Modern.az

Qalx ayağa, vətəndaş, düşmən əlində Şuşa!..

Qalx ayağa, vətəndaş, düşmən əlində Şuşa!..

Aktual

8 May 2012, 07:29

....16-cı ildir ki, guya ki yaşayırıq biz Şuşasız, Laçınsız....

Hə... Şuşada doğulmuş erməni dığaları, erməni axçiləri çatdı 16 yaşa....

Sən bir külli-vətəndə - Bakıda, Naxçıvanda, Gəncədə, Beyləqanda, Bərdədə, Lənkəranda alqışa bax, alqışa!..

Əgər bu gün erməni əlindədirsə Şuşa, gərək varmı bu qədər təntənəyə, alqışa?..

Biz arxayınıq hələ AŞ-a, Buşa, ABŞ-a,

Ayıl, vətəndaş, ayıl, düşmən əlində Şuşa!..

...Heç kəs eşitmir, nədir?!.

Hər kəs öz işindədir, arvadlar alver edir,

Ərlər biş-düşündədir,

Bir qızıl kəl boynunda,

beş qızıl dişindədir...

Hər kəs öz işindədir,

Zaman bizi gözləmir, dövran gərdişindədir...

Hanı qorxmaz igidlər? İndi bığıburmalar Qarabağı unudub...

Mersedeslər, sələmlər, mayalar peşindədir,

o namussuz, simasız qadınlar peşindədir...

Yox, yox... Var qorxmazımız, var Qorxmaz Lotoçumuz!

Avtomatı satıbdır, torbaya daş atıbdır...

Bilir – yaddaş yatıbdır, o vətəndaş yatıbdır, bu vətəndaş yatıbdır,

O da daşları atıb yaxşıca baş qatıbdır tele-loto uduşa.

Alqışa bax! Alqışa! Uddu!.. Bax, oğuldu o! “Mersedes”i də uddu, “BMV”-ni də uddu, hələ evi də uddu, Məmiyevi də uddu, Əbiyevi də uddu, Babayevi də uddu! Uda-uda gedir o, çıxdı super uduşa!

Onun nə vecinədir düşmən əlində Şuşa?!.

Onun fikri cəmlənib o torbadakı daşa! Alqış, alqış, min alqış, bax belə vətəndaşa!..

Daşı yaddan çıxarmır, aşı yaddan çıxarmır,  xaşı yaddan çıxarmır!

Yubileylər keçirir, ad günləri keçirir, toy-düyünlər keçirir...

Onun üçün nə fərqi, düşmən əlində Şuşa?!.

Aşot Cıdır düzündə dua edir Corc Buşa,

Sonra bir dönüb baxır bizim Bərdəyə tərəf,  bizim Yevlağa tərəf, Ağcabədiyə tərəf...

Görür hər yanda konsert, hər yanda toy-büsatdır! Hər yerdə alver gedir, hər küncdə sathasatdır...

“Belə bir məmləkəti məğlub etmək asandır – deyir Aşot, Qrişa,-16 il əlindən aldığın Qarabağı istəyirsən şumla ək, istəyirsən də yandır!

Kimin nə vecinədir mənim əlimdə Şuşa!

Hardasan ay biznesmen, cibləri dolu oğlan?!

Hardasan ay uduşlu, telelotolu oğlan?!

Maşını, evi udan, ay Məmiyevi udan, ay Əbiyevi udan! Gəl bir məni ud görüm! Köçəryanı ud görüm! Sarkisyanı ud görüm! Qarşındakı ev deyil, qarşındakı ov deyil,

Bala, qarşında yandır, qarşında Balayandır, qarşında Ohanyandır!

Doyunca ev udursan, doyunca mal udursan, doyunca pul udursan,

Hünərin var, ud görüm, nəfsini, tamahını,

Ruhunu oyandır, qeyrətini oyandır,

Gəl Şuşada erməni kilsəsini vur yandır!

Bunu edə bilmirsən, deməli uduzmusan...

Bəs sən nəyi udmusan, ay binəva, ay yazıq?!

Sən beləmi tuzmusan, sən belə ulduzmusan?!

Uduzmusan, ay anqut, uduzmusan, ay manqurt!

Şuşanı, Kəlbəcəri, Laçını uduzmusan!

Sən qeyrəti, namusu, vicdanı uduzmusan!..

Bu, superloto deyil, haram pulla aldığın “Pejo”, “Tayota” deyil!

Bu, dəmlənib verdiyin restoran “şotu” deyil!

Papağınız qalıbsa, bir qoyub qarşınıza!

Daş sizin başınıza!

16 yaşa çatmış erməni dığasına, erməni axçiyinə vətən olubdu Şuşa!

Sizsə hələ baxırsız ATV-də klipə, AzTV-də tərifə, ya da lotouduşa,

Gözünüzü dikmisiz  o qara torbadakı o ala-bula daşa...

Daş sizin başınıza, mənim əlimdə Şuşa!

Aşotun, Köçaryanın, yanın əlində Şuşa!

Yanın, əlimdə Şuşa!..”

Eşitdin Vətən oğlu, eşitdin Vətən qızı,

nələr dedi Qrişa?!

O, təhqir etdi səni,  o, təhqir etdi məni, təhqir etdi Vətəni!

O düşməndir, haqqı var,

çünki onun əlində Qafqaz gözəli Şuşa!

Nə qədər dözəcəksən bu təhqirə, qarğışa?!

Axı sən də insansan, axı sən müsəlmansan?

Axı sən türk övladı, igidsən, qəhrəmansan!

Sən toparla gücünü, gir döyüş meydanına!

Əvvəla, boğ nəfsini, əyilmə bu dünyanın puluna, maşınına!

Sonra isə güvənib Allaha və qanuna kəs  o rüşvət istəyən, erməniyə işləyən məmurun nəfəsini!..

Kəs o qulaqbatıran, o abırsız, həyasız manısların səsini,

Sən inanma ATƏT-ə, Rusiyaya, ABŞ-a!
Vallah, onlar illərdir yaxşıca baş qatırlar,

AŞ-ın nə vecinədir düşmən əlində Şuşa?!

Birləşib məmləkətin harını, satqınıyla

səni də aldadırlar, məni də aldadırlar, onu da aldadırlar!

Bil, onlar baş qatırlar, bil, bunlar baş qatırlar-

Yavaş-yavaş baş qatıb Şuşanı da satırlar, Laçını da satırlar,

Bakını da satırlar!..

Harayla sən bu yurdun igidini, mərdini,

Anlat öz soydaşına niyyətini, dərdini...

Hökm eylə öz səsinə, hökm eylə öz nəfsinə,

Qoyma bu qansoranlar hər tərəfə sarmaşa,

Haray sal məmləkətə: ”düşmən əlində Şuşa!..”

...Öz nəfsini sən boğub qəlbinə hökm etməsən,

Öz milli mənliyini çıxartmasan sən başa,

Öz mənini, genini ucaltmasan sən başa-

Qalacaq yüz illərlə haykın əlində Şuşa!

Qalacaq yüz illərlə düşmən əlində Şuşa!

Ayağa qalx, vətəndaş, haykın əlində Şuşa!

Ayıl, vətəndaş, ayıl, düşmən əlində Şuşa!

Ayıl, vətəndaş, ayıl...

2008, may.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?