Modern.az

Azərbaycanda hansı bank daha etibarlıdır? (İqtisadiyyat jurnalistlərinin fikirləri)

Azərbaycanda hansı bank daha etibarlıdır? (İqtisadiyyat jurnalistlərinin fikirləri)

Ölkə

11 Yanvar 2010, 18:17

Son illər Azərbaycanda fəaliyyət göstərən bankların sayı artıb. İndi öz əmanətini bankda yerləşdirmək istəyən vətəndaşın seçim imkanı genişdir. Ölkədə 40-dan çox bank öz xidmətlərini təklif edir. Bəs qlobal maliyyə böhranının davam etdiyi indiki vaxtda Azərbaycanda hansı banka daha çox etibar etmək olar?
Modern.az bu sualın cavablandırılması üçün Azərbaycan mətbuatında iqtisadiyyatdan yazan jurnalistlərə müraciət edib.

 “Üç nöqtə” qəzetinin iqtisadiyyat şöbəsinin redaktoru Pünhan Əfəndiyevin etibarlı hesab etdiyi banklar bunlardır: “Beynəlxalq Bank”, “Bank Standart”, “Dəmirbank”, “Kapital Bank”. “Onlara inamım daha böyükdür. Mənim üçün  bankın əmanətə görə verdiyi faizin önəmli deyil, əsas odur ki, onun özü etibarlı olsun. KİV-ə Dövlət Dəstəyi Fondunun müsabiqəsində udduğum 1000 manatı “Əmrahbank”a qoymuşam. Bu bank çox güclü olmasa da, ortabablardandı”. 

“Bizim yol” qəzetinin iqtisadiyyat yazarı Vüsalə Rüstəmova iri bankları daha güvəncli hesab edir: ““Beynəlxalq Bank”, “Bank of Baku”, “Kapital Bank”, “Bank Respublika” kifayət qədər kapitala malikdir. Yəni bütün risklərə qarşı alternativ addımlar ata bilərlər. Ancaq hazırda Azərbaycanda özəl banklara etibar etmirlər. Əgər pulum olsaydı onu “Beynəlxalq Bank” qoyardım. Çünki bu bankın səhmlər paketinin bir hissəsi dövlətə məxsusdur”.

 “Trend” İnformasiya Agentliyinin əməkdaşı İlahə Xəlilova hesab edir ki, indiki dövrdə banklara etibar etmək olar: “Çünki Əmanətlərin Sığortalanması Fondunun yaradılması etibarlılığı artırıb. Ən etibarlı banklara gəldikdə “Beynəlxalq Bank”, “Bank Standart”, “Dəmirbank”, “Texnikabank”, “Kapital Bank”, “AccessBank”, “Bank of Baku”nun adını çəkə bilərəm.  Bizim ölkədə belədir ki, əmanətçi pulu yatırdığı bankdan yüksək faiz əldə etmək istəyir. Amma xarici dövlətlərdə belə deyil. Onlar əmanətlər üzrə faizi fikirləşmirlər. Başqa istiqamətlərdə düşünürlər. Əgər öz pulum olsaydı banklar arasında seçim edərdim. Onların gəlirini hesablayardım. İndi bunu demək mənə çətindir”.

“Mərkəz” qəzetinin müxbiri Vasif Cəfərov da indiki dövrdə etibarlı bankların olduğunu deyir: “Azərbaycanda 46 bankdan 15-ni çıxmaq şərtilə hamısını etibarlı hesab etmək olar. Əvvəlki illərlə müqayisədə indi dövlət də banklarla bağlı həssas mövqe nümayiş etdirir. Ən etibarlı saydığım banklar isə ”Beynəlxalq Bank”, “Kapital Bank”, “ Bank Standart”, “Azəriqazbank”, “Dəmirbank” və “Texnikabank”dır. Ancaq bir çox banklar var ki, cəmiyyətdə onun adı tanınmır. Mən əmanətimi daha yüksək faiz verən “AtaBank”, “Muğanbank” yatırardım”.

“Yeni Müsavat” qəzetinin müxbiri Həbibə Abdulla heç bir bankı etibarlı hesab etmir: “ Bu, bankların günahı deyil, əslində mövcud hakimiyyətin günahıdır. Sovet dövründən qalma əmanətlərin öz sahiblərinə hələ də qaytarılmaması məndə bankalara olan etibarı itirib. Digər keçmiş sovet respublikalarında bu problem öz həllini tapdı. Baxmayaraq ki, Azərbaycan bu ölkələr arasında ən imkanlı respublikalardan biridir. Ancaq hələ də bu problem həll edilməyib.
əgər indi çoxlu pulum olsaydı, yığaram yastığımın altına”.

 “Kaspi” qəzetinin müxbiri İlham Quliyev yalnız bir bankı etibarlı hesab edir: ““Bank of Baku”nu daha etibarlı hesab edirəm. Çünki onların işçilərinin münasibəti, keyfiyyəti etibarlıdır. Şəxsi hesabımı da orda açdırmışam”.

“525-ci qəzet”in müxbiri Ülkər Nəbiyeva da birbankı digərlərindən daha üstün tutur: “Ən etibarlı hesab etdiyim bank “Dəmirbank”dır. Bu banka inamım daha çoxdur. Öz vəsaitimi də bu banka yatırmışam”.

APA-nın iqtisadiyyat müxbiri Rəşad Süleymanovun etibar etdiyi banklar bunlardır: “Beynəlxalq Bank”, “Dəmirbank”, “Kapital Bank”, “Texnikabank”. “Onlar cəmiyyətdə özlərini kifayət qədər doğruldublar. Pulumu “Dəmirbanka qoyardım. Çünki ona etibarım daha çoxdur”-deyə həmkarımız bildirib. 

 “Ekspress” qəzetinin müxbiri  Bəkir Nərimanoğlu isə Azərbaycanda bank sektoruna inamın aşağı olduğunu düşünür. O, “Beynəlxalq Bank”ı ən etibarlı bank hesab edir: “Çünki onun səhmlərinin bir hissəsi dövlətə məxsusdur”.

“Azərbaycan” qəzetinin iqtisadiyyat şöbəsinin redaktoru Raqif Məmmədov etibar olunası bankların olduğunu desə də, öz pulunu yatıracağı bankın olmadığını bildiri: ““Kapital Bank”ı, “Beynəlxalq Bank”ı və ”Unibank”ı etibarlı saymaq olar. Ancaq öz pulum olsaydı, banka qoymazdım. Çünki başqa sahədə daha çox pul qazanmaq və faiz götürmək mümkündür”.

“Yeni Azərbaycan” qəzetinin iqtisadiyyat yazarı Elbrus Cəfərli son illər banklara olan inamın artdığını deyir: “Üç il bundan öncə Əmanətlərin Sığortalanması Fondunun yaradılması ilə banklara inam artıb. Azərbaycanda olan 46 bankın 7-ni çıxmaq şərtilə bütün banklar bura daxil olub. Ən güvəncli banklar  “Kapital Bank”, “Beynəlxalq Bank”, “Texnikabank” , ”Dəmirbank”, “Azəriqazbank”, “Bank Standart”, “Bank of Azerbaijian”dır. Bu banklar bütün əmanətlərə zəmanət verirlər. Bu da onlara inamın artması üçün stimul verir.
Pulum olsaydı, hansı bank daha çox divident verirsə ona yatırardım. Bu sırada əsasən “Azəriqazbank”, “Dəmirbank” və “Bank of Azeribaijian”-nın adını çəkə bilərəm.

“Bakı-Xəbər” qəzetinin müxbiri Rüfət Sultan yerli banklara etibar etmir: “Çünki 90-cı illərdə baş verən hadisələr Azərbaycan banklarına olan inamı azaldıb. Dünya banklarına etibarım yüksəkdir. Pulum olsa, İsveçrədə olan banklara qoyardım”.

“İnterfax-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Anar Əzizov bir çox bankları etibarlı hesab edir: ““AccessBank”, “Beynəlxalq Bank”, “Dəmirbank”, “Azəriqazbank”, “Bank Respublika”, “Kapital Bank”, “Unibank”. Bu banklarla işlədiyim üçün məndə onların etibarlı olmasına inam var. “Beynəlxalq Bank”a isə dövlət zamin durur. Bu banklar öz nüfuzlarına həssas yanaşırlar. Pulumu da bir deyil, bir neçə banka qoyardım. Çünki banklarda fərqli depozit və gəlirlər olur”.

“İctimai Televiziya”nın əməkdaşı Əli Əhmədov ölkədə etibarlı bankların olduğunu deyir: “Ad çəkmək istəmirəm. Çünki bu reklam olar. Ən azı 10-a yaxın banka etibar etmək olar”.

“Turan” İnformasiya Agentliyinin iqtisadçısı Hafiz Babalı həm etibarlı, həm də etibarsız bankların olduğunu deyir: “O bankları etibarlı hesab etmək olar ki,  səhmdarlar baxımından tam şəffafdır. Bankın balans vəziyyəti tam real vəziyyəti əks etdirməlidir. Belə olmayan təqdirdə bankların nüfuzuna xələl gəlir. Müştərilərin azalmasına səbəb olur. Ən etibarlı hesab etdiyim banklar “Beynəlxalq Bank”, “Kapital bank”, “Dəmirbank”dır. Pulumu da təbii ki, “Dəmirbank”a etibar edərdim. Onun adına görə deyil, sırf reputasiyasına görə. Ən etibarsız bank isə “Euro bank”dır. Bu bankın şəffaf fəaliyyət göstərməsi məndə şübhələr yaradıb”.

Günay MUSAYEVA

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub