətləri, vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumaq, Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını rəhbər tutmaq, deputatların etik davranış qaydalarına əməl etmək kimi hüquqları vardır".

"Buna görə də, cəmiyyətin bütün üzvlərinə səslənərək xahiş edirəm ki, istək və tələblərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunlaşdırsınlar, əsassız tələblərdən, xüsusən böhtan və təhqirlərdən çəkinsinlər, normal vətəndaş cəmiyyətinin qurulmasında töhfələrini versinlər.

Əminəm ki, Cənab Prezidentimiz və Mehriban xanımın arzuladığı və hədəflədiyi iqtisadi-siyasi və sosial tərəqqiyə qanunverici, icraedici orqanlar və cəmiyyətin hər bir üzvünün şüurlu, qanuna və əxlaqa əsaslanan qarşılıqlı münasibəti və fəaliyyəti zəminində nail olunacaqdır",- deyə R.Mahmudov qeyd edib.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu