Modern.az

Firudin Cəlilov: “Sevgi macəralarında ağıllı qadınların bəxti gətirmir” - MÜSAHİBƏ

Firudin Cəlilov: “Sevgi macəralarında ağıllı qadınların bəxti gətirmir” - MÜSAHİBƏ

Müsahibə

10 May 2020, 11:48

Ona eşq haqqında bu həqiqəti anladan xanımın, bəlkə də, xanımların  kim olduğunu öyrənməyi çox istərdim. Amma sözü ha fırlatdımsa, sirr vermədi...

Müsahibimin millətini sevən bir ziyalı, alim olduğunu bilirdim, buna heç vaxt şübhə eləməmişəm. Amma ara- sıra öz-özümə verdiyim   “Firudin bəy kimi bir insanın  siyasətlə nə işi var” sualıma  da müsahibədən sonra cavab tapdım. O, əsl siyasətçi fəndiylə, könlümü qırmadan söhbətin yönünü dəyişməyi elə bacardı ki... 

 

- Sevgi? Paho..! Bu bir az çətin məsələdi. Amma eybi yoxdu, dilçi kimi sözü fırladıb danışarıq. Siz deyən olmasın, ayrı sevgi olsun.  Bilirsiz, üzdə olan siyasətçilərin pərdəarxası həyatının,  sevgi macəralarının mediaya çıxmasını normal qəbul eləmirəm. Amma təəssüf ki, mənim sevgi macəralarım çoxdan bitib. Öz çevrəmdə artıq ağsaqqal sayılıram. Bir də belə şeylərdən danışmaqla aram yoxdu. Görürsən, biri durub məclisdə başlayır ki, filan qadınla filan yerə getdim, nə bilim, belə elədim...Birinin də üstünə beşini qoyub öyünürlər. Danışan olmadığıma görə dostlarımın çoxu mənə həmişə “Lal Hüseyn” deyirdilər.


- Deyirsiz  söhbətimiz tutmayacaq?


- Yox, niyə ki? Dedim axı söhbətdən boyun qaçırmıram. (Fikirləşir) Əvvəla, dilimizdə sevgi bildirən çox söz var. Bəziləri özümüzünküdü, bəziləri gəlmə sözlərdi. Bunlardan biri Eşqdir . Bu söz şərq fəlsəfəsində dörd kateqoriyaya bölünür:  ilahi, platonik, həqiqi, bir də məcazi eşq. “Leyli və Məcnun”u anlamaqçün bu fəlsəfəni bilmək lazımdı. Müasir oxucuların çoxusu başa düşmür ki, Məcnun niyə dəlilik dərəcəsinə çatır. Niyə Leylidən imtina eləyib onun xəyalı ilə yaşayır? Eşq sarmaşıq kimi bir şeydi, adamı qupquru qurudur. Bizim cəmiyyətdəsə eşqin iki növü var: həqiqi, məcazi. Birincisi, normal insani münasibətlərdi. Məcazi eşqsə bir az yalançıdı. Özünə vurulub başlayırsan kimisə sevməyə.


- Bəs Firudin Cəlilovun sevgisi hansındandı?


- Mən insanları çox sevirəm. Bu, bəşəri sevgidi. İstəyirəm, hamı xoşbəxt olsun. Mənə yamanlıq eləyənə də pis ola bilmirəm, özümdən asılı deyil.


- Qadınlara da?


- Danışdıq axı, gənclik dövrünün macəralarını qurdalamayacağıq...


- Mən o qədər də dərinə getmirəm...

- ...

- Hansısa bir xanımdan gözləmədiyiniz  zərbə almısız?

- Vallah, istəyirsiz, inanın, istəyirsiz inanmayın, mənim həyatımda elə bir adam olmayıb.


- Deməli, qadınlar sizi çox seviblər...

-  Həə, onu boynuma alıram.


- Niyəsini deməzsiz?

- Elə bayaq dediyim məsələdi. İnsanlara münasibət onun öz xarakterindən doğur.


- Deməli, xarakterinizlə  xanımların sevgisini qazanmısız?

(Gülüb başını bulayır.)


- Xanım, məni o tərəfə çəkməyin... Körpələrə məhəbbətim var. Dəxli yoxdu, özümünküdü, qonşununkudu, ya ayrı bir millətin. Onlar safdı, məsumdu. Hislərini o saat büruzə verirlər, səmimidilər.  Adam üzünü onların övcuna qoyanda o qədər rahatlaşır ki...


- Qadın kimdi sizinçün?

(Köksünü ötürür)


- Qadınlar zavallı məxluqdular.


- Zavallı niyə?


- Allah kişilərə verdiyi imkanı onlardan əsirgəyib. Əlbəttə, bütün millətlərin qadınlarını nəzərdə tutmuram.

- Amma yer üzünün bütün qadınları eyni cür doğulur. Bəlkə, günah elə kişilərdədi?


- Elə deyil, hər bir millətin öz mentaliteti var. Mühit başqadı.


 -Mühitin “müəllifi” də biz deyilikmi?


- Mühiti konkret sən, mən, o, bu yaratmayıb. Bu, min illərlə formalaşan münasibətdi. Amma bizim ulularımızın qadına münasibəti çox gözəliydi. Xaqanın xatunu dövlət adamı hesab olunub. Məclislərdə kişilərlə yaşmaqsız-filansız oturublar. Bayaq dediyim “zavallı” sözündə fizioloji aspekt var. Kişilərin  sərbəstliyi qadınlarda yoxdu, onlar bu addımı atanda cəmiyyətin tənəsiylə qarşılaşırlar. Amma qadınların çiynində böyük bir missiya var. Bəşəriyyətin davamı, xalqın xoşbəxtliyi onlardan asılıdı. Çox vaxt cəmiyyət özü onların imkanlarını əlindən alır. Heç vaxt istəmərəm ki, Azərbaycan qadını zavodda, fabrikdə, tarlada işləsin, axşam yorğun-arğın xörək bişirsin, səhər o başdan bir də işə qaçsın. Yadımdadı, uşaq vaxtı Şərura-qohumumuzgilə gedib-gəlirdim. Görürdüm, bütün kişilər oturub çayxanada çay içir, nərd oynayır. Qadınlar da çiyinlərində kətmən, pambığa gedir. Ürəyim ağrıyırdı. Ən çox sevdiyim qadın mətbəxdən çıxmayandı. Görürsən, zümzümə eləyə-eləyə cürbəcür xörək bişirib hazırlayırlar.


- Xanımınız da elədi?


- Əlbəttə, elə ona görə də çox istəyirəm onu. Qadınların təhsiliylə məşğul olmalıyıq ki, intellektual səviyyə qazansınlar. Bütün qadınlar  gərək  ali ixtisasla yanaşı, pedaqoji, psixoloji təhsillə də bilgilənsin.


- Məncə, bunları mətbəxdən çıxmayıb eləmək mümkün deyil.


- Düzdü, bayaq çox qabartdım. Heç bir qadın səhərdən axşama kimi mətbəxdə qala bilməz.


- Hər halda, məişət xanımlardan dediyiniz o keyfiyyətləri  “oğurlayır”.


- Mən sizinlə razı deyiləm. Qadının dövlət işində işləməyini, siyasətlə məşğul olmağını təsəvvür eləmirəm.


- Bəs jurnalist?


- Jurnalist gənclik peşəsidi. 30-40 yaşından sonra jurnalist işləmək qadına yaraşmır. Bir də  millətçi qadınları sevirəm. Tarixini bilsin, mübahisələrə girişsin. Görürsən, çox gözəl qadındı, amma beş dəqiqə söhbətdən sonra onun bəsitliyi  gözəlliyini heçə endirir. Adi görkəmli bir xanımsa səviyyəsiylə gözəl görünə bilər.


- Belə bir qadın sevmisiz?


- Onları sevmək çox çətindi.


- Niyə?


- Çünki sevgi macəralarında ağıllı qadınların bəxti gətirmir. Kişilər onlardan qorxurlar.


- Siz də?

-...


- Deyəsən çətin sual oldu.

- Nə bilim, vallah...Həyatımda elə məqam olmayıb ki, hansısa qadının intellektual səviyyəsindən qorxum.


- Bəlkə, eləsi qarşınıza çıxmayıb?

- Siz deyəsən, yavaş-yavaş boynuma qoymaq istəyirsiz ki, mənim həyatımda çoxlu qadın olub.


- Hər halda, olmamış deyil...

Deyəsən, onu çətinə saldım. Söz tapmır, yerində qurcalanır. Sonra boğazını bərkdən arıtlayır.


-Təbii, müxtəlif xarakterli, ağıllı qadınlarla tanışlığım (ardınca tez “dostluq” sözünü əlavə eləyir.) olub.

Yenə susur.  Mən də danışmıram...

- Müxtəlif sevgilərdən danışdıq, heç yurd sevgisindən demədik. Bu sevgi bəzən adamı dəlilik dərəcəsinə də gətirir...

Yurd sevgisindən yavaş-yavaş siyasətə keçir. Müəllimlik peşəsinin qaydasıyla-aram-aram, çözə-çözə...

Bu dəfə “qanımızın arasına”  telefon zəngi girir. Dəstəyi götürür, o saat da üzü gülür. Zəng eləyən qadındı, səsini eşidirəm.


- Həə, sənsən? Nətərsən? Salamatçılıqdı? Yanımda bir xanım var, jurnalistdi. Ha fırladır, məndən bir söz alsın, olmur. Şikayətin var məndən?

O da nəsə deyir. Bərkdən gülür.


- Qoy verim, özünə de. Yaxşı,  sağ ol!


- Xanımınızdı?


- Həə, deyirəm, məndən şikayətin var? Deyir, qoy yazsın ki, bizim kişi bütün kişilərin etalonudu.


- Deyəsən, çox istəyir sizi?

(Gülümsəyir.)

- Ailə başqa şeydi. Gərək, elə adam seçəsən ki,  ömrün burnundan tökülməsin. Ailə quranda  azadlığından da keçməlisən. Xüsusən də, qadınlar.


- Azadlığınızı itirdiyinizçün peşman deyilsiz?

- Qətiyyən! Mən bir az köhnə kişilərdənəm. Heç vaxt evdə hesabat vermirəm. Heç soruşan da yoxdu ki, hardaydın, niyə gec gəldin?  Verdiyim azadlıq könüllüdü. Bunun özündə də xoşbəxtlik var.


- O hansı azadlıqdı?

Fikirləşir.

- Sutkada 16-18 saat işləyirəm. Düz 30 ildi. Səhər işıqlananda yatağa gedirəm. İnsan özünə də vaxt ayırmalıdı, dincəlməlidi. Bax həmin vaxtı oğlanlarıma həsr eləyirəm.


- Bəs xanımınıza?

- Az-maz.

- O qadında şir ürəyi var!

- Onsuz da evdəkilərin hamısına əziyyət verirəm. Adımı “kvartirant” qoyublar. Yaxşı ki, heç kəs narazılıq eləmir. Xanımım da məni başa düşür. Özü də alimdi axı...

 

 1999

Səfurə Çərkəzqızı,
“Sevdalılar”

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi