Modern.az

Bədəviliyə doğru addımlayırıq...

Bədəviliyə doğru addımlayırıq...

8 May 2012, 12:20

Övlad - əslində bu sözdə o qədər dərin məna var ki, bəlkə də insan yaradılışından bu günədək bu sözün mənasını hələ də tam dərk etməyib. Övlad və valideyn anlayışını yan-yana qoyduğumuzda görürük ki, hər valideyn də kiminsə övladı, hər övlad da kiminsə valideynidir. Hal-hazırda cəmiyyətimizdə qarşılaşdığımız ən böyük problem dünyaya gələn uşaqların cinsiyyətində qoyulan fərq olur. Çünki çox zaman hələ ana bətnindəykən uşağın cinsiyyətinin qız olduğunu öyrəndikləri zaman valideynlərdən biri və yaxud hər ikisi onun məhvini istəyirlər. Əslində bunun necə böyük günah olduğunu dərk etmirlər. Allahın var etdiyini sizin yox etməyə haqqınız yoxdur və bu ən böyük günahdır. Bu təkcə günah məsələsi deyil, bu həm də vicdan məsələsidir. Bir qızım var ikincisini neyləyirəm? Niyə birinci oğlum olmadı? Allah niyə mənə oğlan uşağı vermir? Mən bu qədər qıza necə baxacam? Və.s. bu sualları düşünənlər oğlan uşağına var-dövlət, şan-şöhrət kimi baxırlar. Ona görə də ailədə də, cəmiyyətdə də oğlan uşaqlarını fəxrlə tanıdır, gələcəklərini onlarda görürlər. Ard-arda qız uşağı dünyaya gətirən gəlinlər ailənin qınaq obyekti olur. Mənə isə ən qəribə gələni bəzən qadınların bu ayrı-seçkilyi dəstəkləməkləri olur. Şahid olduqlarım mənə bunu bu qədər əminliklə deməyə imkan verir. Qohumluğumda olan bir ailənin iki qızı və bir oğlu var. Mən də hər zaman görürdüm ki oğlanı əl üstündə tuturlar, hər işi qızlar görür. Uşaqların bibisindən səbəbini soruşanda mənə belə bir cavab verdi:

- Ay bala qardaşımın aman-zaman bir oğlu var elə onun yolunda da canın qoyur, hər şeyi də ona görə eləyir.

- Axı sizin qardaşınızın iki qızı da var, niyə təkcə oğlunu deyirsiz?

- Ay bala axı oğlu bir dənədir. Bilirsən iki qızdan sonra nəzir-niyazla olub. Gözünün ağı-qarası bir uşağı var necə yəni…

Və mən o zaman anladım ki, qız uşaqlarına bəziləri üçün yalnız ər evinə yaxşı cehizlə gedib atanın başını uca etmək üçün bir vasitə kimi baxılır. Əlbəttəki bu məndə hec də yaxşı təəsürat yaratmadı. Çünki müqəddəs dinimiz İslamda da qız və oğlan arasında fərq qoyulmayıb. Hətta bəzən qızlar oğlanlardan öndə də tutulur. Məsələn, peyğəmbərimiz Məhəmməd (s) buyurur: “Evə müəyyən hədiyyə gətirdiyiniz zaman onu əvvəlcə qız və qadınlara verin. Çünki kimsə bir qızı sevindirsə, sanki İsmayıl peyğəmbərin övladlarından bir qulu azad etmiş olur”.

Əgər belə olmasaydı bu din qızları doğulan kimi diri-diri səhrada basdıran bədəvilərə qarşı mübarizə aparmazdı. Amma bəlkə də ən böyük bədəviliyi elə bu gün bizlər edirik. Abort deyilən o vasitə ilə. Kimlərki həkimə gedib uşağın cinsiyyətini öyrənir əgər bir qızı varsa, ikincisinə ehtiyac görmür. Və ən nəhayətdə “ultrason” deyilən cihazda oğlan deyilənə qədər hamiləliklərini sonlandırırlar. Bəs görəsən bu zaman valideynlər övlad qatili olduqlarını heç düşünürlər?
Bir insan sənin bətnində var olur. Amma sən ona işıqlı dünyanı göstərmirsən. O sənin qanın və canındır, bəlkə elə o sənə xeyirli övlad olacaq? Amma bunlara baxan kimdir. Kişinin oğlu olar vəssalam. Əslində qızının olmağını istəyən bəylər belə cəmiyyətin psixologiyası ilə oğlum olsun deyirlər.

Araşdırmalara görə dünyada hər 5 hamiləlikdən biri abortla yekunlaşır ki, bu problemdən ən çox Hindistan, Çin, Gürcüstan, Ermənistan, Ərəb ölkələri əziyyət çəkir. Statistika göstərir ki, keçən il Azərbaycanda 26 min 800 yüz abort hadisəsi baş verib. Bununda 70-80% qız uşaqlarının payına düşür. Və statistikaya görə, yaxın bir neçə il ərzində hər 1 qız uşağına 4-5 oğlan uşağı düşəcək. Yəni qız uşaqlarının sayı getdikcə azalır.

Bəzən qadınlar öz hamiləliklərini sonlandırmaq üçün bir çox dərmanlardan istifadə edirlər ki, bu bir çox fəsadlara yol açır. Ya da ki, bəzən övladlarını tələf etmək istəməyən analara kənardan göstərilən təzyiq psixi gərginliklərə, məişət zorakılığına gətirib çıxarır. Həkimlərin cinsiyyəti deməsi və ananın hamiləliyi sonlandırmaq istəyinə dırnaqarası baxıb onu bu yoldan çəkindirməyə çalımamaları bu fəsadlara yol açır. Əslində artıq bu abort məsələsi “körpə genesoidi” səviyyəsinə çatıb.

Bu genesoidi durdurmaq da, bu günahlara girməmək də bizim öz əlimizdədir. Ən azından bir düşünün ki, sizin uf belə demədən məhv elədiyiniz o körpələrin dırnağına həsrət olan ailələr var. Övladın oğlanı-qızı olmur, yaxşısı və pisi olur. Rəbbim verdiyi hər insanın ruzisini də göndərir. Onları necə böyüdəcəyiniz yox, onları niyə və necə məhv etdiyiniz sizi qorxudsun. Qorxun ki, siz də artıq bədəviliyə doğru addımlayırsız. Məktəbdə haqqında eşidib nifrət yağdırdığınız bədəvilər elə siz özünüz olmayasız?

Bir şeyi də unutmayın, sizin üçün oğlanı da dünyaya gətirən qadınlardır. Qadın anadır. “Cənnət də anaların ayaqları altındadır” (Hz.Muhamməd. s.a.s).

Rüfanə Günəş

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir