Modern.az

Cənub bölgəsində son durum: “Karantinin ilk vaxtları çox çətin idi” - Deputatlar DANIŞDILAR

Cənub bölgəsində son durum: “Karantinin ilk vaxtları çox çətin idi” - Deputatlar DANIŞDILAR

Parlament

30 Aprel 2020, 12:08

Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə demək olar ki, bütün qurumlar vətəndaşlara kömək məqsədilə səfərbər olunub.

 

Virusun ilk günlərində isə vəziyyət daha çətin idi. Virusa yoluxanların sayı sürətlə artırdı.

İlk vaxtlarda bölgələrdəki durumu Milli Məclisin deputatları ilə müzakirə edir, problemlərin olub-olmaması barədə məlumatlar əldə edirdik.

 

Bəs hazırda bölgələrimizdə ümumi vəziyyət necədir?

Hər hansı problemlər varmı?

 

Modern.az Cənub zonasını Milli Məclisdə təmsil edən deputatlarla əlaqə saxlayaraq rayonlardakı son vəziyyəti öyrənməyə çalışıb.

 

 

“İnsanlar üçün çətinlik yaratdı”

 

73 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyev deyib ki, əvvəlki günlərə baxanda irəliləyiş müşahidə olunur:

 

“Virusun ilk günləri daha çətin idi. İnsanlar karantin rejiminə alışa bilmirdilər. Halbuki karantin rejimi hər birimiz üçün önəmlidir. Bu yolla virusun yayılmasının qarşısını ala bildik. Bildiyiniz kimi, Lənkəranda kifayət qədər qohumlarım var. Onlarla əlaqə saxlayıram. Eyni zamanda, digər seçicilərim var ki, onlarla da əlaqə saxlayıb vəziyyətlərini, problemlərini öyrənirəm. Təbii ki, deputatı olduğum rayonda pandemiyanın ilk günləri bəzi problemlər vardı. İranla sərhədlərin bağlanması insanlara əlavə problemlər yaratmışdı. Çünki vətəndaşlarımız bazarlıq üçün İrana gedirdilər. Sərhəd bağlanandan sonra insanlar üçün çətin oldu. Tibbi maskalarla bağlı müəyyən çətinliklərdə vardı ki, hazırda o da həll olunub. Həmçinin rayon icra hakimiyyəti ilə bir gündən bir əlaqə saxlayıb ümumi vəziyyət barədə xəbər alıram”.

 

 

 Lerikdə koronavirus aşkarlanmayıb

 

78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov da hazırda Lerikdə vəziyyətin qənaətbəxş olduğunu qeyd edib:

 

"Demək olar ki, rayon camaatı ilə hər gün əlaqə saxlayıram. Bildiyiniz kimi, Polşadan, Rusiyadan ölkəmizə 300-ə yaxın insan gətirilmişdi ki, onların da 80 faizi tələbələr idi. Lerikdəki "Relax" istirahət mərkəzində yerləşdirilmişdilər. Karantinin ilk vaxtları çox çətin idi. Həm xaricdən gələn vətəndaşalrımızla, həm də yerli camaatla telefon əlaqəsi yaradır, vəziyyətlərini soruşurdum. Şükürlər olsun ki, Lerikdə koronavirus aşkarlanmadı. Bu da sevindiricidir. İnsanlarımız virusdan özlərini qorumağa çalışırlar. Deputat olaraq hər bir seçicimizə yardımlarımızı davam etdiririk”.

 

 

Masallıda koronavirusa yoluxanlar var

 

70 saylı Masallı şəhər seçki dairəsinin deputatı Məşhur Məmmədov bildirib ki, təmsil olunduğu bölgədə ilk günlərdə virusa yoluxma halı qeydə alınmasa da, sonradan bir neçə vətəndaşda virus aşkarlanıb:

 

“Təbii ki, insanların bir çox problemləri var. Bu problemlər ilk günlərdə həddindən artıq çox idi. Kənd insanları təşvişə düşmüşdülər. İndi isə bu məsələlər səngiyib. Tez-tez seçicilərimizə yardımlar edirik. Digər imkanlı şəxslərin köməkliyi ilə hər gün mağazalara 6 min çörək paylayırıq. Başqa yardımlarımızı da davam etdiririk. Hesab edirəm ki, bu günlərdə hər bir seçicimizin bizə ehtiyacı var. Biz də imkan daxilində yardımlarımızı əsirgəməməliyik. Ərzaq çatışmazlığı ilə üzləşən ailələrə çalışırıq ki, kömək edək. Hesab edirəm ki, bu günlərdə bir-birimizə daha çox dəstək olmalıyıq. İcra başçısı ilə də əlaqə saxlayıb rayonun ümumi vəziyyətindən xəbər tuturam”.

 

 

“Sonradan məsələlər yoluna düşdü”

  

75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadə deputatı olduğu rayonda  problemlərin azaldığını söyləyib:

 

“Deputatı olduğum rayonda tibbi maska problemi həll olunub. Digər bir məsələ var ki, cənub rayonları bazarlıq üçün İrana gedib-gəlirdilər. Ərzaq mallarını İrandan alıb gətirirdilər. Koronavirusa görə İranla sərhəd bağlanıb. Bu da ilk vaxtlarda insanlarda narahatlığa səbəb oldu. Kisələrlə un və digər məhsulları alıb evə yığdılar. Sonradan isə bu məsələlər də yoluna düşdü. İnsanlarımız anladı ki, bütün bunlar vətəndaşların sağlamlığının qorunmasına yönəlib. Gün ərzində rayon rəhbərliyi ilə əlaqə saxlayıram. İlk günlərdə zəng edən seçicilərin sayı daha çox idi. İndi bu zənglərin sayı azalıb. Təbii ki, gün ərzində rayon rəhbərliyi ilə əlaqə saxlayıb vəziyyəti soruşuram. Nə köməklik lazımdırsa, edirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!