Modern.az

Ziya Məmmədov: "Avtobus və taksi parkının yenilənməsi üçün müqavilələr bağlanıb" - MÜSAHİBƏ

Ziya Məmmədov: "Avtobus və taksi parkının yenilənməsi üçün müqavilələr bağlanıb" - MÜSAHİBƏ

7 May 2012, 17:24

Nəqliyyat naziri Ziya Məmmədov hakimm partiyanın saytına müsahibə verib. Modern.az müsahibəni qısa ixtisarla təqdim edir.


- Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Ölkəmizdəki ictimai-siyasi sabitlik, həyata keçirilən sosial-iqtisadi islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Bununla yanaşı, özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünya birliyi üçün açıq və tərəfdaş ölkəyə çevrilib. Bir məqam xüsusi vurğulanmalıdır ki, Ümummilli lider Heydər Əliyevin rasional və praqmatik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olub.

Cəsarətlə demək olar ki, 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanın xarici siyasət tarixinin ən böyük hadisələrindən biri kimi tarixə düşmüşdü. Konfransda qeyd olunmuşdur ki, Böyük İpək Yolunun dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dirçəlişində, onun iqtisadi-mənəvi oyanışında misilsiz rol oynayacaq. Ulu öndər Heydər Əliyevin zəkasının nəticəsi olan bu cür nailiyyətləri sadalamaqla bitmir. Məhz, bu müdrik kursun məntiqi nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələri, o cümlədən nəqliyyat-yol kompleksi dinamik sürətlə inkişaf edir. Biz bu inkişafın qarşıdakı illərdə də daha böyük sürətlə davam etdiriləcəyinə varlığımız qədər inanırıq. Çünki Azərbaycanımızın bugünkü uğurunun, qüdrətinin təminatçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev də məhz Ümummilli liderimizin varisi, Heydər Əliyev məktəbinin layiqli davamçısıdır.

- Nəqliyyat-yol kompleksi sahəsindəki inkişaf dinamikasını nə cur dəyərləndirərdiniz?

- Bu gün nəqliyyat-yol kompleksinin fəaliyyəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edən ölkə iqtisadiyyatının və əhalinin nəqliyyat xidmətlərinə olan tələbatının ödənilməsinə, ölkəmizin tranzit potensialının artırılmasına, nəqliyyat infrastrukturunun və parkının yeniləşdirilməsinə yönəldilib.

Nəqliyyat xidmətlərinə artan tələbatın təmin edilməsi məqsədi ilə daha səmərəli nəqliyyat sisteminin yaradılmasına istiqamətlənmiş və cənab Prezidentin sərəncamları ilə təsdiq olunmuş proqramların yerinə yetirilməsi nazirliyin əsas fəaliyyət istiqamətidir. Qeyd edim ki, ötən illər ərzində bu sahədə bir sıra problemlərin həllinə nail olunub, zəruri maddi-texniki baza formalaşdırılıb, bununla da hazırda görülən işlər üçün əsaslı zəmin yaradılıb. Elə ötən il müddətində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və əldə olunmuş uğurlar bir daha sübut edir ki, nəqliyyat-yol infrastrukturunun inkişafında yüksək dinamizm var.

- Ziya müəllim, son illər ərzində Azərbaycanın, xüsusilə də, Bakı şəhərinin nəqliyyat-yol sektorunda irimiqyaslı işlərin görüldüyü göz qabağındadır. Yeni yollar salınır, körpülər və yeraltı keçidlər inşa edilir. Ötən ildə də çoxsaylı layihələr reallaşdırılıb. Bu konteksdən 2011-ci il hansı yeniliklərlə yadda qalıb?

- Ümumiyyətlə, 2011-ci il ərzində nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülüb, infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə nail olunub. Ötən il ərzində nəqliyyat sektoru üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilib, 203,5 milyon ton yük, 1491,9 milyon nəfər sərnişin daşınıb.

"Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi" üzrə işlər davam etdirilib, hazırda yolun Axalkələk–Kartsaxi (Türkiyə sərhəddi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası və Kartsaxidə stansiya binasının tikintisi həyata keçirilir. Həmçinin, Axalkələk stansiyasının və Türkiyə-Gürcüstan sərhəddində tikiləcək 4,2 km uzunluğunda tunelin layihələndirilməsi işləri aparılır. Eyni zamanda yolun 153 km-lik Marabda–Axalkələk sahəsinin 3 mərhələdən ibarət reabilitasiya və rekonstruksiyanın I mərhələsində işlər davam etdirilib.

Bununla yanaşı, dəmir yolunun bu marşrut üzərində yerləşən infrastrukturunun yeniləşdirilməsi tədbirləri müəyyən edilib və "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrasına başlanılıb.

Dəmir yolunun Bakı–Böyük-Kəsik sahəsində 317 km uzunluğunda baş yolların əsaslı təmirinə başlanılıb və bu məqsədlə 2011-ci ilin dövlət büdcəsindən və beynəlxalq maliyyə institutlarının kreditlərindən 59,4 milyon manat vəsait sərf olunub.

Yolun bu hissəsində enerji təchizatının və işarəvermə sisteminin yeniləşməsi, həmçinin, yeni lokomotivlərin və sərnişin vaqonlarının alınması və digər layihələr üzrə müvafiq işlər aparılır. «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti üzrə Beynəlxalq mühasibat hesablama standartlarına (BMHS) keçid ilə bağlı maliyyə sistemlərində islahatların aparılması üçün məsləhətçi G&G Consulting (Turkiyə) şirkəti seçilib və bu şirkət ilə müqavilə bağlanaraq işlərin icrasına başlanıb.

2011-ci il ərzində avtomobil yollarının saxlanmasına ayrılmış vəsait də daxil olmaqla, ümumilikdə 1608,3 milyon manatlıq iş həcmi yerinə yetirilib. Ötən il ərzində 668,7 km, o cümlədən 198,7 km respublika əhəmiyyətli, 421,5 km yerli əhəmiyyətli və Bakı şəhərində 48,5 km yol təmir olunub. Daxili investisiyalar hesabına Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun, Bakı-Ələt (4-14 km), Zərdab-Mollakənd, Ələt-Hacıqabul, Qusar-Əniğ-Ləzə, İsmayıllı-Lahıc, M-2 (336 km)-Gəncə, Ələt-Hacıqabul, Cəlilabad - Yardımlı avtomobil yollarının tikintisi davam etdirilib, Kürdəmir-İmişli, Goran-Naftalan avtomobil yollarının inşasına başlanılıb. Bəhramtəpə-Biləsuvar avtomobil yolunun 4-cü kilometrində Araz çayının yeni qolu üzərində körpü tikilərək istismara verilib.

Bundan əlavə, avtomobil yollarında 18 ədəd, o cümlədən, Lənkəran iqtisadi rayonu üzrə 6 ədəd, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 1 ədəd, Gəncə-Qazax iqtisadi rayonu üzrə 4 ədəd, Aran iqtisadi rayonu üzrə 6 ədəd, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1 ədəd körpü tikilərək istismara verilib. Aran iqtisadi rayonu üzrə 74 km, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 38 km, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 53 km, Gəncə-Qazax iqtisadi rayonu üzrə 23 km olan yerli əhəmiyyətli avtomobil yollarında təmir və yenidən qurma işləri aparılır. Quba–Xaçmaz iqtisadi rayonunda uzunluğu 20,4 km olan Quba-Qəçrəş-Qımıl avtomobil yolu tikilərək cari ilin sentyabr ayında istismara verilib.

Beynəlxalq maliyyə institutlarının kreditləri hesabına maliyyələşdirilən layihələr üzrə işlər davam etdirilib. Belə ki, Qazax-Gürcüstanla dövlət sərhədi və Kürdəmir-Ucar avtomobil yolları, Yevlax-Gəncə yolunun 0-50-ci km hissəsi yenidən qurularaq istismara verilib. Gəncə şəhərinə giriş avtomobil yolunun 7,5 km hissəsi yenidən qurulub, yolun qalan hissəsində işlər davam etdirilir.

Bakı Dairəvi-1 avtomobil yolunun 6 km-lik hissəsində, Ələt-Astara yolunun 0-9-cu km hissəsində, Muğanlı-Yevlax yolunda, Yevlax-Gəncə yolunun əlavə 2 zolaq genişləndirilməsində, Bakı-Ələt və Hacı Zeynalabdin Tağıyev-Sahil avtomobil yollarında tikinti işləri davam etdirilib.

Ələt-Astara avtomobil yolunun Yenikənd-Salyan və Salyan-Şorsulu hissələrinin və Kür çayı üzərində körpünün tikintisinə başlanılıb. Bakı-Şamaxı yolunda əlavə 2 zolağın tikintisi üzrə hazırlıq işləri yekunlaşdırıb və tikinti işlərinə başlanılıb. Ələt-Astara yolunun Şorsulu-Masallı hissəsi və Masallı-Astara sahəsi üzrə podratçının seçimi aparılır. Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun Hacıqabul-Bəhramtəpə layihəsinin icrası üzrə səfərbərlik-tikinti işlərinə başlanıb.

Ümumilikdə, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı”nda 17 ədəd yeni yol qovşağının, 75 ədəd piyada keçidinin, yeni avtomobil yollarının, avtomobillər üçün parklanma yerlərinin tikilməsi və mövcud yol qovşaqlarının təmiri nəzərdə tutulub. Lakin Tədbirlər Planına uyğun olaraq, 2011-ci il ərzində Heydər Əliyev Hava Limanı-Mərdəkan-Bilgəh-Novxanı-M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması layihəsinin icrası davam etdirilib.

Heydər Əliyev Hava Limanı-Bilgəh avtomobil yolu üzərində Hava Limanı, Binə və Buzovna yol qovşaqlarının, bu yolun 1.6 kilometrində yeraltı və 4,4 kilometrində yerüstü piyada keçidlərinin, üç səviyyəli Mərdəkan qovşağının, yolun 11 və 12-ci kilometrlərində isə piyada keçidlərinin tikintisi başa çatdırılaraq istismara verilib. Buzovna-Mərdəkan-Qala, Bakı-Ələt yolunun 2-4 kilometr sahəsi (Bayıl qəsəbəsindən Bayraq Meydanına gedən yol), Zığ qəsəbəsi-Hava Limanı avtomobil yolundan Qala stansiyasına və dəniz sahilinə gedən avtomobil yollarının tikintisi davam etdirilir.

Hazırda Böyük-Şor yol qovşağının III mərhələsinin, Ziya Bünyadov prospektinin yenidən qurulması və bu prospekt üzərində 4 yol qovşağının və dəmir yolu üzərindən keçən mövcud körpünün, həmçinin Qələbə meydanında (“Gənclik” metro stansiyası) yol qovşağının tikintisi və təmiri davam etdirilir.

Bütün bunlarla yanaşı, su nəqliyyatının daha da inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə 2 ədəd bərə alınaraq istismara verilib, 2 ədədinin isə Xorvatiya Respublikasının Pula şəhərində tikintisi davam etdirilib, bir ədəd üzən dokun hazırlanması üçün sifariş verilib. Bundan əlavə, “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin yeni əraziyə köçürülməsi ilə bağlı işlər davam etdirilib, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin daxili imkanları hesabına Zığ quru yük limanı məntəqəsinin yanında yeni avtomobil bazasının tikintisi həyata keçirilib.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazisinin tikintiyə hazırlanması və Bakı-Ələt avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi işlərinə başlanılıb. Hazırda liman akvatoriyasında Hollandiyanın “Van Oord” şirkəti tərəfindən dibdərinləşdirmə işləri aparılır. Yaxın günlərdə liman ərazisinin quru hissəsində tikinti və avadanlıqların təchizatı işlərini aparacaq podratçının müəyyən edilməsi məqsədilə tender keçiriləcək.

Həmçinin, hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədilə 2011-ci ildə “Azərbaycan Hava Yolları” QSC tərəfindən 6 ədəd “Airbus-320” və 1 ədəd “Boeing 767-300 ER” tipli sərnişin təyyarələri alınaraq istismara verilib və “Boeing” şirkəti ilə yeni sifarişlərlə bağlı sazişlər imzalanıb. Ötən ildə İzmir, Aberdin (Şotlandiya) və Simferopol şəhərlərinə yeni reyslər açılıb, Bakı–Kiyev, Bakı–Trabzon reysləri bərpa olunub və mövcud uçuş reyslərinin sayı artırılıb. Naxçıvan Muxtar Respublikasına A-320, ATR42-500 və ATR72-212A tipli təyyarələrlə reyslərin yerinə yetirilməsinə başlanılıb. Cari ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin, uçuş-enmə zolağının, hava gəmiləri üçün 4 anqarın tikintisi üzrə işlər davam etdirilib, Qəbələdə Beynəlxalq hava limanının tikintisi başa çatdırılaraq istismara verilib.

Bununla yanaşı, ötən il yol-istismar idarələri üçün 131 ədəd müxtəlif təyinatlı maşın və mexanizm, bir ədəd beton zavodu alınıb. Bütövlükdə ötən il ərzində nəqliyyatın cari fəaliyyətinin təşkilinə yönəldilmiş texniki və təşkilati tədbirlərlə yanaşı beynəlxalq əməkdaşlıq və normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də müvafiq işlər görülüb. Regional əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə beynəlxalq nəqliyyat təşkilatlarının bütün tədbirlərində nazirlik lazımi səviyyədə təmsil olunub.

- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda cənab Prezident İlham Əliyev ölkənin ümumi inkişafı haqqında, eləcə də, nəqliyyat-yol sektorunda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Nəqliyyat-yol infrastrukturu hər bir vətəndaşın gündəlik həyatında rol oynadığını nəzərə alaraq, istərdik, bu ilin I rübündə görülmüş işlər barədə daha geniş məlumat verəsiniz…

- Doğru qeyd etdiniz ki, nəqliyyat-yol infrastrukturu cəmiyyətin və dövlətin mədəni-iqtisadi inkişafı prosesində mühüm rol oynayır. Bu mənada da bu sahəyə olan dövlət diqqəti işlərin daha sürətli, məsuliyyətlə və keyfiyyətli şəkildə həyata keçirilməsini labüdləşdirir.

2012-ci ilin I rübü ərzində nəqliyyat sektoru üzrə əsas iqtisadi göstəricilər isə yerinə yetirilib, 47,8 milyon ton yük, 361,4 milyon nəfər sərnişin daşınıb. Yüklərin 5,4 milyon tonu dəmir yolu, 3,3 milyon tonu su, 23,3 milyon tonu avtomobil nəqliyyatı ilə daşınıb, 15,8 milyon tonu isə boru kəmərləri vasitəsilə nəql edilib. Limanlarda 3,3 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilib.

Hesabat ilində dəmir yollarının inkişafına 10,8 milyon manat vəsait sərf olunub. Dəmir yolunda 32,7 km yol əsaslı təmir edilib, 23,6 km calaqsız rels quraşdırılıb, 5 ədəd elektrik və 2 ədəd dizel lokomotivləri, 290 ədəd sərnişin vaqonu, 5662 ədəd müxtəlif çeşidli yük vaqonları təmirdən keçirilərək istismara verilib.

"Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi" üzrə işlər davam etdirilib, hazırda yolun Axalkələk–Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası və Kartsaxidə stansiya binasının, yolun 101-103 km-lik ərazisində yerləşən uzunluğu 150 m olan körpünün tikintisi həyata keçirilir. Həmçinin, Axalkələk stansiyasının və Türkiyə-Gürcüstan sərhədində tikiləcək 4,2 km uzunluğunda tunelin və Axalkələk stansiyasının layihələndirilməsi işləri başa çatdırılıb. Eyni zamanda, bu dövrdə yolun 153 km-lik Marabda–Axalkələk sahəsinin 3 mərhələdən ibarət reabilitasiya və rekonstruksiyanın I mərhələsində işlər davam etdirilib.

Bununla yanaşı, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq dəmir yolunun Bakı – Böyük-Kəsik sahəsində 317 km uzunluğunda baş yolların əsaslı təmirinə başlanılıb, cari ilin I rübü ərzində 32,7 km yol əsaslı təmir olunub və bu məqsədlə hesabat dövründə beynəlxalq maliyyə institutlarının kreditlərindən 10,8 milyon manat vəsait sərf olunub. Yolun bu hissəsində enerji təchizatının və işarəvermə sisteminin yeniləşməsi, həmçinin, yeni lokomotivlərin, sərnişin vaqonlarının alınması və digər layihələr üzrə müvafiq işlər görülüb.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazisinin tikintiyə hazırlanması və Bakı-Ələt avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi işlərinə də başlanılıb. Hazırda liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılır. Yaxın günlərdə liman ərazisinin quru hissəsində tikinti və avadanlıqların təchizatı işlərini aparacaq podratçının müəyyən edilməsi məqsədilə tender keçiriləcək.

Bu dövrdə su nəqliyyatı ilə 3,3 milyon ton yük, 2,9 min nəfər sərnişin daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşımalarının həcmi 8,5 faiz artıb. Su nəqliyyatı infrastrukturu və parkının yeniləşdirilməsi istiqamətində müvafiq işlər həyata keçirilib.

Hava nəqliyyatı ilə cari ilin I rübü ərzində 10.8 milyon ton yük, 310.7 min nəfər sərnişin daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşımalarının həcmi 1,0 faiz, sərnişin daşımalarının həcmi isə 14,6 faiz artıb. İnfrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi işləri hesabat dövründə də davam etdirilib.

Bununla yanaşı, avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının təhlükəsizlik, ekoloji norma və tələbləri təmin edən yeni texnologiyalar əsasında təşkili və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində işlər aparılıb. Eyni zamanda, paytaxtda sərnişin avtobusları və taksi avtomobilləri parklarının yeniləşdirilməsi işləri davam etdirilib və istehsalçı şirkətlərlə yeni müqavilələr imzalanıb. 2012-ci 3 ayı ərzində 163 ədəd yeni iri və orta tutumlu avtobuslar və 350 ədəd yeni taksi minik avtomobilləri onlardan 330 ədəd “London-Taksi” şirkətinə məxsus taksi avtomobilləri gətirilərək istismara verilib.

Yük və sərnişin daşımaları üzrə 72201 ədəd fərqlənmə nişanı və 28 lisenziya verilib və fərqlənmə nişanlarına görə dövlət büdcəsinə 1,7 milyon manat, lisenziyalar görə isə 4,5 min manat vəsaitin ödənilməsi təmin olunub.

“Eurovision–2012” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində müsabiqə iştirakçılarına və qonaqlara yüksək səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə razılaşdırılmış Tədbirlər Planı üzrə işlər aparılır və bu işlərin icrası tam təmin olunacaq.

2012-ci ilin I rübü ərzində avtomobil yollarının saxlanmasına ayrılmış vəsait də daxil olmaqla, ümumilikdə 292,4 milyon manatlıq iş həcmi yerinə yetirilib.

Hesabat dövründə 54,5 km, o cümlədən 4,6 km respublika əhəmiyyətli, 49,9 km yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında 2 ədəd körpü tikilib. Daxili investisiyalar hesabına Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun, Bakı-Ələt (2-4, 50 - 69 km) sahələrinin, Qəbələ-Ağdaş, Ağstafa–Poylu–Gürcüstan sərhədi (59 km) avtomobil yolunun yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M-2 (336 km)-Gəncə, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı təmir işləri davam etdirilib.

Yerli əhəmiyyətli Xocasən–Lökbatan, Cəlilabad–Yardımlı, Qusar-Əniğ-Ləzə avtomobil yollarının tikintisi, Qəbələ-Küsnət-Laza avtomobil yolunun yenidən qurulması, İsmayıllı–Lahıc, Şamaxı–Göylər Çöl–Padar, M -2 ( 482 km) -Salahlı-Aslanbəyli-Kəmərli, Quba-Qəçrəş, Şəki-Qax-Zaqatala yolunun Şəki-Qax sahəsinin əsaslı təmiri layihələri üzrə tikinti işləri davam etdirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yaxın günlərdə Qazax rayonunda 5 minə yaxın əhalisi olan 3 kəndi birləşdirən uzunluğu 7 km olan Qazaxbəyli–Aşağı Salahlı avtomobil yolu istismara verilib.

Beynəlxalq maliyyə institutlarının kreditləri hesabına Ələt–Astara–İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Yenikənd–Salyan (31–54,04 km), Salyan–Şorsulu (55,8 – 80,6 km) və Kür çayı üzərində körpü keçidinin (54,4–55,8 km) tikinti işləri davam etdirilib, Lənkəran–İran sərhədi hissələri üzrə işçi layihənin hazırlanması və torpaq alınma əməliyyatları başa çatdırılmaq üzrədir. Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Muğanlı–Yevlax hissəsində və Hacı Zeynalabdin Tağıyev–Sahil avtomobil yolunda tikinti işləri, Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun Hacıqabul–Bəhramtəpə hissəsinin yenidən qurulması, Hacıqabul–Kürdəmir avtomobil yolunda əlavə iki zolaq tikilməklə dörd zolağa genişləndirilməsi işləri davam etdirilib.

“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı”na uyğun olaraq, hesabat dövründə Heydər Əliyev Hava Limanı-Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması, Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin ("Koroğlu” m/stansiyası dairəsi), Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsinin, Əbdül Vahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişmələrindəki və Qələbə meydanında (Gənclik metro stansiyası) yol qovşaqlarının tikintisi işləri davam etdirilib.

Babək prospektində 3 yerdə, Qara Qarayev prospektində, Funikulyorun və Dəniz vağzalının qarşısında yeraltı, Heydər Əliyev prospektində "Şəfa" stadionunun qarşısında yerüstü piyada keçidlərinin tikintisi işləri aparılıb.

Buzovna-Mərdəkan–Qala, Zığ dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala stansiyasına və dəniz sahilinə gedən avtomobil yollarının tikintisi layihələrinin icrası davam etdirilib. Hazırda Böyük-Şor yol qovşağının III mərhələsi üzrə tikinti işləri başa çatdırılmaq üzrədir. Həmçinin, dövlət başçısının tapşırığına uyğun olaraq cari ildə “Azneft” meydanında, Dəniz vağzalının önündə, “Sahil” stansiyasının yanında və Dövlət Neft Şirkətinin yaxınlığında, 8 km-ə gedən yolda yeraltı piyada keçidləri tikilərək istismara verilib, Funikulyorun qarşısında, 8 km bazarının qarşısında, Milli Məclisinin binasının qarşısında, Heydər Əliyev prospektində “Şəfa” stadionu qarşısında yeraltı və yerüstü piyada keçidlərinin layihələndirilməsi və tikintisi davam etdirilib. Bundan əlavə Babək prospektində 3 yerdə və Qara Qarayev prospektində piyada keçidlərinin tikintisinə başlanılıb. Bütün bunlarla yanaşı, avtomobil yollarında, təhkim zolağında və nəzarət edilən zonalarda yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına görə, 2012-ci ilin 3 ayı ərzində 1100 inzibati xəta aşkarlanıb və 548 protokol tərtib edilərək büdcəyə 57095 manat vəsait ödənilib. Bu rəqəm 2011-ci ilin müvafiq dövründə 504 ədəd təşkil edib və büdcəyə müvafiq olaraq 41 784 manat ödənilib. Eyni zamanda 208 inzibati xəta haqqında protokollar ünvana göndərilib, 120 halda məhkəməyə müraciət edilib, onlardan 16-sı təmin olunub və büdcəyə 800 manat vəsait köçürülüb.

- Bakı şəhərində Nəqliyyatın İntellektual İdarə Edilməsi Sisteminin yaradılması prosesi də başa çatıb. Bununla bağlı hansı fikirləriniz var?

- Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində əldə edilmiş dinamik inkişaf ölkənin nəqliyyat sisteminin, eləcə də bu sahədə idarəetmənin təkmilləşməsini zəruri edib. Bu istiqamətdə görülən işlər avtomobil nəqliyyatı sahəsini daha geniş əhatə edir. Belə ki, paytaxtda sərnişin avtobusları və taksi avtomobilləri parklarının yeniləşdirilməsi işləri davam etdirilib və istehsalçı şirkətlərlə yeni müqavilələr imzalanıb. Hesabat dövründə dövründə 67 ədəd yeni iri və orta tutumlu avtobuslar və “London-Taksi” şirkətinə məxsus 500 ədəd yeni taksi avtomobilləri gətirilərək istismara verilib. Cari ildə Qax, Quba, Xaçmaz və Tərtər şəhərlərində yeni avtovağzallar istismara verilib.

Bakı şəhərində Nəqliyyatı İntellektual İdarə Edilməsi Sisteminin yaradılması layihəsi üzrə işlər başa çatdırılaraq 2011-ci ilin dekabr ayında istismara verilib. Azərbaycan Prezidenti respublikanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərdə müasir nəqliyyat infrastrukturunun qurulmasının vacibliyini önə çəkir, xüsusilə də vətəndaşların sosial rifah halının yüksəlməsinə, insanların həyat tərzinin yaxşılaşmasına, əhalinin nəqliyyatdan istifadəsinin asanlaşdırılmasına və rahat gediş-gəlişin təmin edilməsinə hədsiz qayğı ilə yanaşaraq mühüm iqtisadi və sosial əhəmiyyət daşıyan avtomobil yolları şəbəkəsinin qurulması istiqamətində görülən işləri daim diqqətdə saxlayır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi