Modern.az

«Şərqin konservatoriyası» - o 20 ildi bizdə deyil...

«Şərqin konservatoriyası» - o 20 ildi bizdə deyil...

Aktual

8 May 2012, 09:36

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazılıb

Hər birimiz Azərbaycanlıyıq. Amma Azərbaycanlı olmaqla yanaşı, həm Bakılı, Qaxlı, Şuşalı, Ağdamlı, Xocalılı, Qarabağlıyıq. Mən özüm Tovuz rayonundanam, Bakıda doğulsam da, hər zaman özümü Tovuzlu bilmişəm. Buna görə də ən azı ildə 3, 4 dəfə mütləq kəndə getməliyəm. 2,3 ay Bakıda qalandan sonra özümdən asılı olmayaraq mütləq kəndə getmək, dağ havası udmaq, kəndin suyundan içmək istəyirəm. Bakıda bir neçə ay qalandan sonra özümdən asılı olmayaraq qəlbim çırpınır, sanki nəfəs ala bilmirəm. İçimdəki nəsə məni doğma torpağa, ata-baba yurduna çəkir. Həmin bu anlarda istər-istəməz Qarabağdan, Şuşadan, Ağdamdan, Kəlbəcərdan məcburi şəkildə qaçqın düşən insanlarımız yadıma düşür. Bəs onlar neyləyir? O insanlar ki, illərlə min bir əzab əziyyətlə tikdikləri, ata-analarının qəbrini ermənilərin tapdağı altında qoyan insanlar yadıma düşür. Onlar nə hisslər keçirir bəs? Şuşa kimi bir şəhərdən köçkün düşən ata-analarımız öz doğma yurdları yadlarına düşəndə nə edirlər?

Şuşa nəinki Qarabağın, Azərbaycanın, hətta bütün Qafqazın göz bəbəyi, paytaxtıdır. Mərhum prezidentimiz vaxtilə Heydər Əliyev demişdir ki, “Şuşasız, Ağdamsız, ümumiyyətlə, Qarabağsız Azərbaycan yoxdur”. Həqiqətən də Şuşa Azərbaycanın paytaxtı, ən gözəl şəhərlərindən biridir. Təbiətin özü  Şuşaya unikal bulaqlar və mineral sular bəxş edib. Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq və başqa bulaq adları bunu sübut edir.

Bu şəhər dəfələrlə odlara qalandı. Xüsusilə bu torpaqlara elə ilk gündən işğalçılıq niyyəti ilə köçürülən ermənilər hər vəchlə şəhərin adına və tarixinə qənim kəsildilər. 1905-1907-ci illərdəki qırğınlar bu şəhərdən də yan keçməyib. Və nəhayət 1992-ci ilin may ayının 8-də Şuşa ermənilər tərəfindən işğal edildi. Bu işğal nəticəsində isə Şuşanın yerli əhalisinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi.  5 minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Şuşa bir sıra görkəmli şəxsiyyətlərin vətənidir. Cabbar Qaryağdı oğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, Niyazi, Fikrət Əmirov, süleyman ələsgərov və bir sıra istedadlı sənət adamları əslən şuşalıdır. Buna görə də  Şuşanı «Şərqin konservatoriyası» adlandırırlar. Yazıçılardan Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, məşhur şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, heykəltaraş C.Qaryağdı, rəssam Toğrul Nərimanbəyov və başqaları Şuşada doğulublar. .

Mən çox təəsüf edirəm ki, bizlər ancaq Xocalının, Şuşanın işğalını ancaq işğala bir neçə gün qalmış xatırlayırıq, tədbirlər keçiririk. Amma bu işğallar barədə nəinki ölkəmizdə, diasporlarımız vasitəsilə bütün dünyaya çatdırmalıyıq. Bütün dünya Azərbaycan xalqının başına gətirilən bəlaları bilməlidir. Necə ki, olmayan “Qonarma erməni soyqırımı”nı ermənilər dünyaya tanıtdırmaq istəyirlər.   

Artıq Azərbaycan xalqı 20 ildir ki, Şuşasız, Qarabağsız yaşayır. Amma hər birimiz inanırıq ki, tezliklə yenidən öz doğma torpağımıza qayıdacayıq. Nəinki Şuşa, bütün Qarabağ yenidən Azərbaycanın olacaq, Azərbaycan xalqının olacaq. Ümid edirəm k, Şuşasız daha bir ilimiz olmayacaq!

Sevinc İLTİFATQIZI
Qərb Universitetinin tələbəsi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?