Modern.az

Məşhur sənədli filmlər rejissoru Bakıda: ““Sovetski” mənə çox maraqlı idi” - MÜSAHİBƏ

Məşhur sənədli filmlər rejissoru Bakıda: ““Sovetski” mənə çox maraqlı idi” - MÜSAHİBƏ

Ədəbi̇yyat

10 May 2020, 10:42

Modern.az saytının “ArtTime” rubrikasında budəfəki müsahibimiz dünya şöhrətli sənədli filmlər rejissoru Robert Romboutdur.


- Cənab Rombout, ölkəmizə ilk dəfə bir öl öncə gəlmişdiniz. Peşəkar rejissor kimi Azərbaycan sizdə maraq yaradırmı?


- Mən ilk dəfə buraya Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin təşkil etdiyi festival üçün gələndə Azərbaycan və Bakı haqqında heç bir fikrim yox idi. Mən keçən il Azərbaycana gələndə İttifaqın katibi cənab Denis məni bir çox yerlərə apardı. O, fotoqraf və rejissor Matthieuu Haag ilə birlikdə məndən “Sovetski”yə getmək istəyib-istəmədiyimi soruşdu. “Sovetski” mənə maraqlı gəldi, orada çoxlu şəkillər çəkdim. Sonra “Sovetski”ylə bağlı fotosərgisini təqdim etdim və tələbələrlə “workshop” keçirdim.
Mən Azərbaycanda cəmi iki dəfə olmuşam. Birinci dəfə bir film nümayişi və masterclass üçün gəlmişdim, hansı ki, çox maraqlı hadisələrlə yadımda qaldı. Həmin vaxt mən “Salaam Cinema” adlanan mədəniyyət məkanına getmişdim və mənim dərsim zamanı orda böyük problemlər yaşandı. Mənim dərslərim zamanı, binanı sökmək istəyənlər içəri girməyə çalışırdılar, oranı icarəyə götürən tələbələr isə onlara müqavimət göstərirdilər. Bu  halları izləmək isə çox təsirli idi. Maraqlısı bu idi ki, mən gənclərin empatiya hissini və dinamikasını görürdüm. Hər iki gəlişimdə mən Gəncəyə də getdim. Mən bu şəhəri həqiqətən də çox sevdim və ora yenidən getmək istəyərdim.


- Kifayət qədər geniş izləyici kütləsinə malik dünya şöhrətli rejissorsunuz. Nə vaxtsa Azərbaycan haqqında sənədli film çəkmək istərdinizmi?


- Əlbəttə istəyərəm, əgər bu mənə qismət olsa, araşdırma aparmaq üçün yenidən Azərbaycana gəlməliyəm. Ola bilər ki, Avropa İttifaqının payızda Azərbaycanda festivalı keçirilsin  və yəqin ki, mən də onda gəlim. Ancaq bu, hələ ki dəqiq deyil. Film çəkmək üçün isə Azərbaycanda daha çox vaxt keçirməli və hər qarışına bələd olmalıyam.


-
Azərbaycanlı tələbələrlə görüşərək, onlara masteklass və “workshop”lar verdiniz. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oldunuz. Tələbələrimiz haqqında nə kimi fikirləriniz var?

- Mənim azərbaycanlı tələbələrlə bağlı fikirlərim normaldır. Film məktəblərində və ya “workshop”larda dərs keçəndə həmişə elə insanlar olur ki, onlar nələrisə anlamırlar. Lazımsız suallar verirlər. Ancaq həmçinin elə insanlar var ki, onların böyük potensialı var. Sizin qrupdakılar üçün bu “workshop” yaxşı bir fürsət idi və orada yaxşı bir dinamika var idi. Bütün tələbələr yaxşı nəticə almaq üçün bir-birlərini təşviq edirdilər. Mən qrupdakı tələbələr arasında siz də daxil olmaqla bir neçə potensial  film adamları gördüm. İştirakçılardan Atanur adlı tələbə mənim magistr proqramım olan “DocNomads”a müraciət etdi və qəbul olundu.
Qrupda çox maraqlı olduğunu düşündüyüm başqa üzvlər də var idi. Problem budur ki, “workshop” sadəcə bir dəfəlik olur, ancaq bu daha davamlı şəkildə olmalıdır. Buna görə də mən yenidən dərs vermək üçün gəlmək istərdim, əgər bu alınsa, çox gözəl olardı. Ümumilikdə mənim təəssüratlarım pozitiv idi.


- 11 may tarixində azərbaycanlı tələbələr və kinosevərlər üçün “Imagine festivalı” çərçivəsində onlayn ustad dərsiniz olacaq. Dərsiniz hansı mövzularda aparılacaq?


- “Online Masterclass” bir saat və ya bir saat yarımlıq olacaq. Mən burada bir az öz təcrübəmdən, bir az rejissorluq sənətindən, sənədli filmdən və sənədli filmlə jurnalistikanın fərqindən danışacam. Hər şeydən çox iştirakçıların mənə suallar verməsini istəyirəm.


- Bir ixtisas tələbəsinin gələcəkdə yaxşı bir rejissor olması üçün nə lazımdır?


- Mən bu barədə ancaq sənədli film üzərindən danışa bilərəm. Bunun üçün insan ən birinci gözlərini və insanları eşitmək üçün qulaqlarını istifadə etməlidir. Həmçinin, empati hissindən istifadə etməlidir, yəni başqa birinin yerində olmağı bacarmalıdır. Bizim sosial bacarıqlar dediyimiz bacarıqlara sahib olmalıdır. Bundan sonra o bir növ kainat yaratmalıdır. Sən başqalarının tərzlərini kopyalamamalısan, özünəməxsus tərzin və ifadən olmalıdır. Xüsusi bir ifadə tərzinə sahib olmaq və empati şəkilləri inkişaf etdirmək bu işdə ən vacib nöqtələrdir. Bundan başqa, sənə əlbəttə bəzi texniklar lazımdır, ancaq bu texnikalar daha az vacibdir.
Tələbələrin ilk öyərənməli olduğu şeylər başdan görüntü və səsi bir-birindən ayırmaqdır. Əvvəlcə görüntülərin üstündə konsantrasiya olunmalı və görüntülər qeyd edilməli, digər tərəfdən də  səslər görüntü olmadan qeydə alınıb diqqət üstündə cəmlənməlidir. Yalnız bundan sonra onlar bir araya gətirilməlidir. Bu iki şeyi birlikdə etmək çox çətindir. Sən hər şeyi özün edə bilməzsən. Mən yaxşı bir kameraman ya da səs rejissoru deyiləm, sadəcə yaxşı rejissoram. Yəni sən bilməlisən ki, sən nəyi yaxşı bacarırsan, nəyi bacarmırsan.


- Yeni film üzərində işləyirsiniz?


- Hazırda bir neçə film üzərində işləyirəm. Bir film “Amsterdam hekayələri”nin davamı olacaq, bu dəfə ABŞ-da yox, Cənubi Afrikada çəkiləcək. Bu filmlə bağlı olan şəkilləri məmuniyyətlə sizə və oxucularınıza təqdim etmək istərdim. Biz artıq işləməyə başlamışıq. Digər bir filmdə isə mən başqa birinə kömək edirəm. Ümumiyyətlə, mən hər zaman bir neçə proyekt üzərində işləyirəm.


- Özünüzü bir rejissor, yoxsa müəllim kimi daha uğurlu hesab edirsiniz?


- Mənim üçün çox özəl və kifayət qədər maraqlı sualdır. Siz özünüzü bir müəllim olaraq, yoxsa rejissor olaraq daha uğurlu hesab edirsiniz? Mənim cavabım budur ki, mən müəllim olmadan rejissor ola bilmərəm, həmçinin rejissor olmasam da, müəllim ola bilmərəm. Bu o deməkdir ki, mən onların hər ikisini çox önəmli hesab edirəm. Əgər sən müəllimsənsə, nə istədiyini izah etməyi bacarmalısan. Müəllimlik sənin film heyətinə nə istədiyini izah etməkdə doğurdan da kömək edir. Həmçinin, bu sənə yazmaqda da kömək edir, çünki əgər sən öyrədirsənsə insanlar səni anlamayanda bunu o dəqiqə başa düşürsən. Sən müəllimsənsə, bir məktəbin parçasısan və ictimai bir elementsən, yalnız deyilsən. Buna görə də düşünürəm ki, öyrətmək mənim üçün çox vacibdir. Amma mən rejissor olmasaydım, öyrətməyi bacarmazdım, eyni zamanda filmlər də çəkməliyəm. Düşünürəm ki, sadəcə rejissor olmaq yaxşı deyil, elə olsa sən tək olarsan. Burda həmçinin başqa məsələ də var. Film təhsilində çox xüsusi bir şey var, bəzən tələbələr səndən yaxşı olurlar. Bəlkə bu başqa sahələrdə belə olmur, məsələn, riyaziyyatda müəllim hər zaman şagirdlərdən daha yaxşı ola bilər. Amma film məktəblərində bu belə olmur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi