Modern.az

Ahıl jurnalistlər, necəsiniz - ONLAR 10 İLLİKLƏRİNİ QEYD EDƏCƏKLƏR

Ahıl jurnalistlər, necəsiniz - ONLAR 10 İLLİKLƏRİNİ QEYD EDƏCƏKLƏR

22 Aprel 2020, 17:42

“Ahıl jurnalistlər də karantin rejimindədir. Biz mütəmadi əlaqə saxlayırıq, bir-birimizə, o cümlədən Azərbaycana və bütün dünyaya koronavirusdan qısa zamanda yaxa qurtarmağı arzu edirik”.

 

Bunu Modern.az-a Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə deyib. O söyləyib ki, məclisin 300-ə yaxın üzvü var onlardan təxmini 50 nəfəri rayonlarda yaşayır:

 

“Evdə qalan ahıl jurnalistlər olaraq, vaxtımızı maraqlı keçirmək üçün əyləncələri, oyunları bir-birimizlə bölüşürük. Çalışırıq ki, həm özümüzün başımızı qataq, koronavirusun bədbinliyini üzərimizdən ataq, həm də yaxınlarımızın yüksək əhval-ruhiyyədə qalmasına yardım edək. Ahıl jurnalistlər həm də təcrübəli baba, nənədirlər. İndi hamısı evdə, nəvələrinin əhatəsində qalıblar. Onlar çalışırlar ki, nəvələri ilə daha çox ünsiyyətdə olsunlar, keçdikləri zəngin həyat yolundan rəvayətlər, xatirələr danışsınlar. İndiki dönəmdə səbr, təmkin nümayiş etdirmək vacib məsələdir. Həkimlərimiz, tibb işçiləri, karantin rejimində çalışan insanlar, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvləri indiki vaxtda çox əziyyət çəkirlər. Onların əməyinə sayğı olaraq, biz də karantin qaydalarına əməl etməli, səbrli olmalıyıq. Nə qədər özümüzü və yaxınlarımızı qorumağı bacarsaq, o qədər qısa zamanda normal gündəlik həyatımıza, əvvəlki ictimai həyatımıza qayıda bilərik”.

 

M. Süleymanzadə qeyd edib ki, ahıl jurnalistlər də xalqımızın əksər nümayəndələri kimi, maddi çətinliklərlə üzləşirlər:

 

“Onlar da ehtiyac içərisindədirlər, müəyyən problemləri var. Hazırda ahıl jurnalistlərin yaşadığı ən böyük problem onların səhhəti ilə bağlıdır. Dərman preparatlarına, həkim qəbuluna, aptekə getməyə ehtiyacları olur. Amma ahıl jurnalistlər ilk növbədə xalqı düşünürlər. Özlərini heç zaman ön plana çəkib, nə isə istəmirlər. Maddi resursları az olsa da möhkəm iradə nümayiş etdirib, səbrlə davranırlar. Biz ümid edirik ki, bu bəladan xalqımız birlik olaraq, can qurtaracaq”.

 

M. Süleymanzadə deyib ki, məclisin üzvü olan digər ahıl jurnalistlərlə sosial şəbəkə vasitəsilə əlaqə saxlayırlar:

 

 

“Əslində oradan da görünür ki, bizim gündəlik həyatımız, tədbirlərimiz davam edir. Dəyişən budur ki, yaşlı jurnalistləri canlı formada bir yerə toplamırıq. Amma virtual ünsiyyətimiz davam edir. Ahıl jurnalistləri ad günləri, yubileyləri münasibətilə təbrik edirik, kitablarla vaxt keçiririk, müzakirələr açılır. Bizim söhbətlərimizdə həmişə inam, nikbinlik olur. Üzümüzü yalnız işıq gələn tərəfə tuturuq, ümidlə yaşayırıq”.

 

Ahıl Jurnalistlərin nümayəndəsi onu da əlavə edib ki, karantin rejimi ləğv edildikdən sonra Məclis üzvləri imkan tapıb, mütləq bir yerə toplaşacaq:

 

“Artıq Ahıl Jurnalistlər Məclisinin 10 yaşı tamam olub. Karantin bitəndən sonra ilk tədbirimiz məhz 10 illiyimizi qeyd etmək olacaq”. Aysel

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi