Modern.az

Türk ilahəsi

Türk ilahəsi

Ədəbi̇yyat

2 May 2020, 15:01

Azad Müzəffərli

hekayə

Türkiyə prezidenti Azərbaycanda səfərdəydi. Paytaxtda gəzintiyə çıxmışdı. Hər addımda doğmacasına qarşılanırdı. O da hamını qəlbən salamlayır, sıx ünsiyyət qururdu. Dənizkənarı xiyabanda iynə atsaydın yerə düşməzdi. Xəzri kölgəyə çəkildiyindən hava da ürəkaçandı.

Şıq geyimli balaca Humay da nənəsi və anasıyla birgə bulvarın həzzini çıxarırdı. Bu adı ona təsadüfən verməmişdilər. Oğuz türklərinin qan yaddaşından dünyaya gəlmişdi. Anadangəlmə şahzadəydi, xoşbəxtlik müjdəçisi. Nəsildən-nəsilə ötürülən deyimlərə görə həqiqətən zatı olan kökdən idi. Evdəkilər onu “cənnət məlaikəsi” deyə çağırırdılar. Hamı onu qədim inanclardakı kimi xoşbəxtlik, səadət və firavanlıq rəmzi sanırdı. İsimi qədim türklərin özlərinin tanrıları bildikləri  Umay, Humay, Hüma, əcnəbi dillərdə Feniks kimi səslənən mifik quşun adından götülmüşdü. Deyilənə görə, qədim zamanlarda həmin quş kimin çiyninə qonardısa və ya kölgəsi kimin üzərinə düşərdisə, məhz həmən kəsi şah elan edərmişlər. Humay türklərin bu adla bağlı rəvayətlərində söyləndiyi təkin iri gözlü, təbiət qədər əsrarəngiz üz cizgilərinə malik qızdı. Əsilzadəlik, xanımlıq üçcə yaşı yenicə tamam olan bu qızın qanındaydı. Balaca canıynan işvə, naz satmaqda tayı-bərabəri yoxdu. Həlim, ürəyəyatımlı danışığı vardı, səsi də özü kimi gözəldi. Arada zümzümə də edərdi. İnanılası gəlməsə də, kimsəyə aman verməzdi, paltarlarını da özü geyinər, yeməyini də özü yeyərdi. “Özüm, özüm...” deməkdən yorulmazdı. Bir sözlə, nəsillərinin gözünün nuru, qəlbinin yaraşığıydı. 


   

Türkiyə prezidenti onların yaxınlığından ötəndə Humay nənəsi və anası ilə çay süfrəsi arxasında əyləşmişdi. Qardaş ölkənin dövlət başçısını da birinci o gördü, televizordan tanıyırdı. Elə həmin andaca “Azəybaycan, Tüykiyə...” deyə səsini başına atdı. Eşitdiyindən sanki qanad açan prezident tələm-tələsik onlara sarı yön aldı. İlk baxışdan bəlliyidi, uşağa qanı qaynadı. Balaca da canıynan, qanıynan türk balasıydı ki, türk balası. Humay Ankara doğumlu Azərbaycan türkü idi. Atası Hacəttəpə Universitetində doktoranturada təhsil aldığından orada yaşayırdılar. Tətil vaxtıydı deyə Bakıya doğmalarına dəyməyə gəlmişdilər.

-      Sağ ol balaca, halal olsun, tarix bizi ayrı salsa da, biz eyni millətik...

-      Bu həqiqətən belədir, bizim üçün Azərbaycan və Türkiyə eyni dərəcədə doğmadır, bizi kimsə ayıra bilməz! - deyə ətrafdan sədalar ucaldı. Baş verənləri körpə fəhmiylə anındaca tutan Humay səsini bir az da ucaltdı; “Azəybaycan, Tüykiyə mənim üyəyimdi!”

-      Can, bəs, bu şahzadə xanımın adı nədir? - deyə prezident körpəni var gücüylə bağrına basdı. 

-      Humay...

-      Hə, nə gözəl addı, bu ki, biz türklərin ilahəmizdi... Adı ilə böyüsün...

-      Var olun, yaşasın müstəqil Türkiyə və Azərbaycan!!! - Alqış sədaları yenidən  ucaldı.

Xoşbəxtliyin ərşə bülənd olduğu bu dəmdə balaca Humay prezidentə səsləndi:

- Sən biliysən, mənim çoxlu oyuncaqlayım vay; beş dənə Baybim, başqa kuklayayım, qablayım, qaşıqlayım, fincanlayım, itim – adı Toplandı... Qışda Şaxta baba da mənə hədiyyələy veymişdi...

- Ay can, sən nə bildin ki, mən də sənə oyuncaqlar gətirmişəm, ey dünya gözəli, şahzadələr şahzadəsi... – deyən Türkiyə prezidenti köməkçilərinə göz-qaşla hədiyyələri gətirməyi işarə elədi. Dünya görmüş kişiydi, əvvəlcədən qarşısına çıxacaq körpələri də unutmamışdı, hazırlıqlı gəlmişdi.    

Bir qucaq oyuncaq sovqatını sinəsinə bərk-bərk sıxan Humay “Çox sağ ol” deməyi də unutmadı. Ağlı iynə ucu boyda  kəsəndən beləydi, nəzakət dağarcığıydı. Sevinci yığıb-yığışdırmaqla qurtaran deyildi. Balacalar üçün oyuncaqlardan dəyərli nə ola bilər ki... Handa-handa, yəqinki, nənə-babası...

Körpə, eləcə də, ətrafdakılarla doğmacasına sağollaşan prezident təzəcə aralanmışdı ki, qəfil nəsə yadına düşən və əlindəki oyuncaqları tələm-tələsik anasına və nənəsinə uzadan Humay “Baba, baba...” qışqıraraq ali qonağa sarı götürüldü. Balacanın səsinə qanrılan prezident onu göyə qaldırıb yenidən doğma balası təkin bağrına basdı: - Səni Tanrı qorusun! Humaysa canfəşanlığından qalmırdı, ciddi-cəhdlə kürəyinə keçirdiyi çantasını çıxarmağa çalışırdı.  Heç kəsə imkan verməyən prezident böyük maraqla özü ona kömək elədi. Balaca bir göz qırpımında çantasını açdı və oradan iki bayraq çıxardı; bu Azərbaycanın və Türkiyənin bayraqları idi. Tezcənə bütün uşaq səmimiyyətilə bayraqları köksünə bənd eləyərək bərk-bərk qucaqladı. Bu mənzərəni seyr edənlərin də, prezidentin də göz yaşları selə döndü.


     
Səadət dolu anların şahə qalxdığı bir məqamda Humay məsumcasına hər iki bayrağı şəstlə prezidentə sarı uzatdı. Tövründən bəlliydi, bu da dost ölkənin başçısına  onun hədiyyəsi idi. Xoşbəxtliyindən çöhrəsi çiçək açan prezident bayraqları əvvəlcə böyük şərəf və izzətlə gözünün üstə qoydu, sonra öpərək havada yelləməyə başladı: “ Azərbaycan – Türkiyə iki dövlət, bir millət!”. Hamı sarsılmaz şövqlə yenidən onun səsinə səs verdi. Balacanın bu incə jestindən kövrələn prezident sonda dili güclə söz tutacaq tərzdə yalnız bunları deyə bildi: - Bütün ömrüm boyu mənə hədiyyə edilənlərdən bundan dəyərlisini xatırlamıram!

P.S: Bu hekayə üç yaşlı nəvəm Humay Mövsümlünün şəxsində bu adı daşıyan bütün körpələrə həsr olunub

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi