Modern.az

O vaxtadək Tanrıya əmanət ol, mənim Şuşam!

O vaxtadək Tanrıya əmanət ol, mənim Şuşam!

28 Aprel 2012, 15:19

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazılıb

Soyuq qış fəsli, zülmət bir gecə... Göylər ah çəkir, buludlar aglayır. Şuşa daş qəfəsdədir, elə hey qolundaki zəncirləri qırmaq üçün çırpınır. Şəhərin çal-çağırlı günlərini qəribə bir sükut əvəz edib.Torpaqlar üzərində dərd bitirir. Şuşa haray çəkir: ”Məni xilas edin” deyir. Qəlbimdəki vətən həsrətinin qığılcımları daha da alovlanır, mən vətənimi xilas etməliyəm deyərək ona tərəf gedirəm. Bu zülmətin sonu yoxdurmu deyə haray çəkirəm. Elə bu an qeybdən bir səs eşidilir: ”Hər qaranlıq gecənin bir aydın səhəri var. Zülmətin sonu yaxınlaşır. Vüsala az qalıb, tələsmə”. Qəlbimi təlatüm bürüyür. Elə hey sağa-sola boylanıram, birdən nurani simalı, ağ libaslı bir nəfəri görürəm. Məğrurcasına dayanan, təbəssümlə mənə baxan bu insan ümummilli liderimiz Heydər Əliyevdir. Bu simada, bu səsdə bir doğmalıq hiss edirəm. O an özümü dünyanın ən xoşbəxti sanıram. ”İrəli bax, qızım” deyir, bu doğma səs. Elə bu an keçmişdən gələcəyə doğru bir pəncərə açılır, qəlbimin döyüntüləri daha da artır, o pəncərədən boylanıb baxıram. Gördüklərim məni heyrətə gətirir: Gözəl bir yaz səhəri. Xarıbülbülün, bənövşənin, nərgizin ətirləri bir-birinə qarışıb. Sərin meh əsir, quşların nəğməsi eşidilir, hər tərəfdə. İsa bulağından süzülüb gələn saf su dərdimizi-qəmimizi yuyub aparır. Şəhər çal- çağırlı günlərini yaşayır əvvəlkitək. Cıdır düzü, Topxana meşəsi insan izdihamına şahidlik edir. Şuşadan Qarabağ şikəstəsinin səsi eşidilir. Bu səs dağları-daşları yerindən oynadır. Bu səs  hər zaman olduğu kimi yenə kövrəldir bizi. Fəqət, indi gözlərimizdən sevinc göz yaşları axır.

Qəfil bir səs məni yuxudan oyadır. Televizorun səsi... Ekranın o biri tərəfində diktor qız danışır: ”Bu gün Şuşanın işğalından 20 il ötür”.

Qəhər məni boğur, bütün bunlar yuxuymuş deyə düşünürəm, yuxumda eşitdiyim sözləri xatırlayıram. Ümummilli liderin siması canlanır gözlərimin önündə. Qəlbim rahatlıq tapır o an. Bəli, mən inanıram bu yuxu gerçəyə dönəcək. Bunu mənə qəlbimdəki vətən sevgisi deyir, bunu mənə Heydər Əliyevin doğma səsi deyir, ən nəhayət bunu Mübarizlərin, Fəridlərin ruhu deyir. Şuşasız qaldığımız illər bizə ağrını-acını öyrətdi,s anki varlığımızı əlimizdən aldılar. Vətənimizdən ayırdılar bizi, o gündən kədərə qərq oldu həyatımız.

Həyat nə əzabdır, nə də əyləncə. Həyat sevinclə kədərin vəhdətidir, o bizi həm ağladır, həm də güldürür, amma nədənsə həyat bizə daha çox göz yaşları axıtmağı öyrədir. Həyat fəlsəfədir, dərinliyinə vara bilmədiyimiz, həyat yoludur. Həyat adlı imtahanın bu sınağından müvəffəqiyyətlə keçəcək və Şuşamıza qayıdacayıq.

Şuşa Azərbaycanın dilbər guşələrindən biridir. Şuşa bizə tariximizin əmanətidir. 18-ci yüzillikdə Azərbaycanda yaranan xanlıqlardan biri də Qarabağ xanlığı idi. Qarabağ xanlığının banisi Pənahəli xan olmuşdur. Azərbaycanın qədim yaşayış məskəni olan Şuşa yaxınlığında yeni qala üçün yer seçildi.1757-ci ildə yeni qala tikildi. Xan qalaya öz adını verərək onu “Pənahabad” adlandırmışdı .Sonradan şəhər özünün qədim adı ilə Şuşa adlandırıldı.

1992-ci il mayın 8-i tariximizə qara hərflərlə yazıldı. Bizi Şuşamızdan ayırdı təqvimin bu günü. Vətən sadəcə üzərində yaşadığımız torpaq deyil. O, bizim canımızdır, qanımızdır. Vətəndən kənarda xoşbəxtlik yoxdur. Şuşasız qaldığımız illər bizə ağrını-acını öyrətdi. Vətənsiz yaşamaq yaşamaq deyil, mövcud olmaqdır sadəcə. Həmən gün sanki diri-diri dəfn etdilər bizi. Dərdimizin dərmanı vüsalımız olacaq. Şuşa həsrəti, Şuşa nisgili şeirlərə, misralara köcdu. Rəsul Rza özünün “Şuşam mənim” adlı şeirində bu şəhərin gözəlliyini tərənnüm etmişdir:

            Sinəsi qabarıq nağıllardan gəlmiş,
            Pəhləvandır Şuşam mənim
            Mərdliklə, gözəlliklə qoşam mənim.
            Yüz bir Şəhər adı çəkim
            Gözəllikdə sənə tay olarmı?!
            Vətən adlı doğma yurddan
            Püşk olarmı,pay olarmı?!

Bəli, biz Şuşanı daş qəfəsdən azad edəcəyik. Bunu bizə Azərbaycanın hərbi potensialı deyir, bunu bizə siyasi-iqtisadi uğurlara imza atan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasi fəaliyyəti deyir. Dövlət başçısının həyata  keçirdiyi uğurlu  siyasətin nəticəsi olaraq ölkəmiz günü-gündən inkişaf edir, beynəlxalq aləmə inteqrasiya edir. Bütün bunlar bizim inamımızı daha da artırır. Bəli, biz inanırıq ki, tezliklə torpaqlarımız işğaldan azad ediləcəkdir.

Şuşa Qarabağın, Qarabağ isə Azərbaycanın döyünən ürəyidir. Şuşa Qarabağın mənəvi paytaxtıdır. Şuşadan bizi sadəcə illər və məsafələr ayırır. O, bizim qəlbimizdədir hər zaman. Zaman acıları sağaltmır, zaman sadəcə acılarla yaşamağı öyrədir.

 Azərbaycan ən yaxın vaxtlarda öz ərazi bütövlüyünü təmin edəcək. Biz doğma Şuşamıza, Qarabağımıza qayıdacağıq. O gün həm də şəhidlərimizin ruhu rahatlıq tapacaq. Üçrəngli bayrağımız zirvələrə yüksələcək.

Şuşa həsrətlə  yolumuzu gözləyir, Qarabağ bizi səsləyir. Qəlbimizə hökm edən həsrət acısıyla, vətən sevgisiylə birgə sənə doğru gələcəyik. Zülmətin bitdiyi, nurun başladığı yerdə görüşəcəyik. O vaxtadək Tanrıya əmanət ol, mənim Şuşam!

Əliyeva Günel Qəzənfər qızı,
Sumqayıt Dövlət Universiteti,
Filologiya fakültəsi,
III kurs tələbəsi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu