Modern.az

İspaniya karantindən 4 mərhələdə çıxacaq

İspaniya karantindən 4 mərhələdə çıxacaq

29 Aprel 2020, 15:30

İspaniyada Nazirlər Şurası ölkənin tədricən karantindən çıxmasına dair dörd mərhələli planı qəbul edib.

 

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Baş nazir Pedro Sançes bildirib. Onun sözlərinə görə, proses müxtəlif regionlarda müxtəlif formada və koordinasiyalı həyata keçiriləcək. Məhdudiyyət tədbirlərinin aradan qaldırılması üzrə müxtəlif mərhələlərdə olan əyalətlər arasında hərəkət sonuncu mərhələyədək bağlı qalacaq. Mərhələlər hər bir konkret əyalətdə və adada epidemioloji vəziyyətdən və xəstəxanaların hazırlıq səviyyəsindən asılı olacaq.

 

Pedro Sançes ilk hazırlıq etapında bəzi müəssisələrin fəaliyyətinin bərpa olunacağını, evə aparılma xidməti göstərəcək bəzi restoranlar açılacağını, fərdi idman məşqləri keçiriləcəyini bildirib. Bu mərhələ bütün ölkə ərazisində rəsmən mayın 4-dən etibarən başlayacaq.

 

Növbəti fazada təhlükəsizlik tədbirlərinə əməl olunmaqla kiçik mağazalar fəaliyyət göstərəcək. Böyük mağazalar isə insan sıxlığı riskinə görə bağlı qalacaq. İctimai istifadə yerləri istisna olmaqla və məhdud sayda müştəriyə xidmət etmək şərti ilə terraslar, otellər və turist mənzilləri fəaliyyətə başlayacaq.

 

Üçüncü mərhələdə restoranların daxilində xidmətlər bərpa ediləcək, qapalı məkanda iştirakçıların sayı 50 nəfərdən, açıq məkanda isə 400 nəfərdən çox olmayan mədəni tədbirlərə icazə veriləcək.

 

Sonuncu etapda isə hərəkətə məhdudiyyətlər aradan götürüləcək. Bununla yanaşı, restoranlarda müştəri sayına məhdudiyyətlər qüvvədə qalacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir