Modern.az

Bölgə idarəçiliyində hansı dəyişikliklər olacaq? - Quberniya, yoxsa...

Bölgə idarəçiliyində hansı dəyişikliklər olacaq? - Quberniya, yoxsa...

Ölkə

14 May 2020, 13:56

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını son vaxtlar bir-birinin ardınca həbs etməkdədir.

 

Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçısı İsmayıl Vəliyev, daha sonra Biləsuvarın icra başçısı Mahir Quliyev... Bir neçə gün öncə isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi...

 

5 icra başçısının ard-arda “çiçək açan” əməlləri bir məsələni də gündəmə gətirib. İcra Hakimiyyətlərinin ləğv edilməsi, yeni strukturun, yaxud da quberniyaların yaranması ideyalarının ortaya atılması bir növ günün tələbinə cavab kimi qiymətləndirilir.

 

Digər bir məqam isə İcra Hakimiyyətlərinin səlahiyyətlərinin əllərindən alınaraq bələdiyyələrə verilməsi ilə bağlıdır.

 

Modern.az bu və ya digər suallara cavab öyrənmək üçün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca müraciət edib. Komitə sədri birmənalı olaraq quberniyaların yaranmasını məqsədəuyğun hesab etməyib:

 

Mahal, vilayət, quberniya, yoxsa İcra Hakimiyyəti?!

 

“İcra Hakimiyyətlərini vilayət, mahal, quberniya mərkəzləri kimi görmürəm. Çünki bu Azərbaycanın unitar quruluşunu zərbə altına qoymuş olar. Bəlkə də onların fəaliyyətinin həyata keçirilməsi üçün digər hüquqi qanunvericilik aktlarından istifadə etmək daha doğru ola bilər”.

 

İcra Hakimiyyətləri bələdiyyələrə verilə bilərmi?!

 

Zahid Oruc İcra Hakimiyyətlərinin heç də bələdiyyələrə verilməsi ideyasını da müsbət qarşılamayıb:

 

“Düşünmürəm ki, yerli hakimiyyəti  bələdiyyələrə tapşırmaq lazımdır. Yerli hakimiyyəti avtomatik olaraq bələdiyyələrə verməklə “hər məsələ öz həllini tapacaq” deyə düşünmək doğru olmaz. Çünki oraya da səriştəli kadrları gətirmədən, güclü nəzarət mexanizmi yaratmadan, maliyyələşmə işini şəffaf qurmadan nə fərqi var ki, vətəndaşların haqlarını İcra Hakimiyyəti tapdalasın, yaxud da, bələdiyyə orqanları?! Nəzərə alaq ki, bəzi problemlər müəyyən qədər sovet dövrünün mirasıdır. Qarabağ müharibəsinin ağır nəticələri öz-özlüyündə bir sıra hallarda icra hakimiyyətlərinin belə domenant, aparıcı rol oynamağına yol açdı. Ağır humanitar tələblər, insanların sosial ehtiyacları canlı mexanizmlərlə problemlərin həllini xeyli çətinləşdirmiş oldu. İnsanlar ev növbəsinə duranda, hər hansı texnogen qəza olduqda yenə də İcra Hakimiyyəti orqanlarından kömək istəyirlər və sairə.

Kütləvi olaraq bütün xəstəxanaların, məktəblərin hamısını yerli şəxsə verməyə vadar edəndə, o artıq idarəçilik olmayacaq. Çünki bütün ideallar orada satılmış olacaq. Düşünürəm ki, islahatları apararkən son dərəcə ehtiyatlı və planlı addımlar atılmalıdır. Bundan ötrü mühüm dövlət proqramlarına çox ciddi ehtiyac var. Eyni zamanda, müxtəlif ölkələrin təcrübələrinə baxılmalı, oxşar və fərqli cəhətlər analiz edilməlidir. Bir daha söyləyirəm. İnsanları qətiyyən xəyal qırıqlığına uğratmaq olmaz. Bəllidir ki, bir sıra hallarda bələdiyyələr icra hakimiyyətlərinin kölgəsində, təsiri altında qalıblar. Ona görə də onları ictimai rəydə müdafiəyə ehtiyacı olan biri kimi də görmürlər. Heç bir anlama gəlməz ki, bütün səlahiyyətləri onlara verəndə bölgənin yükünü daşıya biləcəklər”.

 

 

Prezident yeni hakimiyyət qurur

 

Parlamentari sədri olduğu Sosial Tədqiqatlar Mərkəzinin də işini bu məsələdə qeyd edib:

 

“Düşünürəm ki, Sosial Tədqiqat Mərkəzi olmadan da İcra Hakimiyyətlərinin işini qiymətləndirmək mümkündür. Yarım milyona yaxın əhalini əhatə edən ərazilərdə Ali İcra Hakimiyyəti orqanını təmsil etmək son dərəcə böyük məsuliyyət tələb edir. Sosial Tədqiqatlar Mərkəzinin ötən ilin sentyabr ayının 24-də ilk böyük hesabatında prezidentə və hörmətli Mehriban xanıma cəmiyyətin rəğbəti, onların qlobal miqyasda həyata keçirtdiyi tədbirlər müsbət qarşılanıb. Lakin əvəzində digər hakimiyyət qolları bir sıra hallarda ciddi tənqidin ünvanıdırlar. Biz o nəticələri  obyektiv olaraq cəmiyyətlərə təqdim etdik. 2019-cu ildə geniş miqyasda prezident tərəfindən yeni hakimiyyət quruculuğu olduğunu qeyd etdik. Cənab prezident yeni hakimiyyət qurur. Bu yerli hakimiyyət orqanlarının nüfuzunu, fəaliyyətini, imicini köklü şəkildə dəyişdirməyə xidmət edir. Əgər bölgələrdə insanlar kütləvi şəkildə paytaxta gəlirsə, deməli işlər düzgün qurulmayıb. 10 milyonlarla regionlara qoyulan vəsait fonunda hələ də büdcədən asılılıq davam edir. İnsanlar üçün İcra Hakimiyyəti orqanları bütün başqa fəaliyyətlə yanaşı, xüsusi qiymət daşıyır”.

 

“Məclis yerində bədgüman söhbətlər cərəyan edir”

 

Zahid Oruc vurğulayıb ki, əgər o qurumların binası və orada təmsil olunan insanlar  konkret olaraq özlərində dövləti təcəssüm elətdirmirlərsə, insanlar onlara ikrah hissi ilə yanaşır:

 

“Digər tərəfdən isə rayon mərkəzində formaşalan gənc nəsil ali təhsil alan insanları oz idealları kimi seçərək irəliyə doğru can atmalıdırlar. Kadr məsələsində ucalmalıdırlar. Gəlin araşdırma edək. Görək o insanlar bölgələrdə öz nüfuzları ilə fərqlənirlərmi?! Xeyr. Ən ucqar məclis yerində də xeyli bədgüman söhbətlər cərəyan edir. Bu da dövlətin dayaqlarına zərbə vurur.

İndi hökumət yenidir. Digər hakimiyyət qollarından xeyli fərqlənir. Adətən keçmişdə oliqarx təmsilçiləri, burjuaziya nümayəndələri biznes sahəsində geniş yer tuturdular. Məmur biznesi haqlı rəqabət yaradırdı. Bu gün isə DTX-nın həyata keçirtdiyi məlum həbs əməliyyatları xalq tərəfindən coşquyla, inamla qarşılanır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir