Modern.az

Fobiyalar - Tanınmış şəxslər nədən qorxurlar? - MARAQLI

Fobiyalar - Tanınmış şəxslər nədən qorxurlar? - MARAQLI

30 Aprel 2012, 10:04

Aqil Abbas ilandan, Həmid Herisçi qorxulu nağıllardan, Rasim Qaraca dar sandıqdan qorxur


Hər birimizin hansısa vərdişləri və ya hobbiləri olduğu kimi, fobiyaları da var. Bəziləri bunu gizli saxlayır, bəziləri isə açıq-aşkar öz qorxularından danışır. Bəs bu fobiya nə deməkdir, onlar insanlarda necə yaranır ?

Fobiya bir insana müəyyən bir obyekt, vəziyyət və fəaliyyətin təsir etdiyi qorxu hissinə verilən addır. Fobiya anlayışı yunan dilindən götürülüb. Phobos – yunan mifologiyasında Dəhşət Allahının adıdır. Fobiyası olan insanlara “fobik” adı verilir. Ümumiyyətlə, fobiya xəstəlik kimi qeydə alınmadığı üçün ölkədə nə qədər fobik şəxslərin olduğu da məlum deyil. Belə bir statistik göstəricinin aparılmasında maraqlı olan bir təşkilat da yoxdur. Ona görə də Azərbaycanda neçə faiz insanın fobiyalardan əziyyət çəkdiyini söyləmək çox çətindir.

Çox qəribə fobiyalar var: pelidofobiya - keçəllərdən qorxmaq, alektrofobiya - toyuqlardan qorxmaq, triskaidekafobiya - 13 rəqəmindən qorxmaq, fobofobiya - qorxmaq qorxusu, ablutofobiya - yuyunmaqdan qorxmaq, bibliofobiya - kitabdan qorxmaq, koulrofobiya -  klonlardan qorxmaq, ksantofobiya - sarı rəngdən qorxmaq, amofobiya - iti cisimlərdən qorxmaq, amatofobiya - toz qorxusu və  s.

Hər hansı bir insanın fobik olduğunu deməyimiz üçün hansı əlamətləri görməyimiz vacibdir?

İnsanlarda həmin qorxduğu obyekt və ya vəziyyətlə qarşılaşanda ürək döyüntüsü, gücsüzlük, birdən ürəkkeçmə, nəfəs darlığı, ağız və ağız bölgəsinin quruması, titrəmə və tərləmə kimi müəyyən hallar yaranır. Bəzi insanlarda isə bu hal fərqli göstəricilərlə müşayiət olunur.

Həkimlər deyirlər ki, fobiyası olan insanları müalicə etmək üçün birinci psixoterapiya vacibdir. Bəzən dərman preparatlarının vasitəsilə də müalicə oluna bilər. Bundan başqa, həmin şəxsi öz qorxusu ilə üzləşdirmək lazım gəlir. Psixoloqlar həmin fobiyanın üzərinə gedərək müalicə üsulunu daha vacib sayırlar.

Psixoloq Dəyanət Rzayev bu mövzu ilə bağlı Modern.az saytı ilə öz fikirlərni bölüşüb:

“Hər bir insanda müəyyən qədər də olsa fobiya olmalıdır və bu çox normal bir şeydir. Heç ağlımıza belə gəlməyən xırda şeylərdən insanlar qorxa bilir. İnsan var açıq məkanlardan, insan da var ancaq qapalı məkanlardan qorxur. Bunların fərqli-fərqli adları var. Amma bu fobiyalar idarə olunmayan həddə gəlib çatanda, nevroz adlanır. Fobiyaların kökünü çox vaxt çox dərində axtarmaq lazım gəlir. Uşaqlıqda yaşanan hansısa bir travmalara da bağlı ola bilər. Müalicə olunmayanda isə getdikcə hansısa psixoloji problemə çevrilə  bilər. Şəxsiyyətin nevromatik transformasiyası ola bilər. Dərmanlarla bunun təsirini müəyyən qədər də olsa, azalda bilirlər. Dərman da problemi tam olaraq həll etmir. Psixoteraiya isə vacibdir. Vaxtinda müalicə olunarsa, bu fobiyalar azalacaq. Amma Azərbaycanda bu fobiyaları elə bir hala gətirib çatdırırlar ki, müalicə eləmək çox çətin olur” .

Dəyanət Rzayev bu sahədə statistikanın işləmədiyini də qeyd edir: “Azərbaycanda fobiyaların statistikası aparılmadığı üçün biz demək olar ki, ondan əziyyət çəkən insanların faizini tapa bilmirik. Ona görə də fobiyalardan əziyyət çəkən insanlara kömək edə bilmirik. Həm də çox insanda bu hal artıq güclü nevrozla əvəz olunub.
Fobiyalar insana irsən də keçə bilər. İnsanın davranışının 75%-i irsən idarə olunur. İndi isə daha çox uşaqlıqdan gələn bir haldır”.

Modern.az saytının əməkdaşı fərqli peşə sahiblərində fobiyalarının olub-olmadığını öyrənmək üçün onlara sual ünvanlayıb.

Millət vəkili Aqil Abbas uçuş fobiyasından əziyyət çəkir. O, təyyarədə olduğu müddət ərzində çox həyəcan keçirir. Uçuş qorxusuna – aviofobiya deyilir. Həmçinin də millət vəkili ilandan da qorxduğunu bildirir və bu cür qorxuya da – batrakofobiya deyirlər.

Yazıçı, jurnalist Rasim Qaracanın qapalı məkan, sivri əşyalar və qaranlıq fobiyaları var.
“Birisi əlində qələm və ya xətkeş oynadaraq danışanda sinirlərim pozulur. Bir dəfə uşaqlıqda gizlən-qaç oynayanda qapalı sandıqda qalmışam, o vaxtdan dar məkan fobisi yaranıb məndə, liftdə qalsam, yəqin 5 dəqiqə çəkməz o dünyalıq olaram. Ölmüş insanın fotoşəkli olan otaqda yatmaqdan qorxuram. Bir az da spektrofobiyam var, xüsusən kənd yerlərində qaranlıq məkanda tez-tez qulağımı şəkləyir və sağa-sola baxıram“.

Media eksperti Azər Həsrət isə hal-hazırda elə bir fobiyadan əziyyət çəkmədiyini söyləyir. Amma uşaq vaxtı itdən qorxduğunu və uzun müddət də bundan əziyyət çəkdiyini də deyib.

Millət vəkili Nizami Cəfərov isə bu məsələyə fərqli yöndən baxdığını bildirib: “Mən heç bir fobiyadan əziyyət çəkmirəm və belə bir qorxularım da yoxdur. Ümumiyyətlə, siyasətlə məşğul olan insanın qorxusu olmamalıdır“.

Jurnalist Nəzirməmməd Zöhrablı da heç bir fobiyadan əziyyət çəkmədiyini bildirib: “Amma ölkəmiz, dilimiz və digər dəyərlərimiz üçün fobiyalarım var“.

Publisist Həmid Herisçi də fobiyalarından danışıb: “Hər insanın, o cümlədən də mənim daxilimdə  şəxsi “qorxulu nağıllarım“ var. Onların bir qismi şəxsi həyat təcrübəmlə, bir qismi isə fantastik, xəyali, sürrealist fobiyalardır”.

Könül Səid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi