Modern.az

“Parlamentdə Pənah Hüseynə qarşı tədbir 2-3 il əvvəl görülməliydi...”

“Parlamentdə Pənah Hüseynə qarşı tədbir 2-3 il əvvəl görülməliydi...”

8 Yanvar 2010, 18:58

“Milli Məclisin deputatı Pənah Hüseynin spiker tərəfindən söz verilməməklə cəzalandırılmasını normal qiymətləndirirəm. Belə qərar ən azı 2-3 il qabaq verilməliydi”. Modern.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) intizam komissiyasının üzvü Musa Quliyev bildirib.

Onun sözlərinə görə, deputatın statusu, vəzifəsi, intizamı və ən əsası, deputat etikası var: “Ona görə ola bilməz ki, kimsə xüsusi səlahiyyətə malik olsun. Bu, adi bir qaydadır və İntizam Komissiyasının üzvü kimi sədrə də müraciət etdiyim vaxtlar olub ki, belə hallarda məsələyə baxmaq üçün bizə təqdimat versin. Sədr də çox zaman deyib ki, gəlin bir-birimizi yola verək, başa düşək... Bu o demək deyil ki, Pənah Hüseyni deputatlıq hüququndan məhrum, ya Məclisdən xaric edirik. Bu, bir intizam tədbiri kimi seçilib və çox normal haldır. Bilirsiniz, parlamentdəki belə yersiz debatlar, gərəksiz çəkişmələr cəmiyyətdə də birmənalı qarşılanmır. Pənah Hüseyndən başqa, heç bir deputat söz verilmədən çıxış etmir, replikalar atmır...”.

Deputat bildirib ki, mikrofonsuz danışmaq istəyən deputat varsa, gedib Türkiyə parlamentində və yaxud digər parlamentlərdə bunu etsin: “Başqa parlamentlərdə kimlərsə nələrsə edirsə, onu bizimkilər də təkrarlamalı, etməlidirlər ki? Cənubi Koreya parlamentində çıxıb bir-birinin saçını yolurlar, Yaponiya parlamentində bir-birinə karate nümayiş etdirilər.  Hətta, elə parlamentlər var ki, orada bir-birinin ünvanına söyüşlər söyür, üzərlərinə stəkan da atırlar... İndi biz onları niyə təkrar etməliyik? Bizim parlamentin özünün daxili nizamnaməsi, milli etika qaydaları var və biz onlara riayət etməliyik. Məclisin ağsaqqalı olaraq onun sədrini, Oqtay müəllimi seçmişiksə, o zaman onunla da razılaşıb hərəkət etməliyik. Heç vaxt olmayıb ki, Pənah Hüseyn çıxış edəndə, sədr onun mikrofonunu söndürsün, Oqtay müəllim ona axıra kimi qulaq asıb”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir