Modern.az

Milli Məclisdə yeni mətbuat katibi - Bu vəzifəyə Ceyhun Əli gətirildi

Milli Məclisdə yeni mətbuat katibi - Bu vəzifəyə Ceyhun Əli gətirildi

6 May 2020, 14:23

Milli Məclisə yeni mətbuat katibi təyin olunub. Milli Məclisdən Modern.az-a bildirilib ki, spiker Sahibə Qafarovanın əmri ilə bu posta tanınmış teleaparıcı Ceyhun Əli təyin edilib.

"Parlament Aparatında aparılan struktur və kadr dəyişiklikləri çərçivəsində yeni yaradılmış Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir – Milli Məclisin mətbuat katibi vəzifəsinə Ceyhun Yusif oğlu Əliyev təyin edilib. Milli Məclisin Sədri Sahibə Qafarova bu haqda müvafiq sərəncam imzalayıb",-deyə Milli Məclisdən Modern.az-a bildirlib.

Qeyd edilib ki, yeni mətbuat katibi bu gün kollektivə də təqdim olunub.

Ceyhun Əli bu təyinatadək İctimai Televizyada aparıcı idi.

Qeyd edək ki, dünən yayılan xəbərlərdə Milli Məclisdə yeni mətbuat katibi vəzifəsinə AzTV-nin aparıcısı Elnar Məmmədlinin təyinat aldığı bildirilmişdi... Amma E.Məmmədli bu gün səhər Modern.az-a onun təyinatının təsdiqlənmədiyini söyləyib.

Milli Məclisin yeni mətbuat katibi Ceyhun Əli - Əliyev Ceyhun Yusif oğlu 1984-cü ildə Salyan şəhərində doğulub. Orta təhsilini Bakıdakı xüsusi təmayüllü İncəsənət Gimnaziyasında alıb. 2002-2006-cı illərdə Bakı Slavyan Universitetinin filologiya fakültəsində təhsil alıb.
Tələbəlik illərindən televiziyada təcrübəçi-diktor olaraq iş həyatına başlayıb.
Ali məktəbi bitirəndən sonra ATV-də aparıcı, “AzerTelecom” şirkətində İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya Departamentinin rəhbəri işləyib. Son iş yeri İctimai Televiziya olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir