Modern.az

Gənc ədiblər Sabir Rüstəmxanlı ilə görüşüb

Gənc ədiblər Sabir Rüstəmxanlı ilə görüşüb

Mədəni̇yyət

9 Yanvar 2010, 18:45

Yanvarın 9-da M.F.Axundov adına Milli Kitabxanada gənc ədiblərlə xalq şairi Sabir Rüstəmxanlının görüşü təşkil olunub.  
Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “525-ci qəzet"in baş redaktoru Rəşad Məcid gənc ədiblərin fəaliyyəti haqqında məlumat verib.
Daha sonra çıxış edən Sabir Rüstəmxanlı özünün keçmiş həyat yolu və yaradıcılığı haqqında auditoriyaya məlumat verib. O, bu cür görüşlərin keçirilməsinin vacib olduğunu vurğulayıb: “Əvvəllər ədəbiyyat dərnəkləri vardı. Tələbəlik illərində biz həmin dərnəklərə yığışıb, fikirlərimizi bölüşürdük. Orada millətimizin taleyi barədə söhbətlər aparırdıq. Həmin görüşlər mənim taleyimdə ciddi rol oynayıb. Ancaq indi imkanlar daha genişdir. Yəni rabitə, internet var...”.
S.Rüstəmxanlı gənc yazarlara məsləhətlər də verib: “Çalışın beyinlərinizi silkələyin. Düşünməyin ki, mən hələ cavanam. Hər yazıçının öz forması var. Əsas sözünüzü bu gün yazın. Yazıçılıq ömrü boyu yazmaq tələb edir”.
Şair tədbirin sonunda gənc ədiblərin suallarını cavablandırıb, onlara tövsiyyələrini verib və iştirakçılarla xatirə şəkili çəkdirib.
Görüş Günel Anarqızının və Afaq Məsudun kitablarının təqdimat mərasimi ilə davam etdirilib.
Tədbirdə kitabların sponsoru "Bank of Azerbaijan"ın idarə heyətinin sədri Xəyal Şərifzadə, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu da çıxış ediblər.
Sonda Rəşad Məcid bu kitabların “525-ci qəzet"in layihəsi olduğunu bildirib: “Nurəngiz Gün, Afaq Məsud, Günel Anarqızı və Aysel Əlizadənin kitabları qəzetimizin “Qadın yazarlarımız” seriyasında dərc olunub”.

Günay Musayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir