Modern.az

İşğaldan sonra 3 gün Şuşada gizlənən azərbaycanlı

İşğaldan sonra 3 gün Şuşada gizlənən azərbaycanlı

Aktual

8 May 2012, 11:35

"Çoxlu pulum vardı. Axşam hamısını təmiz bir parçaya büküb, televizorun üstünə qoymuşdum. Amma evdən çıxanda pulu götürmək yadımızdan çıxdı, geri qaytdım..." 

İsa Axundov Şuşada yaşayıb. Şəhərin mərkəzində bağlı-bağatlı evi, şəxsi təsərrüfatı olub. Ömrünün 66 ilini Şuşada yaşayan İsa kişi hələ də ötən günlərin nostaljisi ilə yaşayır.

İsa Axundov 20 il əvvəl Şuşanı tərk etdiyi üçün indi çox peşmandır. Deyir ki, köçkün həyatının bu qədər uzun sürəcəyini bilsəydi, ölüb Şuşada qalardı. İndi onun ən böyük arzusu sonuncu dəfə Şuşanı görüb, bu dünyadan köçməkdir.

86 yaşlı şuşalı doğma şəhərinin işğal olunduğu günü belə xatırlayır: “1992-ci il may ayının 8-də ermənilərin hücumları daha da şiddətləndi. Hərbi komandanlıq əmr etdi ki, qocalar, qadınlar və uşaqlar, eləcə də digər mülki şəxslər şəhəri tərk etsin. Mən iki oğlum, gəlinim və qızımla birlikdə evdən çıxıb, Laçın istiqamətində meşəyə daxil olduq. Məqsədimiz Laçına çatıb, ordan Ağdərəyə getmək idi. Hər tərəfdə qanlı döyüşlər gedirdi. Ermənilər meşədə bizə hücum etdilər. Atışma zamanı oğlum Eldarı itirdik. Əvvəlcədən vədləşdiyimiz yerdə Eldarı nə qədər gözləsək də, gəlib çıxmadı. Ağlıma bir fikir gəldi. Öz-özümə dedim ki, Eldar yəqin evə qayıdıb. Biz Şuşadan bir dəst paltarla çıxmışdıq. Çoxlu pulum vardı. Axşam hamısını təmiz bir parçaya büküb, televizorun üstünə qoymuşdum. Amma evdən çıxanda o qədər tələsdik ki, pulu götürmək yadımızdan çıxdı. Eldarı tapmayanda fikirləşdim ki, yəqin pulu götürmək üçün geri qayıdıb. Nə qədər çalışsam da, ayağımı yerdən qopara bilmədim. Qızımı və gəlinimi oğluma tapşırıb, geri döndüm”.

İsa Axundov gizli yollarla evlərinə qayıdır. Həmin vaxt şəhərdə küçə döyüşləri gedirmiş: “Həyət-bacada sakitlik idi. Evə girdim. Pul bağlamasını televizorun üstündə görəndə ürəyim sakitləşdi. Başa düşdüm ki, Eldar geri qayıtmayıb. İndi əsas məsəslə mənim şəhəri necə tərk etməyim idi. Məhəlləmizdə tanklar sağa-sola şütüyürdü. Qərara aldım ki, hava qaralandan sonra evdən çıxım. İşığımız yanmırdı. Amma qazımız gəlirdi. Əvvəlcə yaxşı bir çay dəmlədim. Sonra isə tavanı ocağın üstünə qoyub, iki yumurta qırdım. Dünəndən bəri boğazımdan heç nə keçmirdi. Çörəyimi yeyib, çayımı içəndən sonra başımı atıb yatdım. Bir stolüstü saatımız vardı. Onu da yanıma qoydum ki, yatıb qalmayım. Bir də gözümü açdım ki, gecə saat 12-dir. Hiss elədim ki, yuxudan doymamışam. Öz-özümə dedim ki, ay İsa, bir-iki saat da yat, Allah bilir, öz evinə bir də nə vaxt qayıdacaqsan...Yuxu məni necə tutubsa, gözümü açanda gördüm ki, səhər saat 6-dır. Hava işıqlanmışdı. Aynabənddən aşağı baxanda gördüm ki, dörd bir tərəf tankla, topla, əliavtomatlı adamlarla doludur. Bu vaxt bir rus zabitinin səsini eşitdim. O, şəxsi heyətin qarşısında çıxış edib deyirdi ki, “biz bu gün həm Şuşanın azadlığını, həm də 9 may qələbə gününü qeyd edirik”. Həmin zabit dedi ki, “mən işarə verəndə hamı qələbə atəşi açsın”. Amma tapşırdı ki, əmr ancaq avtomatlı əsgərlərə aiddir, tanklardan və toplardan atəş açılmayacaq. Təxminən bir dəqiqə sonra rus və erməni əsgərləri bir yerdə havaya atəş açdılar. Elə bildim ki, o güllələrin hamısı mənim ürəyimə sancıldı...”.

İsa kişi evdən çıxsa da, özünü müşəyə çatdıra bilmir. Qarşıdan gələn düşmən əsgərləri onu yolunu dəyişməyə məcbur edirlər. 66 yaşlı şuşalı kanalizasiya sularının axdığı böyük arxda gizlənir. Arxın üstündə beton örtüyün olması onun daldalanmasını xeyli asanlaşdırır. Həmin vaxtdan da İsa Axundovun məşəqqətli günləri başlayır: “Qurşağa qədər suyun içində idim. Ayağımın birini götürüb, o birini qoyurdum. Gecələr hava çox soyuq olurdu. Nə qədər çalışsam da, aradan çıxmağa fürsət tapa bilmirdim. Şəhər rus və erməni əsgərləri ilə dolu idi. Yuxarıda gəzən adamların ayaq səslərini aydın eşidə bilirdim. Bu minvalla axşama kimi kanalizasiya arxında gizləndim. Amma gecə düşəndə də rus və ermənilərin səsləri kəsilmədi. Başa düşdüm ki, burda post qurublar. Bu minvalla 3 gün gizləndiyim yerdən çıxa bilmədim. Bu 3 gündə aclıq və susuzluq məni taqətdən saldı.
Şəhərdə talan vardı. Ermənilər şuşalıların var-dövlətini daşıyıb aparırdılar. Həyətlərdə mal-qoyun qalmamışdı. Apardıqlarını aparır, aparmadıqlarını isə kəsib kabab edirdilər. Şuşanın üstünü kabab tüstüsü bürümüşdü. Bəlkə də buna inanmayacaqsınız, kabab iyi məni doyururdu. Belə baxanda, yemək heç yadıma da düşmürdü. Ümid edirdim ki, bizimkilər hücum edib, erməniləri Şuşadan qovacaq və mən də çıxıb sağ-salamat öz evimə gedəcəm. Bu ümidlə həmin tuneldə lap bir ay da qala bilərdim. Amma mayın 11-də eşitdiyim bir xəbər məni vadar etdi ki, qaçıb canımı qurtarım. Axşam saat 10 olardı. Hiss etdim ki, yuxarıda iki rus əsgəri öz aralarında nəsə danışır. Nəfəsimi içimə çəkib, onları dinlədim. Əsgərin biri o birinə deyirdi ki, bu 3 gündə biz niyə bu tuneli yoxlamamışıq? Bəlkə də azərbaycanlılar burda nəsə bahalı bir şey gizlədiblər. Deyəsən, bu söz həmin əsgərin ağlına batdı. Dedi ki, səhər açılan kimi aşağı enib, hət tərəfi yoxlayarıq. Dərhal barmağımı dişlədim. Ürəyimdə dedim ki, İsa, nəyin bahasına olursa-olsun, bu gecə aradan çıxmalısan”.

May ayının 11-dən 12-nə keçən gecə saat 2-də İsa Axundov qaçmağa qərar verir. O, tunellə təxminən 200 metr irəlilədikdən sonra bayıra çıxır. Həmin gecə bərk yağış yağırmış. İsa kişi yolun kənarına atılmış kişik bir döşəyi götürüb, başına qoyur. Amma beş-altı addım atmamış rus dilində komanda eşidir: “Dayan!”.

Həmin gecə İsa Axundovun yaddaşına ömürlük həkk olunub: “Ayaqlarım yerə mıxlandı. Nə edəcəyimə qərar verməyə macal tapmamış, dayanmağımı əmr edən adam yenə dilləndi: “Sən kimsən?” Qeyri-ixtiyari cavab verdim: “Mən erməniyəm”. Həmin rus məndən soruşdu ki, gecə vaxtı burda nə edirsən? Dedim ki, Stepanakertdən gəlmişəm, azərbaycanlıların evlərinə baxıram. Bahalı bir şey tapıb, özümlə aparmaq istəyirəm. Deyəsən, məni sorğu-sual edən rusu aldada bilmişdim. O, bir qədər fikrə gedəndən sonra mənə dedi ki, Stepanakertdə ermənilərə deyərsən ürəkləri nə istəyir, sabah gəlib aparsınlar. Onu əmin etdim ki, Stepanakertə çatan kimi ermənilərin hamısına bu barədə məlumat verəcəm. Beləcə, həmin rus əsgərindən canımı qurtarıb, Şuşa-Laçın yoluna çıxdım. Bu yolda maşınlar sağa-sola şütüyürdü. Şuşaya gedən boş maşınlar bir az sonra ağzına kimi dolub, geri qayıdırdı. Hirsimdən uşaq kimi ağlayırdım. Ağlamaqdan başqa əlimdən nə gəlirdi ki... Laçın yolunun üstündə bir yanacaqdoldurma məntəqəsi vardı. Həmin yanacaqdoldurma məntəqəsinə bir neçə erməni yığışmışdı. İşıqlar yanmadığı üçün onlar məni görmürdülər. Amma mən onların səsini eşidirdim. Öz dillərində bizi söyürdülər. Sakitcə onların yanından keçib, Turşsu yoluna çıxdım. Həmin gecə 25 kilometr yol qət edib, Turşsu sovxozuna çatdım. Mən Turşsu sovxozuna çatanda səhər saat 8 idi”.

Şuşa ilə Laçının arasında yerləşən Turşsu sovxozunda İsa Axundovu alay komandiri Ələsgər Ələkbərov qarşılayır. Komandirin əmri ilə İsa kişiyə pendir-çörək verirlər:
“Paltarlarım cırıq-cırıq idi. Komandir əynindəki hərbi formanı mənə vermək istəsə də, razı olmadım. Ələsgər Ələkbərov öz sürücüsü ilə məni Laçına göndərdi. Orda Laçın-Ağcabədi avtobusuna minib, uşaqlarımın yanına getdim. Eldarı evdə sağ-salamat görəndə ürəyim yerinə gəldi”.

İsa Axundov deyir ki, ən böyük arzusu Şuşanı sonuncu dəfə görməkdir: “86 yaşım var. Bu dünyada halal bir ömür yaşamışam. Şuşanı bircə dəfə görsəm, gözüm geridə qalmaz. Şuşasız ölmək olmur...”.

Seymur VERDİZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır