Modern.az

İki səyyahın xəyali söhbəti

İki səyyahın xəyali söhbəti

Ədəbi̇yyat

26 Aprel 2020, 12:59

Abid Tahirli


 (“XXI əsrin hekayələri” silsiləsindən)

       
XIX əsr Rusiya müsəlmanlarının liderlərindən biri,  görkəmli yazıçı-publisist, naşir, yeni məktəb, təhsil qurucusu,  səyyah
İsmayıl Qaspiralı:

        -Ruhumu şad edən saysız-hesabsız səyahətlərin, faydalı, dadlı-məzəli söhbətlərin, canlı, obrazlı, şirin dilin, qeyri-adi müşahidələrin, ibrətamiz müqayisələrin, bir-birindən maraqlı müsahibələrin bənzərsiz  və heyratamizdir. Əhsən! Min kərə əhsən!

     
  XXI əsr Azərbaycan telejurnalistikasının tanınmış nümayəndəsi, istedadlı reportyor- səyyah Azər Qərib:

      -Sizinlə müqayisədə biz nə etmişik ki? Biletimizi alıb əyləşirik təyyarəyə, gün ərzində dünyanın ən ucqar nöqtəsinə çatırıq. Proqramımız, planlarımız bəlli, internet xidmətimizdə, otellər müntəzir, restoran və kafelər qulluğumuzda. Amma Siz?!

      
İsmayıl Qaspiralı:

       -Orası elədir. Amma o da var ki, indi çoxları dediyin imkanlara malik olsa da, səfərlərə cibi dolu  gedir, necə deyərlər,  əli boş qayıdırlar. Eləsi var ki, sənin olduğun şəhəri on dəfə gəzsə, keçdiyin küçədə yüz dəfə olsa, baxdığın muzey eksponatına min dəfə tamaşa etsə,  yenə sənin dediklərin, gördüklərin, göstərdiklərin, müşahidələrin ona nağıl kimi gələcək.

      Azər Qərib:

-Yüz ildən də çoxdur ki, Sizin fədakarlığınız, təmənnasız, əbədiyaşar xidmətləriniz, parlaq əməlləriniz dillər əzbəridir. Müridləriniz, məsləkdaşlarınız Sizə «millətin atası», «müsəlman ədəbiyyatının ruhi-piranisi», «böyük ustad», «mühərriri-əzəm», «dahi», «Turanın əmsalsız mədəni qəhrəmanı», «müsəlman ziyalılarının başçısı», «tərəqqi ordusunun ələmdarı», «millət karvanının rəhnüması», «rühül-millət», «Rusiya müsəlmanlarının ən böyük adamı», «türk yurdunun yolbaşçısı», «Rusiya müsəlmanlarının çırağı», «təkcə Rusiyada deyil, xaricdə də müsəlmanlar arasında hamıdan məşhur», «millətin fəxri», «böyük və sevgili adam», «hünər sahibi», «ustad publisist», «qüdrətli fikir və ideya rəhbəri», «xalqın maddi və mənəvi keşiyində dayanan bir insan», «istənilən avropalının həsəd apara biləcəyi erudisiyaya sahib dünya müsəlmanları arasında nadir insan», «ali və nəcib qəlb sahibi», «böyük İsmayıl bəy», «bir mürşid, bir ustad»- deyərək öz məhəbbətlərini izhar etmişlər.

        İsmayıl Qaspiralı:

-Sağ olsunlar. Hər aşiqin bir dövranı, hər dövrün də öz tələbi var! Əsas odur ki, milləti mətləblərdən agah edib, sabaha, işıqlı gələcəyə, elmə, mədəniyyətə, maarifə səsləyəsən. Sənin səfərlərinin, söhbətlərinin qayəsi, məğzi, mənası çox dəyərlidir, əhəmiyyətlidir. Yüzə yaxın ölkəni gəzib dolanmısan, milyonlarla izləyiciniz oraların tarixi, mədəniyyəti, teatrı, incəsənəti, musiqisi, muzeyləri, abidələri, yolu, körpüsü, təhsili, elmi, səhiyyəsi, dili, adət-ənənəsi, həyat və təfəkkür tərzi, çayı, dağı, dərəsi, dənizi, gölü, şəlaləsi... ilə tanış etmisən. 20 ilə yaxındır ki, səyahət teleformatı ilə ekranlardasınız. Həm də necə? Yüksək peşəkarlıq, inandırmaq, düşündürmək, tutarlı, inkarolunmaz mənbələrə istinad etmək sənin çıxışlarının əsas məziyyətləridir, sənin dərin məntiqli, sərrast , yeri gələndə sərt, eyni zamanda səmimi nitqlərin milyonların qəlbini fəth etmişdir.  

      Azər Qərib:

-Şübhəsiz ki, uğurlarım müstəqil, demokratik, güclü  Azərbaycanın sayəsində mümkün olmuş, arzu, istəklərim həyata keçmişdir. Sizin Osmanlıya, Orta Asiyaya,  Şərqi Avropaya, İspaniyaya, Hindistana ... səfərləriniz ən ağır şərtlər daxilində, senzura və  qadağalar şəraitində, ətalət, nadanlıq,  cəhalət, biganəlik və biveclik mühitində  baş tutsa da, tarixi əhəmiyyət kəsb etmişdir, cəmiyyətin tərəqqisinə, millətin oyanışına xidmət etmişdir. Rusiya müsəlmanlarının ortaq dilinin yaradılması sahəsində Sizin təşəbbüsünüz, “Dildə, fikirdə, əməldə birlik” şüarınız əbədiyaşarlılıq haqqı qazanmışdır. Siz Azərbaycan ədəbiyyatına, mətbuatına, mədəniyyətinə, maarifçilərinə böyük dəyər verdiyiniz kimi, xalqımızın parlaq simaları da Sizin xidmətlərinizi yüksək qiymətləndirmişlər.  Sizin “Tərcüman”ı Bağçasarayda olduğu kimi, Kazanda, Orenburqda, Daşkənddə, İstanbulda, Bakıda, Şəkidə, Şamaxıda, Ordubadda...da eyni məhəbbətlə oxumuşlar. Bizim Qəbələnin Bum kəndində də “Tərcüman”ın abunəçiləri olmuşdur. Müxtəlif diyarlarda açdığınız onlarca yeni tipli dünyəvi məktəblər təhsil sahəsində dönüş yaratmışdır. Sizin publisistik yazılarınızın, səyahət oçerklərinizin, hekayələrinizin ideyası milli dərkə, tərəqqiyə xidmət etmişdir.

      İsmayıl Qaspiralı:

      -Sizin tribuna və auditoriya bizim dövrdəkindən çox fərqlidir. Bizi yüz adam dinləyirdisə, 500 adam oxuyurdusa, Sizə milyonlar qulaq asır, tamaşa edir. Doğma dildə təmiz,  səlis danışığınız, səliqəli geyiminiz, xoş təbəssümünüz, yerişiniz, jestləriniz, ünsiyyət qurmaq bacarığınız, ciddi, cəsarətli, yeri gələndə  məcazlı, məzəli, atmacalı söhbətləriniz öz fikir və düşüncələrinizi  qarşı tərəfə çatdırmağa xidmət edir.

     Azər Qərib:

   -Siz fədakarlıq, millətə  təmənnasız xidmət örnəyi, böyük məktəbsiniz. Mətbuatı millətin nicat yollarından biri kimi dəyərləndirmisiniz. Əminəm ki, bizlərə də öyüd və  tövsiyələriniz, məsləhət və kəlamlarınız var.

      İsmayıl Qaspiralı:

   -Cəmiyyət həyatının bütün dövrlərində onun ziyalıları öz qövmlərinin, soydaşlarının yaşam və düşücə tərzinə təsir göstərmişdir. Sizin boynunuza daha böyük yük düşür. Qloballaşma, inteqrasiya  bir tərəfdən ümumi tərəqqiyə təkan verir, digər tərəfdənsə milli dəyərlər üçün real təhlükələr yaradır. Dilinizi, milli, mənəvi, mədəni irsin, ənənələrin qorunması, zənginləşdirilməsi çox mühüm vəzifələrdəndir. O ki, qaldı öyüd və tövsiyələrimə,məsləhət və kəlamlarıma buyurun, bir qismini sizinlə bölüşürəm.Elə bilirəm ki, onlar bu gün də öz təsir və aktuallığını ititməyib:  Millətə xidmət etmək istəyirsən, əlindən gələn işlə başla; Ərəbcə, tatarca, rusca – hansı dildə olursa-olsun – oxumalı, bilik və mərifətə sahib olmalısan; Dünyada kamalsız və hünərsiz yaşamaq mümkün deyildir; Rahat, məsud olmaq tərəqqi etmək istəyirsənsə, maariflənməlisən; Öpüşmək xəta deyildir. Ər və arvad bir-biri üçün nemətdir. Lakin pünhan yerdə, hamının gözü qabağında yox. Gül ilə bülbül, ya gecə yarısı, ya səhər tezdən sevişərlər. Səs uzağa getsə də, məhəbbət, sevinc gizli olar; Dünyada doyulmayan və doyulmayacaq bir şey varsa, o da elm və mərifətdir; İngilis dili şeytan dilindən güclüdür; Fransızların müharibədə, ticarətdə, maarif və hünərdə, səfa və məişətdə birinci millət olduğu məktəb və elmə məhəbbət və rəğbətlərindəndir; Bütün yamanlığın başı və səbəbi nadanlıqdır; Fransızlar daşdan su çıxarmağı bacarırlar; Malın çoxluğu insanı xoşbəxt edə bilməz, xoşbəxtliyin çeşməsi birdir – ədalət; Elm, təhsil, tərbiyə ədalətin intişarına xidmət etmədikcə, insan oğlu səadətdən uzaq qalacaqdır; Bu gün Avropadan geri qalmış ölkələr Avropaya müəllim kimi baxsa da, onun qüsurlarından, xatalarından ibrət alıb, bundan daha gözəl yaşam tərzi qurmağa səy göstərmələri daha ziyadə vacibdir; İnsanlar gözəl əxlaqlı və gözəl xasiyyətlidirsə, cəmiyyət durmadan tərəqqi edər, salamat və xoşbəxt olar, əks təqdirdə, içdən çürüyən alma kimi tədricən dağılar; Bizə vacib olan son və axır nəfəsə qədər millət və yurd uğrunda qeyrətdir; Vətən yolunda can və baş fəda etmək, namus ilə dünyadan köçmək, namussuzluq ilə varıb düşmənə əsir olmaqdan min mərtəbə ləzzətli və şərəflidir; Allahdan qorxduğun kimi yalan danışmaqdan qorx, cəhənnəmdən qaçdığın kimi pis əməldən qaç, cənnətə məhəbbət etdiyin kimi insanlara məhəbbət et; Yumurtadan cücə çıxmağına səbəb onun üstündə toyuğun yatması yox, toyuğun vücudu ilə yumurtaya verilən hərarətdədir; Böyük bina tikiləndə, kiçik daşlar da işə yarayır; Kımız süzüb və ya rakı ilə qədəh doldurub düşmənə utanılacaq xidmət göstərməkdənsə, əmanət və pak canı mərdanə fəda etmək daha yaxşı deyilmi?; On dəfə canı fəda etmək bir dəfə düşmənə baş əyməkdən daha əfzəldir; Millətin halına aşina olmasan, ona xidmət edə bilməzsən; İlk baxışda Avropa məişəti və mədəniyyəti çox süslü, ziynətli və yaraşıqlı bir qadına bənzəyir, lakin bir az diqqət edildikdə görünür ki, bu qadının dişləri uydurma, saçları taxma, o dolu-dolu köksü qabartma pambıqdır. Bu libas çıxarılarsa, qoturlar görünər, üz çevirməkdən başqa əlac qalmaz; Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yararı var, vicdan və haqq-ədalət xaricində deyil ki? Ey qardaşlar, Yaponiyadan ibrət alaq. Bunlar bizim kimi tək-tək oxumadılar, yüz-yüz Avropa, Amerika universitetlərində təhsilə yiyələndilər. Bizim kimi başdansovdu savad əldə etmədilər. Avropanın bütün qazanlarına girib qaynayıb çıxdılar. Milli torpaq və tarixlərini boş xəyallara fəda etmədilər. Ad-san, şöhrət, rahat və səadəti öz milləti dairəsində axtarmağa və vücuda gətirməyə çalışdılar və gətirdilər; Bütün nöqsanlarımız milli məktəblərimizin nöqsanından, pərişanlığından irəli gəlir; Din və millət qayğısı ziyalı və alimləri, bir an da olsun, tərk etməməlidir; Şanı uca Quranın bir kəlmə ilə təfsiri «ədalətdir»; Millətin nə fikirdə və nəyə qadir olduğunu gələcək göstərəcək. Mənə gəlincə, siyasi inanc və görüşümün əsası, təməli «türkoğlu türk» olduğumdur. Öncə Türk olmadıqca nə aristokrat oluram, nə də demokrat. Nə xalqçı oluram, nə sosialist. Əgər mənə «türklükdən, millətçilik fikrindən əl çək, səadətə çatarsan» - desələr, mən bu cür səadətdən bədbəxtliyi üstün tutaram. Mənim mən olmamağım nə ağlıma gələr, nə vicdanıma sığar; Milli mənsubiyyət hər şeydən müqəddəm, hər şeydən müqəddəsdir; Bəlkə mədəniləşməmizə, tərəqqimizə əngəl olan islamdır? Yox, yox! Bizə şərəf verən islam dini tərəqqi və mədəniyyətin mənbəyidir. Əvvəlki dövrlərdəki inkişafın baş səbəbi və mühərriki də islamdır. Dinimiz müqəddəsdir ki, «hamınız çalışın», «hamınız oxuyun», «hamınız tədbir və sənət ilə yaşayın» qaydalarını buyurmuşdur. Bizlər isə hazırda bu müqəddəs qaydaların tam əksini edirik; Hər millətin dili olduğu və dilin də ən böyük və ən birinci bir sərmayə olduğu o qədər məlum məsələdir ki, bu xüsusda müzakirə açmağa ehtiyac yoxdur; …hər dilin özünəməxsus yaraşığı var: içində gizlənmişdir, işlənmək ilə ortaya çıxar, xaricdən lüğət toplamaq ilə deyil. Borcla nə xəzinə dolar, nə dil zənginləşər; Hər dil qələm ilə və ədiblərin kamalı ilə tərəqqi edər; Bir xalqın ədəbi dili yoxdursa, özü də yoxdur. Millət üçün dil can və ruhdur; Əziz və müqəddəs üç şey vardır ki, nə qədər söylənsə, yazılsa, yenə azdır və azdır. Bunların biri din, biri dil, digəri elmdir; …gözəl, lakin faydasız bir tərcümədənsə, o qədər də süslü olmayan, lakin faydalı bir milli hekayə yazmaq daha əfzəldir... Bütün bunlar və daha çoxu mənim əsərlərimin ideya və məzmunundan süzülüb gələn qənaətlərimdir.

      Azər Qərib:

       -Siz Bağçasaraydan soydaşlarınızın qəlbinə və zəkasına nur saçan əbədi günəşə bənzəyirsiniz. Ruhunuz şad olsun!


4.04.2020

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır