Modern.az

Uşaqlar söyüş söyürlər... Günah kimdədir?

Uşaqlar söyüş söyürlər... Günah kimdədir?

28 Aprel 2012, 16:16

Uşaqların söyüş söyməsi hər birimizi narahat edir. Nə qədər təəcüblü də olsa, bəzi valideynlər kiçik yaşlı övladlarına söyüş öyrədir, sonra isə müasir uşaqların tərbiyəsinin pozulmasından danışırlar. Övladının söyüş söyməsini istəməyən valideynlər isə müxtəlif üsullardan istifadə etməklə bunun qarşısını almağa çalışırlar. Ancaq bir çox hallarda tərbiyə metodları yanlış seçilir. Bu da uşaqların gələcək həyatına təsirsiz ötüşmür.

“Uşaqlar günahkar deyil ki, söyüş söyürlər”

Bu məsələ ilə bağlı öncə psixoloqun fikrini öyrəndik. Psixologiya və Konsultasiya Mərkəzində Art terapiya və Qrafologiya (Yazılarda insan xarakterinin müəyyən edilməsi) üzrə təlimlər və fərdi konsultasiyalar mütəxəssisi Elnarə Baxışlı uşaqların vulqar sözlərdən istifadə etməsinin əsas səbəbkarı kimi böyüklərin özlərini göstərir:

“Üç-dörd yaşında uşaqların müəyyən bir dövrü olur ki, onlar müəyyən səslərdən birləşmiş sözlər ifadə etməyə başlayır. Bu qarmaqarışıq nitq uşaqların özünə məxsusdur. Amma dörd yaşından sonra bu proses keçir. Uşaqlar böyüklərin dediyi sözləri təkrar etməyə başlayır. Ailə daxilində münasibətlərdə müəyyən konfliktlər baş verirsə, bu zaman müəyyən vulqar sözlər istifadə olunursa, təbii ki, uşaqlar da başlayır həmin sözləri yamsılamağa. Uşaqların söyüş söyməsinin ilkin səbəbi ailə daxilindəki münasibətlər və davranışlardır”.

E.Baxışlı bu problemin necə aradan qaldırılması məsələsinə də toxunub:

“İlk növbədə uşaq söyüş söyürsə, buna kəskin reaksiya göstərmək düzgün deyil. Evin böyükləri nə qədər buna kəskin reaksiya verəcəksə, uşaq başa düşəcək ki, onun dediyi valideyninə pis təsir göstərir və o, istədiyi zaman valideyni əsəbiləşdirmək, valideyndən acığını çıxmaq üçün təhqirə meyl edəcək. Əsəbi və konfliktli situasiya keçdikdən sonra uşaqla açıq şəkildə, daha sakit tərzdə bu haqda söhbət aparmaq lazımdır ki, onun söylədikləri təhqirli sözlərdi və çox pis məna daşıyır. Başa salmaq lazımdır ki, həmin sözləri demək bir insanın şəxsiyyətini təhqir etməkdir. Və mümkünsə, bunlardan az istifadə etmək lazımdır”.

Psixoloq bu işdə cəmiyyətin də rol oynadığını, işlədiyi mərkəzin problemə yardım etməyə hazır olduğunu deyib:

“Uşaqlar günahkar deyil ki, söyüş söyürlər. Uşaqları alışdıran cəmiyyət, onların aid olduğu qrup özü günahkardı. Uşaq elə bir yaş dövrünə gəlib çatır ki, söyüş söyəndə ailənin özünə də pis təsir göstərir. Məhz problem o zaman üzə çıxır. Ona görə çalışmaq lazımdır ki, əvvəldən bunu uşağın beyninə, dilinə salmasınlar ki, müəyyən yaş dövründən sonra ailədə çətin problemə çevirilməsin”.

“Söyüş sanki Azərbaycan ailələrində danışıq metodur”

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov belə bir problemin ailənin uşağa verdiyi tərbiyədən və sosial vəziyyətdən asılı olduğunu deyir:

“Hər şey uşağın tərbiyəsindən asılıdır. Uşaq ailədə necə tərbiyə olunursa, elə də böyüyür. İndi nədənsə uşaqlara vulqar sözlər öyrədirlər. Bu sosial vəziyyəti ağır olan ailələrdə daha qabarıqdır. Azərbaycanda təhsilin səviyyəsi qalxdıqca, söyüş söymək azalır, əksinə təhsilin səviyyəsi aşağı düşdükcə söyüş söymək çoxalır. Sosial vəziyyəti ağır olan ailələrdə isə təhsilin səviyyəsi aşağıdır. Ona görə də o ailələrdə tez-tez vulqar sözlərə rast gəlinir. Uşaq artıq təhqirin içində böyüyür. Vulqar mühitdə böyüyən uşağın öz övladı da gələcəkdə o mühitdə böyüyəcək və söyüşün içində olacaq”.

Liqanın rəhbəri söyüşün qarşısının alınması üçün təhsil səviyyəsinin yüksəlməsinə önəm verilməli olğuğunu bildirib:

“Təhqirin qarşısını ancaq maarifləndirmə yolu ilə almaq olar. İnsanın mədəniyyət səviyyəsi yüksəldikcə, söyüş aradan götürülür. Ancaq indi vulqar sözlərin artmasının səbəbi ondan ibarətdir ki, Azərbaycanda maarifləndirmə və təhsil çox aşağıdır. Mədəniyyətin aşağı düşməsi də söyüşün geniş vüsət almasına gətirib çıxarır. İndi təhsil aşağı səviyyəyə düşüb və heç kim oxumaq istəmir. Hamı pul qazanmaq istəyir və pul qazanmaq üçündə bir-birini aldadır, zorakılıq və təhqir edirlər. Əsas işləri söyüş əl atmaqdan ibarətdir. Bu günümüz bundan ibarətdir”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir