Modern.az

Mənim üçün jurnalistika millətin və dövlətin cəbhə xəttidir” - Baş redaktorun güvəndiyi YAZAR

“Mənim üçün jurnalistika millətin və dövlətin cəbhə xəttidir” - Baş redaktorun güvəndiyi YAZAR

14 May 2020, 11:08

Bəri başdan etiraf edim ki, hamımız kimi, ona da Ulu Tanrı tərəfindən bağışlanmış ömür payının 55-ci ilini yola salmaqda olan yaxın dostum və həmkarım haqqında bu, necə deyərlər, mini yubiley günündə nə isə demək mənim üçün həm asandır, həm də çətin. Asandır ona görə ki, onun xarakteri kimi, 55 illik ömür yolu da şəffaf, hər kəs üçün açıqdır. Çöhrəsindən heç vaxt təbəssüm əskik olmayan bu insanın ipək xasiyyəti var. Xoş rəftara şirin təbəssümlə cavab verən, haqsızlığa, ədalətsizliyə qarşı barışmaz insandır. Bax, bu mənada onun haqqında söz demək asandır.


Amma onun haqqında layiq olduğu sözü demək ona görə çətindir ki, yaşının üstünə yaş gəldikcə portret cizgilərinə yeni-yeni müsbət çalarlar əlavə olunan bu sədaqətli dostun, sevib-seçdiyi sənətlə bağlı fikirlərini, düşüncülərini həmkarları ilə səxavətlə bölüşən jurnalistin peşə və insani keyfiyyətlərini tam açmaq üçün gərək sözün bütün imkanlarına baş vurmağı bacarasan.


Söhbət 15 ildən artıq müddətdə yaxından tanıyıb dostluq etdiyim, son 5 ildə isə Tanrının səxavətindən eyni kollektivdə çalışdığım, hətta bir otaqda oturduğum dəyərli həmkarım Elçin Zamandan gedir.


Bəli, bu gün 55 yaşı tamam olan Elçin Zaman həmkarları arasında daim jurnalistikanın təəssübünü çəkən peşəkar qələm sahibi kimi tanınır desəm, şübhəsiz, heç bir mübaliğəyə yol vermiş olmaram. Onun “Müstəqil həyata qədəm qoyarkən niyə başqa sənəti yox, məhz jurnalistikanı seçdin” sualıma səmimi cavabı da Elçin müəllimin bu peşəyə təsadüfən gəlmədiyini, qanı, canı ilə mətbuata bağlı insan olduğunu bir daha sübut edir: “Jurnalistikanı ona görə seçdim ki, mənim orta məktəbdə oxuduğum çağlarda bu peşə sahibləri cəmiyyətdə ən hörmətli, nüfuzlu və ziyalı insanlar sayılırdı. Onlara eldə, obada səmimi bir hörmət mövcud idi. Hətta o vaxtlar imtiyazları, səlahiyyətləri və maddi imkanları jurnalistlərdən qat-qat yüksək olan rayon, şəhər rəhbərlərinə- birinci katiblərə, prokurorlara, polis rəislərinə və digərlərinə o qədər diqqət və hörmət göstərilmirdi. Ancaq jurnalistlər həmişə, hər yerdə böyük sayğı və hörmətlə qarşılanırdılar. Çünki həqiqi jurnalistika xalqın səsi idi. Bax, mən də xalqın səsi olmaq məqsədilə 1987 –ci ildə sənədlərimi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsinə verdim və 1992-ci ildə universiteti bitirib müstəqil dövlətimizin jurnalistlərinin sırasına qoşuldum.”


Artıq 30 ilə yaxındır ki, yazıları dövri mətbuatda “Elçin Zaman” imzası ilə işıq üzü görən Namazov Elçin Sabir oğlunun nə üçün bu təxəllüsü götürməsi ilə fikri də hesab edirəm ki, oxucularımız üçün maraqlı olar: “Mənim üçün jurnalistika millətin və dövlətin cəbhə xəttidir . Bu xəttin önündə daim Vətənə, dövlətə sədaqətli insanlar olmalıdır ki, cəmiyyət mənəvi deqradasiyadan, milli yaddaşsızlıqdan qorunsun. Jurnalistikada “Zaman” təxəllüsünü ona görə götürdüm ki, zamanla ayaqlaşım, onun tələb və təkliflərinə uyğun fəaliyyət göstərim. Çünki zamandan geridə qalmaq hər bir insan üçün qəbuledilməzdir. Zamandan geri qalmaq o deməkdir ki, müasirliyin arxasınca sürünürsən. Sürünənlərin isə amal və məqsədinə çatması mümkünsüzdür.”


Elçin Zaman müasirliyə açıq jurnalistikanın tərəfdarıdır. Elə bu səbəbdən də onun müxtəlif mövzulu yazılarında müasirliyə, inkişafa meyillilik cizgiləri həmişə açıq-aydın hiss olunur. Yeri gəlmişkən, Elçin Zamanla tanışlığımızdan əvvəl də onun respublikanın müxtəlif mətbu nəşrlərində öz aktuallığı və müasirliyi ilə seçilən yazılarını həvəslə oxuyurdum. Xüsusilə sosial mövzulara çox həssaslıqla yanaşan Elçin Zaman, eyni zamanda, sosial problemlərin həllini bir jurnalist kimi geniş şərh edirdi. Həmkarımın prinsipiallıqla qələmə aldığı tənqidi yazıları ilə bərabər, dövlətimizin və cəmiyyətimizin uğurlarından bəhs edən analitik yazıları da oxucular tərəfindən rəğbətlə qarşılanır. Təsadüfi deyildir ki, o, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin qazandığı hər bir uğura təkcə sevinməklə kifayətlənmir, həm bu uğurlarla bağlı bir peşəkar jurnalist kimi öz mövqeyini açıq şəkildə ortaya qoyur”.


Elçin Zaman hərbçi jurnalist kimi də fəaliyyət göstərib. Özünün dediyi kimi, 1992-ci ildən hərbi təmayüllü qəzetlərdə işləyib. Xüsusilə «Azərbaycan Ordusu» qəzetinin müxbiri kimi davamlı olaraq Laçın, Qubadlı, Şuşa, Cəbrayıl, Füzuli, Ağdam və Tərtərdə döyüş zonalarında olub. Orada döyüşən qəhrəman oğullar barədə yazıb. Təkcə yazmayıb, həm də canlı döyüşlərin iştirakçısı olub, şəhidlərimizin, əsgərlərimizin döyüş ruhunu, qəhrəmanlığını öz gözləri ilə görüb. Bəlkə də elə bu səbəbdəndir ki, Elçin Zaman böyüyüb boya-başa çatdığı yurdumuzun dilbər guşəsi Qarabağın hələ də işğalda qalmasını özünə ağır dərd hesab edən jurnalistlərimizdəndir. Amma o, qəlbən inanır ki, Qarabağ uzun müddət işğalda qala bilməz. Gec-tez işğalçı Ermənistan qüdrətli Azərbaycan Ordusu qarşısında diz çökəcək.


Elçin Zaman ulu öndər Heydər Əliyev ideyalarına sadiq olan jurnalistdir. O, bildirir ki, 1993-1995-ci illərdə Ulu Öndərin keçirdiyi brifinqlərdə, mətbuat konfranslarında iştirak etmişəm: “Bu dahi şəxsiyyətin jurnalistlərə olan diqqət və qayğısı mənim qəlbimdə həmişə xoş hisslər doğurub. Ulu Öndərdəki səmimiyyət və xoşsimalılıq jurnalistlərə öz fikirlərini daha açıq ifadə etməyə imkan verirdi.”


Yeri gəlmişkən, çağdaş jurnalistikamızın təəssübkeşlərindən olan Elçin Zaman, eyni zamanda, bu müqəddəs ada ləkə gətirən qeyri-peşəkar və reket jurnalistikasına qarşı son dərəcə barışmaz qələm sahibidir. O, tez-tez müxtəlif auditoriyalarda, əgər belə demək mümkündürsə, reket jurnalistikaya qarşı aqressiv münasibətini açıq-aşkar ifadə edir. Bildirir ki, bu üzdəniraqlara qarşı ona görə aqressivəm ki, onlar üçün heç bir mənəvi dəyər yoxdur: “Onlar jurnalistikaya alqı-satıqı vasitəsi kimi baxırlar. Yəni, onlar üçün jurnalistika söz sənəti deyil, bir bazardır. İstəsələr özlərini satarlar, istəsələr başqalarını ucuz qiymətə xərcləyərlər.”


Nəhayət, bügünkü müşahidələrim əsasında inamla deyə bilərəm ki, Elçin Zaman hazırda «İki sahil» qəzetinin ən məhsuldar jurnalistlərindən biri kimi kollektivin rəhbəri, Əməkdar jurnalist Vüqar Rəhimzadənin güvəndiyi yazardır. O, istər analitik, istərsə də gündəmin mövzuları ilə bağlı yazılarında həmişə yeni fikir bildirməyə çalışır və əksər hallarda da buna nail olur. Bir sözlə, Elçin Zaman çağdaş jurnalistikamızın tanınan simalarındandır. Onun yazılarında diqqəti xüsusilə cəlb edən ən mühüm cəhət odur ki, populizmə meyllilik yoxdur, jurnalistikanın obyektivlik və qərəzsizlik kimi “qızıl prinsiplərinə” sadiqdir.


55 yaşın mübarək, Elçin Zaman! Sənə bundan sonrakı həyatının daha sağlam və böyük uğurlarla müşayiət olunmasını arzulayırıq!


Ə
hməd Qurbanoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?