Modern.az

“İtirilmiş torpaqlarımız...” silsiləsindən:  Malıbəyli  - Qarabağın “bala Tiflis”i...

“İtirilmiş torpaqlarımız...” silsiləsindən:  Malıbəyli  - Qarabağın “bala Tiflis”i...

Qarabağ

6 May 2020, 09:00

Şuşa rayonunun inzibati-ərazi vahidi olan Malıbəyli kəndi rayon mərkəzindən şimal-şərqə tərəf   12 km  aralı  olmaqla, Yuxarı və Aşağı Quşçular kəndləri ilə birlikdə  M.Əzizbəyov adına südçülük-tərəvəzçilik sovxozu idi.  Bu  təsərrüfatın  sahəsi Xankəndi şəhərinin 600-700 metrliyindəki  Qarqar çayınadək, əks tərəfdə isə Xocalı rayonunun torpaqlarınadək geniş ərazini tuturdu. Qarabağ xanı Pənahəli xan Carıcalı-Cavanşirin (1693-1763) oğlu İbrahimxəlil xanın (1732-1806)  saldırdığı məşhur  “Xan bağı” (alma,armud, gavalı,əncir, tut, qoz...ağaclarından ibarət 10 hektaradək ərazi) da daxil olmaqla.

 
Tarixi, maddi və mədəni irs, milli “ekoloji abidə”kimi bu bağ Qarqar çayından çəkilmiş arxla suvarılmaqla, Xankəndi şəhərinin şimal-şərqində, 1 km aralıda idi. Bağın yaxınlığında Xanın tikdirdiyi qədim karvansaray, Qarqar şayı sahilində inşa edilən 4 su dəyirmanı qalırdı.


1950-1960-cı illərdə təsərrüfatın “Ağa körpüsü”nün  alt  hissəsinin alt hissəsini tutan əkin-örüş yerlərinin xeyli hissəsi (kənd təsərrüfatı təyinatlı münbit torpaqlar) Xankəndi şəhərinin hüdudlarına daxil edildi, təsərrüfat rəhbərliyinin və üzvlərinin razılığı alınmadan. Baxmayaraq ki, haylar  yataqlanan Ballıca, Xənəzək və Daşbulaq kəndlərinin dəmyə və təsərrüfat üçün yararsız torpaqları Xankəndi şəhər yaxınlığında geniş sahə tuturdu, onların bir qarışına belə dəyilmədi.

   
Şəhər ərazisinə qatılan təsərrüfat torpaqlarında haylar  üçün yaşayış evləri tikildi (1950-ci ildən sonra bu yerə 20 hay ailəsi yerləşdirildi), Bakı Elektrotexnika zavodunun filialının binası inşa olundu, qədim karvansarayın yerində şəhər avtomobil bazası yerləşdirildi, daha sonra kənd təsərrüfatı maşınlarının təmiri və dəmirçi emalatxanaları (orada düzəldilən dəryaz, balta, oraq, dəhrələrdə ustalar hay mənşəli möhürlərini vururdular) salındı.

 
Tədricən “Xan bağı” ləğv edildi, karvansaray dağıdıldı (qalıqları qalırdı), əkin yerlərindəki “Lahıc bağı”, “Hüseynin bostanı”, “Məşədi Səmədin qoruğu”, “At qoruğu”, eləcə də məhsuldar tut bağları məhv edilərək torpaqları hayların  sərəncamına verildi.

 
“Xan bağı”ndakı  İbrahimxəlil xanın 2 mərtəbəli bağ evində Xankəndi şəhərindən köçürülmüş  8 ailə (onlardan biri də Sabir Əkbər oğlu Tağıyevin (1938-1989) ailəsi olub) yaşayırdı, yaşı 200 ildən çox olan bağın bağbanı Yuxarı Quşçular kənd sakini Balakişi Hüseyn oğlu (1911-1990) olub. Bu bağın alma ağacı sortları Təbriz şəhərindən gətirilmişdi, meyvəsi qışdada budaqda qalırdı, meyvəsinin qabığından və yarqağından  “Xoruzquyruğu” çay dəmlənirdi..

1970-ci illərdə təsərrüfatın torpaqları Ağdam-Xankəndi dəmiryolu tikintisi üçün istifadə edildikdə (dayanacaq Həsənabad kəndində (1795-1797-ci illərdə Ağa Məhəmməd şah  Qacara (1742-1797) qarşı dəstəsi ilə döyüşən Həsən bəyə verilən torpaqlarda salınan bu kəndə haylar 1920-ci ildən sonra köçürülüb, ətrafı otlaq sahələri idi), Malıbəyli kəndinin əkin-örüş torpaqları yenə də azaldıldıqda (təsərrüfatın  “Qullar yeri” (qədim yurd yeri olan) biçənək sahəsi də daxil olmaqla)  Yuxarı Quşçular kəndindən olan sovxoz direktoru  Binnət  Fərhad oğlu  Məhərov (1933-2009) narazılığını bildirib. O dövrdə Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbəri olmuş B.S.Gevorkov (1932-1998) isə cavabında belə demişdi:

- O torpaqların hesabına Malıbəyli  Stepanakertin mikrorayonu olacaq.

  
1918-1920-ci illərdə Xankəndində 18 ev olanda Malıbəyli kəndində 350 ev var idi, ona “bala Tiflis” deyilərdi...

(Yazının hazırlanmasında Şuşa rayonunun Malıbəyli kənd sakinləri Bəsail İbiş oğlu İbrahimovun (1946), Rafael Qulam oğlu Əlixanovun (1946), Tacir Nuruş oğlu Cəfərovun (1957) və Yuxarı Quşçular  kənd sakini Allahverdi Balakişi oğlu Balakişiyevin (1953) məlumatlarından istifadə edilmişdir)  

Qismət  Yunusoğlu,
Bakı Dövlət Universietinin müəllimi (050.372.60.08.)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir