Modern.az

Sadə peşəkar - 7 ixtisaslı məşhur kitab satıcısı: “Kitab satmağı kartof satmağa döndəriblər” - PROJE

Sadə peşəkar - 7 ixtisaslı məşhur kitab satıcısı: “Kitab satmağı kartof satmağa döndəriblər” - PROJE

2 May 2012, 14:13

Elman Mustafayev: “Kitablar, bir də çörək ucuz satılmalıdır...”


Modern.az
saytının "Sadə peşəkarlar" projesinin növbəti qonağını kitabsevərlər yəqin ki yaxşı tanıyarlar... Ağlıma gəlməzdi ki, tələbə vaxtı qızlarla tez–tez getdiyim bu mağzaya bir gün jurnalist kimi müsahibə almağa yollanacam. Qarşımda dayanmış satıcını ilk andan tanıdım. Sakit təbiətli, asta tərzdə danışan, bu ağbənizli adam Elman müəllim idi. İçərişəhərə gələn hər bir kitab oxucusunun lap yaxşı tanıdığı və sevdiyi mağaza və satıcı... Yəqin ki, fikirləşirsiniz ki, satıcılığın müəllimə nə dəxli var. Amma siz də Elman Mustafayevi tanısanız, bəlkə də bu kitabxanaçıya başqa fəxri adlar da qoyardınız.

Kitab satıcısı ilə tanışlıq

Elman Mustafayev 1940-cı ildə Şəki şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini elə doğma şəhərdə alıb. Həyat Elman Mustafayevi Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaçılıq fakültəsinə gətirib. Burada o, «Kitab-əmtəəşünaslıq və biblioqrafiya» ixtisası üzrə təhsil alıb. Özünün dediyinə görə, 7 ixtisası var.
“Cavan vaxtlarımda orkestrdə tar çalmışam. Sonra iki illik kulinar şagirdlik məktəbini bitirmişəm. Hətta Şəkidə restoran müdiri də işləmişəm. Daha sonra bir müdət elektrik işləmişəm. Üç inşaatçı ixtisasım var. Əsgərlikdə olarkən öyrədiblər, suvaqçı, rəngsaz, bənnalıq. Hamısına da  sənəd veriblər. Amma uşqalıqdan kitaba olan həvəsim məni başqa peşələrdən uzaqlaşdırdı. Universitetdə gecələri təhsil almaqla, gündüzləri isə işləməklə məşğul olurdum. Kitab mağazasının müdiri işləyirdim eyni anda. Artıq 45 il olar ki, həyatımı kitab aləminə həsr eləmişəm. Uzun müddət Fəvvarələr meydanının yanında tədris pedoqoji mağazanın direktoru olmuşam. Orada fəaliyyətim 1960-1980- ci illərə qədər davam edib. Sonra Hökümət Evinin qarşısındakı iki mərtəbəli binanın -Bakı kitab evinin ilk direktoru olmuşam. Amma 1985-ci ildən sonra oradan könüllü şəkildə müəyyən səbəblər üzündən ayrılmışam. O vaxtdan indiyə kimi bu mağazanın sahibiyəm. Artıq 27 ildir ki, burada işləyirəm, çox maraqlıdır. 2005-ci ildən özəlləşdirmişəm, mənim adımadır mağaza”.

Hətta Orxan Pamuk da bu mağazadan kitab alır


Elman müəllim deyir ki, bu illər ərzində o qədər tanınmış inasanlar görüb ki, onların sayını belə,  bilmir.

“2008- cildə Orxan Pamuk mənim mağazama kitab almağa gəlmişdi. Biz onunla o qədər məzmunlu söhbət elədik ki, Orxan Pamuk özünü saxlaya bilməyib yanında gətirdiyi adama dedi ki, ”əfəndim bu kişi kitab satan deyil alimdir”. Gedəndə də Azərbaycan dilində klassiklərin əsərləri olan xeyli kitablar alıb apardı. Mən birinci dəfə belə xarici ziyalı görürdüm ki, gedəndə bu qədər kitab alıb aparsın. Danışırdı ki, ABŞ-da onun kitabları 30-50 dollara satılır.

Başqa türklər də olub ki, gəlib məndən kitab alıblar. Sonra ikinci dəfə gələndə mənim üçün bir qutu şokolad, Atatürk haqqında yazılmış kitab və onun rəsmini gətiriblər. Bir dəfə də Amerikadan bir turist gəlmişdi, mən ona başa saldım ki, dünyada Molla Nəsrəddinin lətifələri qədər qüvvətli lətifələr ola bilməz. Əvvəlcə etiraz eləsə də, sonradan mənimlə razılaşdı. Sonralar bildim ki, hətta “Nyu-York Tayms” qəzeti də də bu haqda yazıb. 1980-ci ildə isə Almaniyadan bir futbolçu gəlmişdi bura. Hətta mənə futbol komandasının simvolunu da bağışlmışdı. Bizim ziyalılardan isə Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, İlyas Tapdıq, Əkrəm Əylisli, Anar tez-tez qonağım olurdular. 50 il Bəxtiyar Vahabzadə ilə dostluq eləmişəm. Deyim ki, biz ana tərəfdən həm də qohumuq. Yazıçı Anarla isə düz 13 il qonşuluq da eləmişəm. Mənim evdə 200-ə  yaxın avtoqraflı kitabım var. Onların müəllifləri içərisində Sülüeyman Rüstəm, Süleymn Rəhimov və başqaları var”.

“Bir kitab, bir də çörək ucuz satılmalıdır”

Yeri gəlmişkən, bu kitrab mağazası bakıda kitabların bəlkə də ən ucuz satıldığı yerdir. Elman müəllim deyir ki, kitabları ona görə ucuz satır ki, oxucu əziyyət çəkməsin.
”Çörək və kitab... Hər ikisi insanlar üçün eyni dərəcədə vacibdir. İnsanlar kitabdan aldığını heç nədən ala bilməz. Qədim Babilistanda ən hörmətli adamlar kitabın üzünü köçürüən mirzələr idi. Həm hökümətlər, həm də insanlar mirzələrə böyük güzəştlər edirdi. Hələ bu, elmin, mədəniyyətin çox da inkişaf etmədiyi qədim dövr idi. Görün necə qiymət verirdilər o zaman kitablara, kitabçılara.
Amma bizdə kitab satmağı soğan–kartof satmağa döndəriblər. Bakıda qanı qiymətinə kitablar satırlar. Kitaba can yandırsalar, belə eləməzlər. Çünki o mağazaları açanlar özləri kitabın nə olduğunu bilmirlər. Mən bu peşənin bəlkə də Azərbaycanda ən birinci bilicilərindən biriyəm. Kitabların bahalığı oxucular arasında oxuma vərdişinin itirilməsinə səbəb olur. Ona görə də düşünürəm ki, kitab satmaqla bu işdən başı çıxanlar, ürəkdən sevənlər məşğul olmalıdırlar. Şəxsən mənim mağazamda gün ərzində azı 20-30, çox olanda isə 100-ə yxın kitab satılır”.

Bakının bu məşhur kitab satıcısından son zamanlar tez-tez bəhs olunan oxucu qıtlığının səbəbini soruşuram. Cavabı belə oldu:


“Ümumiyyətlə oxucuların azalmasının səbəbini bir az da texnologiyanın, kompüter, internetin yaranmasında görürəm. Düşünürəm ki, bizdə əvvəlki kimi oxucular olmayacaq. O nəsil artıq itib. Amma heç bir yenilik kitabı əvəz eləyə bilməyəcək. 60-80-ci illərdə hətta küçəsüpürənə qədər hamı növbəyə düzlənib kitab almaq istəyirdi. Amma indi... Televiziyalar kitabdan başqa hər şeyi təbliğ edir. Xarici ölkələrdə belə bir ənənə var ki, kitaba xüsusi qayğı göstərirlər. Onlarda kitaba əlavə dəyər vergisi yoxdur. Amma mən aylıq satış dövrüyyəsinin 4%–ni vergiyə ödəyirəm. Hələ üstəlik sosial müafiə fonduna da pul ödəyirəm. Bizdə güzəşt yoxdur. Halbuki, kitab satıclığı elə də gəlirli sahə deyil. Arzu edirəm ki, bizdə də sivilzasiyanın yaxşı inkişaf etdiyi ölkələrdə kimi güzəştlər olsun”.

Elman Mustafayevin  portretini yaradıb, imtahandan keçib

Elman müəllim haqqında çoxları yazıb, hədiyyələr edib. Amma ona daha çox əziz olan odur ki,  Rəssamlıq Akademiyasının 4-cü kursunda bir tələbə qızın bu müdrik kitab satanın rəsm əsərini çəkməsidir.
“Həmin qız rəsm əsərini mənim üçün çəkmirdi. İmtahan üçün nəsə çəkməliydi. Bir gün mağazaya gələndən sonra dəqiqləşdirib ki, mənim rəsmimi yaratsın. Mən də razı oldum. Beləliklə portret hazır oldu və qız imtahandan əla qiymətlə keçdi.
Hələ bu harasıdır ki, hətta Yaponiya mediası, Amerikada çıxan “Azerbaijan İnternational” jurnalı da iki səhifə həcmində haqqımda yazıb, “Nyu-York Tayms” qəzetində barəmdə məqalə dərc olunub, həmçinin Türkiyənin “Samanyolu” telekanalı mənimlə bağlı veriliş hazırlayıb... Fransa, İngiltərə mətbuatı da mənim haqqımda çoxlu yazılar dərc edib”.

Bir imkanlı şəxs mağazanı alıb qaraj etmək istəyib

Kitabxanaçı deyir ki, dəfələrlə ondan bu mağazanı alıb başqa məqsədlə istifadə etmək istəyənlər olub:
”Bir gün imkanlı adamlardan biri mağazaya gəldi ki, “buranı mənə sat”. Əlbəttə ki, satmayacaqdım. Amma maraq naminə soruşdum ki, buranı alıb neyləyəcəksən? Dedi ki, “oğlum ilə özüm üçün qaraj tikdirəcəm”. Düşüncə tərzinə bir baxın siz. Belə bir möhtəşəm yerdə, Qız Qalasının yanında qaraj tikmək..? Görünür imkanlı olmaq hələ dəyərli olmaq deyil.
Dərk eləmirlər ki, belə bir möhtəşəm ərazidə kitab mağazası yerləşməlidir. Çünki bura çoxlu turistlər gəlir. Onlara lazım olan açıqcalar, albomlar, kitablar, xəritələr, bir sözlə hər şey buradadır. Biz burada bu kitablarla turistləri cəlb eləyə bilərik. Amma bir sıra adamlar bunu başa düşmək istəmirlər. Deyim ki, bu mağaza əvvəllər cızbızxana olub. Bir yanğından sonra qərara alınıb ki, kitab mağazası olsun. Buranı çox çətinliklə qoruyub saxlaya bilmişəm”.

Deyirlər yeni kitab çapdan çıxacaq...


Elman müəllimlə söhbətimizə davam edirik. Özünin yaradıcılığınad danışır...

İndi mən bir kitab üzərində çalışıram. Bu nəşrə gənc vaxtlarımda yazdığım rübailəri, aforizmləri, birdə 45 ildə yığdığım xatirələrimi daxil edəcəm. Hətta “Gənclik” nəşriyyatının direktoru da məni tələsdirir ki, tez qurtar bu kitab adamlara lazımdır.
Məsələn, belə bir xatirəni ora daxil etməyə dəyər: ilk Azərbaycan baletinin müəllifi Əfrasiyab Bədəlbəyli 70–ci illərdə həftədə bir dəfə gələrdi yanıma. İçəri hər dəfə girəndə deyərdi ki, “Elman müəllim Allah səni mənə çox görməsin”, belə xatirəni unutmaqmı olar?
Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrim lap çoxdur. Bir dəfə qəşəng geyimli bir oğlan və qız girdi mağazaya. Qız məndən soruşdu ki, “day-day sizdə Bəxtiyar Vahabzadənin “Hop-Hopnamə”si var? Məndə belə bir xüsusiyyət var ki, heç kimi pərt eləmək istəmirəm. Cavab vermədim, dedim bəlkə özləri başa düşərlər səhvlərini. Gördüm yox, bunlar elə ikisi də bir–birinin tayıdır. Cavab vermədim. Çıxıb getdilər. Bir neçə gün sonra Bəxtiyar Vahabzadə gəldi əhvalatı ona danışdım. Güldü və sonra dedi ki, “mən heç istəsəm dəSabir kimi yaza bilmərəm”. Artıq müştərilər içəri girəndə mən bilirəm ki, onun xarakteri necədir, hansı şöbədən kitab alacaq, hansı səpkili kitabı oxuya bilər. Bu məndə artıq bir intiusiyaya çevrilib. Bu işdə müştəriyə qətiyyən hirsli, əsəbi cavab vermək olmaz. Mənim bu dünyadakı vəzifəm kitabları sahibinə(oxuculara) çatdırmaqdır. Əvəzində onların da mənə “Allah səndən razı olsun” deməyi mənə dünyaları verir. Bu mənim üçün bütün mükafatlardan üstündür. Özümün isə oxuduğum kitabların sayı yoxdur. Klassik və fəlsəfi əsərlərə üstünlük verirəm. Hazırda Albert Kamyunun “Vəba” əsərini oxuyuram”.

Mağazadan oğurluq eliyən tanınmış...

Elman müəllimdən soruşdum ki, heç mağazadan oğurluq eləyən olubmu? Cavabı belə oldu:
”Ay qızım, o qədər olubdu. Eləsi olub ki, gözümün qabağında bu işi görüb. Bir dəfə yenə bir oğlanla bir qız gəldi mağazaya. Oğlan kitabı sakitcə oğurlayıb qıza bağışladı. Qız da bilə-bilə ki, oğurluqdur bu kitab, qəbul elədi.
Hələ oğruların içərisində tanınmış insanlar da olub. Onlardan biri teleaparıcı Zaur Baxşəliyevdir. Düzünü desəm haçan oğurluq elədiyini deyə bilmərəm. Amma mənə deyiblər ki, özü televiziyada etiraf edib ki, “Elman müəllimin mağazasından vaxtı ilə kitab oğurlamışam”. Mən pulu olmayıb oğurluq edənləri hardasa bağışlayıram. Amma elə də olur ki, ehtiyacla əlaqəsi olmur. Professional oğrular olur. Elə maskalanırlar ki, heç tuta da bilmirəm“.


Elman müəllimlə söhbətimizin bu məqamında bir oğlan gülə-gülə bizə yaxınlaşıb dedi:


“Bağışlayın söhbətinizə istəmədən qulaq yoldaşı oldum. Elman dayı mənə halallıq verin, düz 10 il bundan qabaq sizin mağazadan Azərbaycanlıların deportasiyası haqqında bir kitab oğurlamışam. Onda 20 yaşım var idi. Qış olduğundan kitabı paltomun altına qoyub oğurlamışdım. Amma indi düşünürəm ki, hallalıq almaq lazımdır. Həmçinin kitabı da gətirib sizə qaytaracam”.

Elə üçümüz də bu oğurluq əhvalatına xeyli güldük. Sonra razılığa gəldik ki, kitab qaytarılan kimi Elman müəllim onu mənə bağışlasın.

Aşbazla musiqiçinin harmoniyası

Yeddi peşəni bir əldə tutan kitab bilicisi Elman müəllim deyir ki, çox vaxt evdə yeməyi özü bişirir.
”Qızım deyir ki, “ata sən daha dadlı bişirirsən”. Pitini, səbzə-plovu, yarpaq dolmasını bişirməyi və yeməyi çox xoşlayıram. Amma deyim ki,  toylarda təqdim olunan yeməklər keyfiyyət baxımından standartlara uyğun deyil. Çünki, professional aşbazlar azdır”.

Vaxtı ilə orkestrdə tar ifaçısı olmuş müsahibim vaxt, imkan tapan kimi klassik musiqiyə -Motsarta qulaq asmağı sevir.

“Bədii ədəbiyyat söyüş vasitəsi ola bilməz”

“Gənc yazarların içərisində yaxşı yazarlar var. Məsələn, Seymur Baycan, Qanturalı, Əli Əkbər...  Amma hələ tam püxtələşməyiblər. Onların bəzi yazılarını oxuyanda məndə belə bir təəssürat yaranır ki, mən ondan yaxşı yazardım. Gənc yazarların yazısında təəssüf doğurucu şey odur ki, çox açıq-saçıqlığa yol verirlər. Bədii ədəbiyyat tərbiyə vasitəsidir, söyüş, qarğış, bədnam yazmaq olmaz.

Gənc yazarlardan söz düşmüşkən, Seymur Baycan yazılarının birində demişdi ki, İçərişəhərdəki bu kitab mağazasının ömrü Elman müəllimin ömrü qədər olacaq.

Elman müəllim də mağazanın gələcək taleyi haqqında heç nə bilmir. Yeganə qız övladı da başqa sahə ilə məşğul olduğu üçün yolunu davam etdirən yoxdur.

Məncə biz insanlar tək peşələrimizdə deyil, insanlıqda da peşəkar olmağa çalışmalıyıq. Elə Elman müəllim kimi...



Şahanə Rəhimli  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir