Modern.az

Koronavirus Tacikistandan necə yan keçdi? - Diplomat səbəbləri açıqladı

Koronavirus Tacikistandan necə yan keçdi? - Diplomat səbəbləri açıqladı

30 Aprel 2020, 13:38

Bütün dünyada koronavirusun meydan oxuduğu bir vaxtda bir neçə sayılı ölkə var ki, bu gözəgörünməz varlıq həmin ölkələrə gedib çıxa bilməyib.

“Xoşbəxt” hesab edə biləcəyimiz həmin ölkələrdən biri də Orta Asiyada yerləşənən Tacikistan dövlətidir.

Nə qədər təəccüblü olsa da, 9 milyonluq əhaliyə sahiblik edən bu ölkədə indiyədək mövcud virusa yoluxma halı qeydə alınmayıb.

 

Maraqlıdır, necə oldu ki, koronavirus Tacikistandan yan keçir? Ölkə bu istiqamətdə hansı addımları atır?

 

Azərbaycanın Tacikistandakı səfirliyinin katibi Lutfollo Qoibnəzərov Modern.az-a açıqlamasında koronavirusun ölkədə yayılmasının qarşısının alınması üçün ilkin tədbirlərin yanvar ayında başladıldığını bildirərək, aprel ayından etibarən məhdudiyyətlərin tətbiq olunduğunu diqqətə çatdırdı:

 

“Koronavirusun ölkələr üzrə yayılmasının ilk günlərindən Tacikistan Respublikası, COVID-19-un ölkəyə daxil olmasının və yayılmasının qarşısını almaq üçün bütün zəruri tədbirləri görür. Vətəndaşların sağlamlığının təhlükəsizliyinin təmin edilməsi, koronavirusun yayılmasının qarşısını almaq və ölkə əhalisini ərzaq və dərmanla təmin etmək tədbirləri ilə bağlı bütün məsələləri ardıcıl həll etmək üçün hökumət səviyyəsində qərargah yaradıldı. Tacikistan Respublikasının Prezidenti, hörmətli Emoməli Rəhmonun koronavirus xəstəliyinə qarşı mübarizəyə dair müraciəti Tacikistan Respublikası Milli Məclisinin altıncı çağırış paralmentinin 2020-ci il 17 aprel tarixində keçirilmiş ilk iclasındakı nitqinə daxil edildi. Çıxışında dövlətimizin başçısı koronavirusun yayılmasının qarşısının alınması üçün hökumətin həyata keçirdiyi tədbirləri, həmçinin pandemiyanın nəticələrini aradan qaldırmaq üçün ölkənin iqtisadi inkişafını stimullaşdıran digər əlavə addımların atıldığını qeyd etdi. Bundan əvvəl prezident Emoməli Rəhmon, digər xüsusi tədbirlər ilə birlikdə, ölkə hökumətinin və Prezidentin İcra Aparatının nümayəndələrinə, yerli hakimiyyət və strukturların rəhbərləri ilə birlikdə, bu virusun yayılmasının qarşısını almaq üçün qərarların icrasına kömək etməyi tapşırmışdı. Ayrıca, Düşənbə şəhər başçısının sərəncamı ilə, insanların sağlamlığını qorumaq üçün, Düşənbədə paytaxt gününə həsr edilmiş hər hansı bir ictimai tədbirin keçirilməsi ləğv edildi. Eyni zamanda, dünya ölkələrində yeni koronavirusun yayılması ilə əlaqədar mövcud vəziyyəti nəzərə alaraq, 17 aprel 2020-ci ildə Tacikistan Respublikası İslam Mərkəzinin Üləma Şurası bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etdi. Üləma Məclisinin qərarına əsasən, 18 aprel 2020-ci il tarixdən vəziyyət sabitləşənə qədər, ölkənin məscid və ibadətgahlarında beş dəfə namaz qılmaq  və cümə namazı qılınması qadağandır. Ayrıca, Ramazan ayında hər cür toplantıların - iftar, bayram şənlikləri və digər tədbirlərin təşkili qadağandır. Müqəddəs Kəbə - Əl-Haram məscidinə və digər müqəddəs məkanlara ziyarətə müvəqqəti qadağa qoyulması ilə əlaqədar olaraq Üləma Məclisi, Həcc ziyarətini həyata keçirmək istəyən vətəndaşları bu məqsədlə yığılan pullarını sosial ehtiyaclara xərcləməyə çağırıb”.

 

Diplomat ölkəyə giriş-çıxışın məhdud olduğunu da deyir:

  

“10 aprel  tarixindən isə Tacikistan Respublikasının yeni koronavirus infeksiyasının ölkəyə daxil olmasının və yayılmasının qarşısını almaq üçün Tacikistan Respublikasının dövlət sərhədindəki bütün keçid məntəqələri vasitəsi ilə xarici dövlətlərin bütün vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin giriş və çıxışlarına müvəqqəti məhdudiyyətlər qoyulub. Amma bu məhdudiyyətlər xarici dövlətlərin diplomatlarına və beynəlxalq təşkilatların və maliyyə qurumlarının nümayəndələrinə, həmçinin Tacikistan Respublikasında akkreditə olunmuş ailələrinin üzvlərinə şamil edilməyib. Ayrıca, vaxt məhdudiyyəti beynəlxalq yük daşımaları ilə məşğul olan sürücülərə, hava vasitəsi ilə yükdaşıma xidmətinin heyətinə və beynəlxalq dəmir yolu nəqliyyatının ekipajlarına şamil edilmir. Bu kateqoriyalara daxil olmayan xarici dövlətlərin vətəndaşları üçün Tacikistan Respublikasından ayrılmaq zərurəti yarandıqda, çarter uçuşları təşkil olunur. Beynəlxalq yük nəqliyyat vasitələri və onların sürücüləri sərhəd buraxılış məntəqələrinə və sərhəd terminallarına daxil olduqda, Tacikistan Respublikasının müvafiq strukturlarının məsul şəxsləri yeni koronavirus infeksiyasının müəyyən olunmuş qaydada daxil olmasının və yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görürlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir