Modern.az

Neft gəlirlərimiz azalır, vəziyyətdən necə çıxacağıq? - Üç deputat

Neft gəlirlərimiz azalır, vəziyyətdən necə çıxacağıq? - Üç deputat

Parlament

24 Aprel 2020, 09:28

Dünya bazarlarında “Brent” markalı xam neftin qiyməti ötən gün son 21 ilin minimumuna düşüb. Buna səbəb koronavirus pandemiyası səbəbindən neft tələbatının rekord səviyyədə azalmasıdır. Proqnozlara görə isə neftin aşağı dəyəri pandemiyadan sonra da davam edəcək.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri də eyni fikirləri müdafiə ediblər.

 

Deputat Vahid Əhmədov diqqətə çatdırıb ki, koronavirusla əlaqədar istehsal sahələri dayandırılıb, neftə tələbat xeyli azalıb:

 

“Təklif tələbi üstələdiyi üçün belə bir problem yaranır. Mənə elə gəlir ki, bu bir müddət belə davam edəcək. Müəyyən vaxtda neftə tələbat az olacaq, qiymətlərdə artım olmayacaq.

Azərbaycan neft ixrac edən ölkədir. Neft bizim üçün əhəmiyyətli resursdur. Bundan istifadə edərək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edirik. Amma uzun müddətdir ki, ölkəmizdə bu barədə ciddi polemikalar gedir ki, qeyri-neft sektorunun inkişafına diqqəti artırmaq vaxtıdır. Bununla bağlı çoxlu planlar hazırlanıb, yol xəritəsi cızılıb, çoxlu işlər görülüb. Lakin biz kifayət qədər qeyri-neft sektorunun inkişafına nail ola bilməmişik.

Neftin qiyməti mənfiyə doğru gedərsə, biz ciddi problemlər yaşaya bilərik. Ona görə də ciddi addımlar atılmalıdır ki, qeyri-neft sektorunun əsas sahələri, xaricə məhsul çıxarılmasına xidmət edən sahələr inkişaf etdirilməlidir. Buna isə vaxt lazımdır. Hazırda vəsait var. Bundan istifadə edib, qeyri-neft sektorunu daha çox dirçəltmək lazımdır. Xüsusilə kənd təsərrüfatına, kənd əhalisinə diqqəti artırmaq vacibdir”.

 

Deputat Ziyad Səmədzadənin fikrincə, koronavirus pandemiyası ilə əlaqədar olaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi təbii prosesdir:

 

“Ölkələrin hamısı karantin rejiminə keçib. “Evdə qal” kampaniyası o deməkdir ki, bir neçə istiqaməti çıxmaq şərti ilə bir çox istehsal müəssisələri fəaliyyətini dayandırıb. Ölkələr arasında nəqliyyat kompleksi demək olar ki, fəaliyyətsiz qalıb. Ona görə də iqtisadi əlaqələr xeyli dərəcədə azalıb. Bütün bunların nəticəsində neftə olan tələbat da aşağı düşüb. Bu bir həqiqətdir ki, neft həmişə dünya siyasətinin çox mühüm istiqamətlərindən biri olub. Neft hasil edən ölkələrə həmişə təzyiqlər olur. Bu gün pandemiya şəraitində də neft amili siyasi oyunların təsirinə məruz qalır. Neftin qiymətinin daha sürətlə aşağı düşməsini şərtləndirən amillərdən biri iri dövlətlərlə əsas neft ixrac edən ölkələr arasında münasibətlərin tam tənzimlənməməsidir. Azərbaycanın büdcə gəlirlərinin mühüm hissəsi neftən gələn gəlir hesabına formalaşır. Bu da təbiidir. Ölkəmiz neft strategiyasının reallaşması nəticəsində öz müstəqilliyini qorudu, iqtisadi təhlükəsizliyini təmin etdi, dayanıqlı inkişaf üçün möhkəm əsaslar yaratdı.

Prezident İlham Əliyev dəfələrlə bildirdi ki, neft məqsəd deyil, vasitədir. Azərbaycan dövləti bu vasitədən məharətlə, uzaqgörənliklə iqtisadiyyatın digər sahələrinin inkişafı, irimiqyaslı sosial layihələrin həyata keçirilməsi üçün məqsədyönlü şəkildə istifadə edir.

Pandemiyanın təsiri nəticəsində dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkəmizin gəlirlərini də azaldır. Amma bizim kifayət qədər valyuta ehtiyyatlarımız var. Bu imkan verir ki, biz heç bir dövlətdən borc almayaq, beynəlxalq təşkilatlara borc üçün müraciət etməyək. Ona görə bizə müəyyən ölkələrin, beynəlxalq təşkilatların təsir imkanları da olmayacaq...”

 

Z.Səmədzadənin sözlərinə görə, neft gəlirlərinin azalması o demək deyil ki, qarşıya qoyulan proqramlar icra edilməyəcək:

 

“Prezident İlham Əliyev dəfələrlə deyib ki, neftin qiymətinin azalması nəticəsində iqtisadiyyatın ahəngdarlığının pozulmasına baxmayaraq heç bir sosial proqramlar ixtisar edilməyəcək. Əksinə, pandemiya dövründə dövlət əhalinin sosial müdafiəsi, məşğulluğun artırılması üçün əlavə tədbirlər görür. Özünə məşğulluq forması üzrə çalışanların sayının 90 minə catdırılması nəzərdə tutulur.

Azərbaycan hökumətinin əhaliyə göstərdiyi maliyyə dəstəyinin həcmi 3 milyard manatı ötəcək ki, bu da dövlət büdcəsinin 12 faizindən çoxu deməkdir. Hazırda dövlət başçısının tapşırığı ilə hökumət, müvafiq icra strukturları pandemiya ilə əlaqədar iqtisadiyyata dəyən zərərin minimuma endirilməsi ilə bağlı konkret tədbirlər həyata keçirir. Bu kompleks tədbirlər sistemində qeyri-neft sektorunun üstün inkişafı əsas hədəflərdən biri kimi müəyyən edilib.

Bu yaxınlarda Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklər ediləcək. Bu dəyişikliklərin ana xəttini sahibkarlara edilən güzəştlərin daha da çoxalması, güzəştlərin əhatə dairəsinin genişlənməsi, yerli istehsalın stimullaşdırılması təşkil edir. Sadələşdirilmiş vergi dərəcəsi azaldılacaq, vergi tətilləri qoyulacaq, borcların birdən-birə alınması mexanizmi aradan  qaldırılacaq, girovsuz kreditlər veriləcək...

Ölkə başçısının birbaşa tapşırığına əsasən aqrar sektorda məhsuldarlığın artırılması məqsədi ilə su ehtiyatlarından səmərəli istifadə olunması, ixrac potensialının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.

Son məlumatlara görə respublikada 1 milyona yaxın fərdi sahibkar var ki, onların əksəriyyəti regionlarda fəaliyyət göstərirlər. Mikro və kiçik sahibkarlar üçün nəzərdə tutulan dəyişikliklər heç şübhəsiz ki, iqtisadi fəallığı artıracaq ki, bu da bütövlükdə koronavirus bəlasından sonra ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edilməsində əhəmiyyətli rol oynaya bilər”.

 

Deputat Vüqar Bayramovun sözlərinə görə isə hazırda neft bazarında gündəlik 29 milyon barel neft artıqlığı var:

 

“Nəzərə almalıyıq ki, OPEC ölkələrinin son razılaşması belə neftin qiymətinin artmasına kömək etməyəcək. Növbəti dövrlər üçün də neftin qiymətində ciddi artım gözlənilmir. Ona görə iqtisadi paket təkcə pandemiya dövründə deyil, həm də post pandemiya dövründə iqtisadi siyasətin əsas konturlarını müəyyən edir. Burada xüsusən vergi güzəştləri, güzəştli kreditlərin artırılması, dövlət dəstəyinin genişləndirilməsi nəzərdə tutulur.

Vergi güzəştlərinin tətbiqi müsbətdir və biz bunu dəstəkləyirik. Eyni zamanda, nəzərə alsaq ki, pandemiya iqtisadiyyatda bir sıra məsələləri yenidən gündəmə gətirdi. Xüsusən onlayn idarəetmə, avtomatlaşdırma kimi sahələrə marağın artmasına şərait yarandı. Düşünürük ki, həm də onlayn ticarətdə vergi güzəştlərinin tətbiqi məqsədəuyğun olardı. Nəzərə alaq ki, Amerika Birləşmiş Ştatlarında onlayn ticarət vergilərdən azaddır. Oxşar təcrübənin Azərbaycanda da tətbiq edilməsi məqsədə uyğun olardı”.

 

V.Bayramov onu da qeyd edib ki, xüsusilə regionlarda yaşayan sahibkarların güzəştli kreditlərə çıxış imkanı asanlaşdırılmalıdır:

 

“15,5 milyard manatlıq kredit portfelinin 80 faizi Bakının payına düşür. Bu o deməkdir ki, hər 100 manat kreditin 80 manatını Bakının payına düşür. Ona görə də bölgələrdə məskunlaşan sahibkarların güzəştli kreditlərə çıxış imkanları artırılmalıdır. Bütövlükdə hədəf sahibkarların və iqtisadiyyatın dövlət tərəfindən dəstəklənməsinə nail olmaqdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi