Modern.az

“Amaci” kəndimizdə

“Amaci” kəndimizdə

Aktual

8 May 2012, 16:06

İki həftə öncə Yardımlıya, daha doğrusu, doğma kəndimizə - Şiləvəngəyə ata-anama baş çəkməyə, onları ziyarət eləməyə getmişdim. Bu vaxtlar Yardımlı əsil cənnəti xatırladır, gül-gülü, bülbül-bülbülü çağırır, yamyaşıl libasa bürünmüş təbiətin əsrarəngiz gözəlliyi səni özünə valeh edir, ruhunu oxşayır. Bal kimi tər-təmiz dağ havası ciyərlərinə dolduqca, buraları yurd yeri eləmiş babaları xatırlayırsan. Allah onlara min rəhmət eləsin...

Nə isə, baharın ən gözəl çagında mən kəndimizdə istirahət etməkdəydim. Gəlişimin ertəsi günü əmim oğluna dedim ki, gəlsənə, bir qədər kənddən qırağa çıxaq, uşaq vaxtı oynadığımız yerləri birlikdə yad edək. İnanın ki, yovşanlı, yoncalı çəmənlərin ətri məni məst edir, gəzdikcə yorulmaq bilmir, əksinə, qəribə bir rahatlıq tapırdım. Doğma yerləri əmim oğlu ilə xeyli gəzib dolaşdıq, uşaqlıq illərini xatırlayıb o illərdə başımıza gələn maraqlı hadisələrdən danışdıq.
“Gedək, yoxsa çatmaram” əmim oğlu birdən qolundakı saata baxaraq dilləndi. Əmioğlum ibadət əhli olduğundan, ilk ağlıma gələn bu oldu ki, yəqin namazın vaxtıdır. Qeyri-ixtiyari saatıma baxdım, namaza xeyli qalmışdı, başıma göyə qaldırıb günəşə sarı boylandım. Günəşin də batmasına hələ çox vardı, deməli, əmioğlumun bu cürə tələsməyinin namazla bir bağlılığı ola bilməzdi. Bəs əmioğlu nəyə görə tələsir? Bu sualı vermək istəyirdim ki, o, özü dilləndi:
““Amaci”ni deyirəm, həmişə saat yeddidə verirlər, ancaq bəzən elə olur ki, yeddinin yarısında başlayır”. 

İndi anladım ki, söhbət, “Space”də yayımlanan “Bu zalım dünyada doğulma” - “Amaci” adlı məşhur hind serialından gedirmiş.

Əmioğlugilin həyətinə çatanda kəndimizə qəribə sakitlik çökmüşdü. Elə bil bu kənddə adam yaşamırdı, heç bir səs-səmir yox idi, hətta qarışqa yerisəydi, səsi eşidilərdi. Hamı çəkilmişdi öz evinə, “Amaci”ni seyr etməyə. Axşamüstü, mal-heyvanın yerbəyer olunduğu bir vaxtda uşaqlı-böyüklü camaatın iş-güclərini buraxıb teleseriala tamaşa etməsi mənə çox qəribə gəldi. Ancaq qarşılaşdığım mənzərədən belə görünürdü ki, kəndimizdə “Amaci”yə böyük məhəbbət var. Hətta “Bu zalım dünyada doğulma” serialının qəhrəmanının şərəfinə qonşumuzun uşaqları analarını “Amaci baci” deyə çağırırlar. Day bunun səbəbi nədir, təfərrüatına vara bilmədim...

Bunları yazmaqda məqsədim var: artıq ikinci həftədir əcnəbi seriallara qoyulan qadağadan dolayı azərbaycanlı seyrçilərlə yanaşı, həmkəndlilərim də pəşmürdə və nigarançılıq içindədir. Bu qərarı verənlərin ola bilsin, özlərini haqlı saymaq üçün arqumentləri var.

Amma ictimai rəyi nəzərə almalı olsaq, bir qədər tələskənliyə yol verilib. Hətta həmin qərara imza atan Nuşirəvan müəllimin özü  də etiraf edib ki, “teleserialı göstərib, sonra onun yayımını dayandırmaq telekanal üçün başucalığı gətirmir, ümumiyyətlə əhali üçün də yaxşı deyil”.
Serilların qadağa edilməsi Milli Məclisdə əyləşənləri də məyus edib. Bu barədə hansısa müxalifətçi deputat danışsaydı, bəlkə də qərəzli görünə bilərdi. Amma etiraz edən YAP-çı millət vəkili Eldar İbrahimovdur: “...Mən demirəm ki, xarici seriallar yığışdırılmasın. Yaxşı, yığışdırdıq. İndi televiziyalarda nə verəcəklər? Onlar nə verməlidirlər ki, insanlar baxsın, sənin daxili serialın varmı, bunun yerini tuta bilirmi? Yoxsa elə hansı telekanalı açırsan, orada 80-90 yaşlı kişini evləndirirlər. Bu verilişdir? Özlərini gülüş vəziyyətdə qoyurlar. Düzdür, bu tip verilişlər Rusiyada da yayımlanır, amma ordakıların səviyyəsi ilə bizimkilərin səvviyəsi bir deyil axı”.

Bir sözlə, serial qadağası təkcə kəndimizdəkilərin deyil, ölkə vətəndaşlarının da əksəriyyətinin ürəyincə deyil. Sadə tamaşaçı Firuzə Həsənovanın təbirincə desək, yenə camaat axşamdan-axşama seriallara baxmaqla başını qatırdı. Bundan sonra necə olacaq kimsə bilmir. Necə deyərlər, gəl, serialsız yaşa görüm, necə yaşayırsan “bu zalım dünyada”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı