Modern.az

Azərbaycanda xaçı müqəddəs saymayan, keşişlərə inanmayan, kilsəyə getməyən xristianlar – VİDEO

Azərbaycanda xaçı müqəddəs saymayan, keşişlərə inanmayan, kilsəyə getməyən xristianlar – VİDEO

29 Aprel 2020, 21:31

Xaçı müqəddəs hesab etməyən, keşişlərə inanmayan və kilsəyə getməyən xristianlar – malakanlar. Onlar özlərini əsl dindar adlandırırlar, heç bir dini hekayəti, kilsə qərarını qəbul etmir, yalnız "İncil"in göstərişlərinə əməl edirlər. Elə vətənlərindən sürgün edilmələrinin səbəbi də bununla bağlıdır.

XVIII əsrdə Həştərxana, Moloçnaya çayı sahilinə köçürülən kəndlilər vaxt keçdikcə “molokan” adlandırılıblar.

Amma malakan adının mənşəyi ilə bağlı bir sıra versiyalar da var. Bəzilərinin fikrincə, onlar pravoslav pəhrizlərini qəbul etmədiklərinə görə molokan adlandırılıblar.

Rusiyanın kilsə islahatını qəbul etməyib, köhnə ayinlərə sadiq qalan malakanlar müharibələrə də qarşı idi. Kilsənin təzyiqi ilə Çar Rusiyası malakanlardan qurtulmalı oldu. Və beləcə vəziyyətdən istifadə edərək ruslaşdırma siyasətini həyata keçirmək fürsəti də əldə etdi.

Malakanlar 19-20-ci əsrlərdə dünyanın bir sıra ölkələrinə sürgün ediliblər. 1820-ci ildən başlayaraq Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə  Sibirə və Qars vilayətinə köçürülüblər. 1921-ci ildə isə  Amerika, Yeni Zelandiya, Kanada ve Avstraliyaya.

Azərbaycanda malakanlar əsasən Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy və Qubada, kəndlərdə ayrıca icmalar şəkilində məskunlaşıblar. Ölkəmizdə  ən çox tanınan malakan kəndi isə İsmayıllı rayonunun İvanovka kəndidir. Yaşı 200-ü ötmüş İvanovka Azərbaycanda ən iri malakan kəndi və ölkəmizdəki tək kolxoz kəndidir. Burada evlərin tikilişindən tutmuş insanların dünyagörüşünə, geyim tərzlərinə kimi hər şey fərqlidir.

Malakanların digər kompakt şəkildə yaşadıqları kənd isə Gədəbəy rayonunun Novosaratovka kəndidir. Bura ilk malakanlar 1852-ci ildə Samara şəhəri və Rostov vilayətlərindən gəliblər.

Harada yaşamasından asılı olmayaraq malakanlar yerli əhali ilə qaynayıb-qarışaraq cəmiyyətin üzvünə çevrilməyi bacarıblar. Onlar Azərbaycanı öz vətənləri hesab edir. Buna görədir ki, dilimizi yaxşı öyrənib, hətta ləhcə ilə də danışırlar.

Modern.az  malakanlar haqqında videonu təqdim edir.





 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir