Modern.az

Türkiyənin məşhur rejissoru: “Bizim TV-lərin verdiyi seriallar sənətdən uzaq filmlərdir” - MÜSAHİBƏ

Türkiyənin məşhur rejissoru: “Bizim TV-lərin verdiyi seriallar sənətdən uzaq filmlərdir” - MÜSAHİBƏ

Müsahibə

28 Aprel 2020, 08:53

Modern.az saytında “ArtTime” rubrikası davam edir. Budəfəki qonağımız Türkiyənin məşhur rejissoru, bir zamanlar Azərbaycan tamaşaçılarının da maraqla izlədiyi “Sırlar dünyası” dizisinin müəllifi Avni Kütükoğludur. Onunla Türk sinemasının dünəni və bu günü barəsində söhbətləşdik.


- Avni bəy, bu gün Türk sinemasında kommersiya məqsədilə istehsal olunan və bayağı məzmuna malik filmlər çoxdur. Bu hala münasibətiniz necədir?


- Belə filmlər kapitalizm üzərində qurulur. Kapitalizm isə heç vaxt sənəti düşünmür. Məsələn, bu gün televiziyalarımız üçün seriallar çəkən rejissorlar ilin sonunda bir dənə də film hazırlayırlar. Lakin bu fimdə də ciddi məzmun olmur. Televiziya üçün çəkilən filmlər çox vaxt sənətdən uzaq olur. Əsl sənət nümayiş olunan filmlərə də televiziyalar yanaşmırlar. Çünkü onlar üçün önəmli olan əyləncədir. Adətən gənc rejissorlar özlərini tanıtmaq və pul qazanmaq üçün bu tipli filmlərə qaçırlar. Mən özümü sinemada sübut edən bir rejissor kimi hazırda belə filmlər çəkmirəm. Əgər həqiqi film çəkə bilmirəmsə, film yaratmaq üçün imkan gözləyirəm. Zamanla mənim də gənclik dönəmimdə bu tipli filmlər olub, amma öz dərdimi danışdığım filmlərim də olub. Mənim kommersiya məqsədilə çəkdiyim “Mahallenin Muhtarları” adlı komediya dizisi olub, lakin o indikilər kimi boş və mənasız komediya deyildi. İnsani münasibətlərin dərinliklərinə dəlalət edən bir komediyaydı. Bir-birindən dəyərsiz, boş və mənasız filmlər yaratmaq sadəcə iş görməkdir.Yaxşı bir sənət əsəri yaratmaq isə başqadır. Sənət yaratmaq işinə ruh qatmaqdır.


- 35 ildir film sektorusundasınız. Rejissoru olduğunuz “Sırlar dünyası” serialı Azərbaycanda da izlənən ekran əsəri idi. Bu serialın çəkimləri və yaranması haqqında danışmanızı istərdik.


- Filmin hazırlanması belə olurdu ki, mən hər həftə iki kiçik hekayə çəkirdim, yəni qısa film yaradırdım. Qısa bir film çəkmənin dadı başqadır. Yəni bunlar pula hesablanmış kommersiya məqsədli filmlər deyildi. Qısa insan hekayələrindən danışan bir məntiq üzərinə qurulmuşdu.


- Bu gün türk serialları xarici ölkə tamaşaçılarının və dünya telekanallarının marağındadır. Azərbaycanda da Türkiyə kanllarında gedən serialların izləyiciləri var. Bu seriallar da sənətdən uzaqdır?


-
Qalın cizgilərlə bunu ayırmaq lazımdır ki, sinema sənətinin, dizi sektoruyla heç bir əlaqəsi yoxdur. Dizi deyilən o vizual ifadələr sənət deyil. İnkişaf etmiş kütlələr arasında dizi və sinema deyilən iki anlayış kürək-kürəyə tamamən fərqlidir. Üçüncü dünya ölkələri var ki, Türkiyə də bu ölkələrdən biridir. Belə ölkələrdə təəssüflər olsun ki, sinema sektoru dizi sektorundan bəslənir. Niyə? Çünkü xalq bunu tələb edir. Kapitalist sisteminin itirməmə kimi bir qaydası var. Məsələn, televiziya serialı fərqli formatlı bir oyunçuluq nümayiş etdirir. Eynisini sinemada edərsə, bu sizin söylədiyiniz mənasız və boş filmlər sırasına daxil olar. Heç bir ölkənin sinema sənəti heç vaxt onun televiziya sektoru ilə ölçülə bilməz. Televiziyada istehsal edilən bütün seriallar mal satmaq üzərində qurulub. Məsələn, zeytun yağı satmaq və maşın satmaq kimi. Kapitalizm insanları siniflərə bölüb və belə dizilər də A, B, C, D kateqoriyaları üzrə bölünmüş insan kütlələrinə xidmət edir.


- Bəs bu siniflərə bölgü məsələsi nə üçün aparılıb?


- Təbii ki, insanların iqtisadi vəziyyətlərinə və maddi durumlarına görə. Kapitalizm ancaq buna baxır: aylıq nə qədər gəlirin var və dükana getdikdə nə qədərini xərcləyə bilərsən. Kino isə tam başqa, insanı düşündürən bir sənətdir. Kino istehlakçı alət deyil. Televiziya isə istehlakçı  alətdir. Məsələn axşam saat 24-də dizi bitir və izləyici televizoru söndürüb yatır. Heç bu barədə düşünmür.


- Yəni əsl sənət filmi madiyyata hesablanmamalıdır?Axı bildiyimiz kimi, yaxşı bir filmin istehsalı üçün də külli miqdarda vəsait xərclənir.


- Əlbəttə, burada da maddi qazanclar var və müəyyən qədər də o haqda düşünülməlidir. Burada mesaj və düşündürücülük qabiliyyəti olmalıdır. Dizi seyr etmək sosial olmaq demək deyil. Xalqı və milləti düşündürmür və əksinə olaraq düşünməkdən uzaqlaşdırır. Yəni sosiallaşdırmaq əvəzidə a-sosial edir. Bunu unutmamaq lazımdır: dizi istehlak, film isə istehsaldır. Bunlar bir-birindən tamamən fəqlidir.


- Azərbaycanda çəkilən film və seriallar haqqında nə düşünürsünüz?


- Azərbaycanda uzun müddətdir ki, komediyalar film sektorunu zəbt edib. İndi onlar seriallar şəklində davam edir. Amma Azərbaycanda “Ata ocağı” kimi reallığa yaxın seriallar da çəkilir. Bu serialda Azərbaycan adət-ənənələrinə və s.-yə rast gəlinir. Lakin bu gün türk seriallarında heç bir adət-ənənə qalmayıb. Onlar yalnız şiddət üzərində qurulur. Türkiyədəki TV seriallarının hamısı vurdu-qırdı seriallarıdır. Bu gün Türkiyədəki festivallarda nümayiş olunacaq səviyyədə də filmlər çəkilir. Lakin belə filmlər ticari sektorun marağında olmadığı üçün təəssüf ki, izləyici ilə qarşılaşa bilmir. Türkiyədə “Mars” adında  bir film firması var. Bu firma dolğun məzmunlu filmlərimizi kütləyə çıxarmaq əvəzinə təəssüf ki, dövlətlə anlaşmalı şəkildə komediya və s. xarakterli kommersiya filmlərini nümayişə çıxarır.


- Kütləni əyləndirməyə xidmət edən məzmunsuz komediya filmlərinin bu gün Türkiyə gündəmini zəbt etməsindən danışdınız. Bəs necə düşünürsünüz, belə filmlərin sonu necə olacaq? Onlar kütləni öz təsirlərində formalaşdıracaq, yoxsa tükənəcəklər?


- Çox maraqlı sualdır. Bu gün Türkiyədə Recep İvedik, Yılmaz Erdoğan, Cem Yılmaz filmləri kütlənin ən çox izlədiyi komediya filmləridir. Bu gün bu tipli filmlər tükənmə nöqtəsindədir. Bunlar artıq gülüşünü bitirən filmlərdir. Yılmaz Erdoğan, Cem Yılmaz artıq populyar komediya filmləri hazırlaya bilmirlər. Xalq artıq başqa şeylər istəyir. İndi yavaş-yavaş axın başqa istiqamətə doğru gedir. Bu vəziyyətdən geriyə dönüş əminəm ki, çox fərqli olacaq.


- Geriyə dönüş necə olacaq? Türk sineması bu zaman qazanacaq, yoxsa itirəcək?


- Dönüş zamanı nəinki türk sineması, bütün dünya sineması qazanacaq. Mən bu mənada çox ümüdliyəm.Kapitalizmin ağrısız gözləntiləri artıq toplum tərəfindən rədd edilməyə başlanıldı. Təkcə bizdə deyil, bütün ölkələrdə belədir. Qeyd edim ki, hamı film çəkə bilər, lakin onu izləyəcək zövqlü kütlə tapa bilmək çox önəmlidir. Hər bir film sonda istehsaldan sonra nümayiş sayəsində öz xərclərini qarşılaya bilməlidir.


- Kiçik bir müqayisə aparmaq istərdim. Bu gün türk filmləri kapitalının yüksək olmasına baxmayaraq, bizə qonşu olan İran filmləri festivallarda daha çox filmlə təmsil olunur və qalib olurlar. İranda olan qadağaların heç biri isə Türkiyədə yoxdur. Bu, sizcə nədən irəli gəlir?


- İranda hal-hazırda festival şərtlırinə cavab verən daha çox film istehsal olunur və festivallarda İran filmləri daha tez qəbul olunurlar. Türkiyədə festival filmi çəkmək bu gün çox çətindir. Çünkü belə filmə sponsor tapmaq günümüzdə heç də asan deyil. Filmə öncədən pul yatırmaq lazımdır ki, o hazırlanıb ərsəyə gəlsin. İranda bu mənada istehsal olunan filmlərə sponsorlar da tapılır.


- Bəs Türkiyədə dövlət  sifarişi əsasında festival məqsədli filmlər çəkilmir?


- Çox qəribə bir vəziyyətdəyik. Bizim Mədəniyyət Nazirliyimizin festival məqsədilə filmlərə ayırdığı məbləğ də, kommersiya filmlərinə xərclənir. Burada da məqsəd pul qazanmaq üzərində qurulur, sənət üzərində yox. Şəxsi məqsədlər türk filmini festivallara gedib uğur qazanmağa qoymur.


- Mən Türkiyədə film sektorunda dövr edən pulla İranda bu sektorda dövr edən pula baxınca, Türkiyənin İrandan qat-qat üstün olduğunu görürəm. Bəs nə üçün nəticə belədir?


- Doğru söyləyirsiniz. Türkiyədə bu pulların dəyəri ilə yanaşı, bir də  kimlərin cibinə girdiyinə də baxmaq lazımdır. İranda isə dövlətin bu sektora ayırdığı pul birbaşa olaraq filmə xərclənir. Yəni ümummilli maraqlar şəxsi maraqları üstələyir. Yaxşı bir film şəxsin deyil, millətin və dövlətin sərvətidir. Türkiyədə isə bu  təbii ki, şəxsi məqsədlərlə və kapitalizmin acımasız şərtləriylə bağlıdır. Bu həqiqətən çox dərin mövzudur və bu mövzuda saatlarca danışmaq olar.


- Türk kinosunun keçmişinə baxınca, burada “Yeşil Çam” sinamasının bəlli bir yeri var. Biz bu filmləri uğurlu hesab edə bilərik?


- Türk sinamasının tarix ərzində bir neçə dəfə qalxış və çöküş nöqtələri olub. “Yeşil Çam”  filmlərinə gəlincə isə bu filmlər təbii ki, keyfiyyətli deyil. Lakin əyləncəli filmlər idi. O dönəmdəki populyar məntiqə uyğun istehsal olunurdu. O günün sinemasının yaxşı olması üçün ölkənin maddi və sosial vəziyyətinin də yaxşı olması vacib idi. Məsələn, Azərbaycanda çəkilən keçmiş filmlərə baxsaq, hamsının Sovet kinosunun təsirində olduğunu asanlıqla görərik. Eynisini də keçmiş Hindistan və Misir filmlərinə baxdıqda ingilis filmlərinin təsirində olduğunu görə bilərik. Yəni ölkələri əsarətdə saxlayan dövlətlər onun maddi sərvətlərindən istifadə etdiyi üçün mənəvi anlamda ona yatırımlar edirdi. Yəni onlar üçün öz film  istehsalı laboratoriyalarını açırdı və s. Məsələn, o zaman Türkiyə istehsalçısı gəlib Sovet laboratoriyalarında film istehsal etmək istəsəydi, ondan Azərbaycan üçün qoyulan qiymətdən 4-5 dəfə artıq pul tələb olunacaqdı.


- Türk sinemasının keçmişindən danışıdıq. Kino tarixinizdə Yılmaz Güney ve Şerif Gören kimi Kann festivalında qalib olan rejissorlarla yanaşı, sadəcə gülüşə səbəb olan məzmunsuz filmləriniz də çox olub. Bəs bu qeyri-bərabərlik sizcə nədən irəli gəlirdi?


- Əgər bizim dünənimiz olmasaydı, bu günümüz olmazdı. Yəni bizim film tariximizdə Yılmazlar, Şəriflər, Zəki Ökten və s. kimi fədakar insanlar olmasaydı, bugünkü inkişafa gəlib çıxmazdıq. Bu filmlərin yaxşı olub olmamasına gəlincə isə Yılmaz Güney filmləri öz dövrünə görə yaxşı filmlər idi. Nəzərə alaq ki, o zamanki Türkiyənin sosial durumu indikindən qat-qat aşağı idi. Biz keçmişimizi heç zaman rədd edə bilmərik. Yəni o dövrdə də, sadəcə komediya məzmunlu istehsal olunan filmlərimiz çox idi. Hər bir ölkənin iqtisadi, sosial və politik vəziyyəti o ölkənin filminin vəziyyətini müəyyən edir. Ona görə də, keçmişdə bütün səhvləri ilə “Yeşil Çam”da hazırlanan filmlərimiz olmasaydı, türk filmi bu günə gəlib çıxa bilməzdi. İndi sosial həyatımıza baxdıqda böyük binalar, şirkətlər, ticarət mərkəzləri, turizm mərkəzləri görürük. Amma o zamanki filmlərimiz istehsal olunanda bu imkanların heç biri yox idi. Demək ki, sosial və iqtisadi anlamda ölkə inkişaf edəndə onun film sənəti də inkişaf edir. Mən çox istərdim ki, kino ölkəmizdə sənaye olaraq inkişaf etsin. Hal-hazırda yalnız sektor olaraq inkişaf etməkdədir. Ölkəmizdə heç bir film qanunu yoxdur. Film qanunu olmayınca da inkişaf olmaz.


- Bəs film sektorunda söylədiyiniz qayda-qanunların olmasına, sənayeləşməyə kim nəzarət etməlidir?


- Təbii ki, dövlət nəzarət etməlidir və sözügedən istiqamətləri yaratmaq üçün film sektoruna külli miqdarda yatırımlar etməlidir. Daha sonra isə özəl sektorlar da bura cəlb olunmalı və yatırımlar etməlidirlər. Yəni hər bir özəl sektor bir filmə nə üçün və niyə yatırım edəcəyini bildikdən sonra bu işə atılmalıdır. Xərclədiyi pulların boş və anlamsız bir yerə getdiyini görən özəl qurum və ya iş adamı bir daha bu sahəyə qətiyyət yatırım etməz. Əksinə olduqda isə digər iş adamları da buna qoşular və kinoda kapital arta bilər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi