Modern.az

“Gedirəm saa Hitlerin başın gətirməyə” - Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun anasına SÖYLƏDİKLƏRİ

“Gedirəm saa Hitlerin başın gətirməyə” - Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun anasına SÖYLƏDİKLƏRİ

9 May 2020, 18:09

Azərbaycanın az saylı (niyə azdır - bu başqa söhbətin mövzusudur) Sovet İttifaqı Qəhrəmanlarından biri də mənim doğulduğum kəndin - Beyləqan rayonundakı Birinci Şahsevən kəndinin payına düşür. Söhbət Rumıniyaya qədər döyüş yolu keçən qvardiya serjantı, həlledici anda sinəsini faşist ambrazurasına sipər etmiş Gəray Əsədovdan gedir (1923-1944).

Oxuduğum məktəb onun adını daşıyırdı. Məktəbin bağçasında kiçik bir büstü vardı. Bu büstün önündə şagirdlərin boynuna qırmızı pioner qalstuku bağlayırdılar, komsomol bileti təqdim edirdilər, təntənəli toplantılar keçirirdilər.

Qəhrəmana bir az qohumluğumuz da çatırdı. Atası Lətif kişi qaraqabaq, adamayovuşmaz idi. Sanki bütün dünyadan küsmüşdü. Anası Gülara xala isə ərinin əksinə, çox mehriban, dilli-dilavər qadın idi. İki qardaşı vardı. Barat müəllim kənd sovetinin sədri, Arif zootexnik idi. Aramızdakı yaş fərqinə baxmayaraq, o dövrün kənd dissidenti sayıla biləcək Ariflə söhbətimiz yaxşı tuturdu. Bacısı uşaqlarından arabir şeir yazan komsomol işçisi Bəhramla dostluq edirdik. Fəxrəddinlə də sinif yoldaşı idik.

1970-ci ildə onuncu sinifdə oxuyurdum. Keçmiş SSRİ-də qələbənin 25 illiyi geniş qeyd edilirdi. O zaman çox populyar olan "Azərbaycan gəncləri" qəzeti və Azərbaycan komsomolunun Mərkəzi Komitəsi "Qəhrəmanlar ölmürlər" mövzusunda ümumrespublika inşa müsabiqəsi keçirilməsi ilə bağlı elan vermişdi.. Mən də iştirak etməyi qərara aldım. Qəhrəmanım da təbii ki, həmkəndlim Gəray Əsədov idi.

Döyüş yolu haqda əlimdə sənədlər və materiallar olmadığı üçün kənddə keçən uşaqlıq illəri, müharibəyə qədərki həyatı haqda yazmağı qərara almışdım. Gəray kənddəki yeddi illik məktəbi bitirmişdi. Onu tanıyan adamları, çoxu qadınlar olan bir neçə sinif yoldaşını tapdım. Gülara xalanı xeyli sorğu-suala tutdum. Nəticədə 12 vərəqli şagird dəftəri həcmində xırda və narın xətlə yazılmış bir inşa hazırlayıb müsabiqə komissiyasına göndərdim. Yadımdadır ki, komissiyada baxılması ilə əlaqədar Azərbaycan LKGİ MK zərfində göndərilmiş cavab da aldım. Sonrası bir yana çıxmadı. Təbii ki, kiçik bir povest sayıla biləcək ilk "əsərimin" özümdə heç bir nüsxəsi qalmayıb.

Amma Gülara xalanın danışdığı bir epizod yaddaşıma əbədilik həkk olunub. Təngnəfəslikdən əziyyət çəkən qadın arabir gözünün yaşını silərək Gərayı cəbhəyə necə yola salmasını danışırdı.

"-Bala, Daşburun vağzalında İmam Hüseyn müsibəti idi. Əri, oğlu, qardaşı, nişanlısı fronta gedən arvadlar, qız-gəlinlər ağlaşma qurmuşdular. Kişilərdən də çoxu ağlayırdı. Ağlamayıb neynəsin? Ölümə gedirdilər də! Mən də ağlaya-ağlaya ilkimin - Gərayın boynuna sarıldım. Əli ilə qolumu boynundan götürdü, gülə-gülə:
- Ay arvad, niyə ağlayırsan? Toy-bayram elə. Gedirəm saa Hitlerin başın gətirməyə - dedi. Sonra yan-yörədəki tay-tuşlarını sakitləşdirməyə başladı.
Poyuz tərpənəndə də başın pəncərədən çölə çıxartdı, yumruğun qaldırıb "Adım Gəray, özüm geroy!"- qışqırdı".

Bu uzun xatirəni bölüşməkdən məqsədim sadəcə faşistləri lənətləmək, insanları o uzaq qələbənin sevincinə səsləmək deyil. Bizim haqq-hesab çəkməli olduğumuz öz faşistlərimiz var, əsl qələbə sevincini də onları diz çökdürəndə yaşayacağıq. Və bu mütləq olacaq. O həlledici anda hər kəndimizdən, obamızdan "geroyluq" qanında, genində olan onlarla Gəraylar çıxacaq!


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı