Modern.az

İslahatlara kölgə salanlar...

İslahatlara kölgə salanlar...

15 May 2020, 09:58

Xeyli vaxtdır ölkə prezidenti tərəfindən müxtəlif sahələrdə davamlı islahatların aparılmasına şahidlik edirik. Xüsusilə illərdir ki, eyni vəzifəni “zəbt etmiş” köhnə fikirli məmurların tutduqları postdan uzaqlaşdırılması, onların yerinə savadlı və yenilikçi kadrların gətirilməsi cəmiyyətdə müsbət qarşılanır, gələcəyə inamı artırır.

Amma nə yazıq ki, atılan hər müsbət addımda yalnış axtarmağa çalışan, görülən işlərə mənfi kölgə salmaq istəyənlər də az deyil. Onlar yeni təyinatların heç biri ilə razı olmur, şəxsi tanıdı-tanımadı əks təbliğat aparırılar.

Maraqlıdır, bu cür insanların görülən hər işə mənfi rəy bildirməsinə səbəb nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Fazil Mustafa qarayaxma kampaniyasının daha çox gənc kadrlara kökləndiyini deyir:


“İnsanların dünyagörüşü, düşüncələri dəyişməyəndə hər hansı sahədə yenilik olanda bu hadisəyə paxıllıq, qısqanclıq hisssi ilə yanaşırlar. Bu tip adamlar müsbət istiqamətdə olan istənilən islahatı zərərli tendensiya kimi qələmə verirlər. Amma doğurdan da ölkədə ciddi kadr islahatları aparılır, əvvəlki ənənələr pozulub. Gənc kadrlar önə çəkilir ki, buna da ancaq sevinmək olar. Məsələn, İqtisadiyyat nazirinin müavini postuna Elnur Əliyev kimi savadlı, dərin iqtisadi biliklərə malik olan şəxsin gətirilməsinə yalnız müsbət yanaşmaq olar. Uzun illər bir sahədə durğun fəaliyyət göstərən şəxs vəzifəyə təyin olunanda bəzi insanlarda narahatlıq yaranmır. Amma elə ki, bir gənc kadr vəzifəyə təyin olunur, onda başlayırlar həmin şəxsi gözdən salmaq üçün addımlar atmağa. İndi çirkaba bulaşmamış, modern dünyanı anlayan insanların önə çəkilməsi vacibdir. Bu baxımdan da cəmiyyət olaraq belə təyinatlara üzülməli deyilik. Sevinməliyik ki, siyasi həyat yenilənir. Bu orqanizmdə qanın yenilənməsi kimi bir şeydir”.


Deputat vəzifəyə yeni təfəkkürlü insanların gətirilməsilə iş əmsalının artdığını deyir:

“Məsələn, parlament nümunəsində onu deyim ki, iş əmsalı, deputatların fəallığı artıb. Hansı sayta baxırsan deputatlar bu və ya digər məsələlərə geniş münasibət bildirirlər. Bu o deməkdir ki, dəyişim olanda müəyyən dərəcədə aktivlik, insanların məsələyə müdaxiləsi artır. Bu da çox yaxşı tendensiyadır. Son zamanlar Prezident də öz şikayətini cəmiyyətə açıq şəkildə söyləyir. Lakin bu əvvəl belə deyildi. Ölkə başçısı şikayətini paylaşmazdı. Amma indi o atdığı addımlarla sanki cəmiyyətə aydınlıq gətirir ki, hansı qərarı nə üçün verib. Bu da ölkədə müsbət auranın yaranmasına xidmət edir. Amma təəssüf ki, əlindən bir iş gəlməyən insanların hansısa uğura qarayaxma kampaniyası bir ənənəyə çevrilib. Bu ənənə də bizim irəli getməyimizə mənfi təsir edir”.

 

Psixoloq Aytən Ələkbərova deyir ki, vəzifəyə təyin olunan kadrları pisləməklə bəzi insanlar cəmiyyətin psixoloji immunitetini aşağı salmağa çalışır:

 

“İnsanların bir-birini qavrama prosesində sosial stereotiplərin rolu həddindən artıq vacibdir. Artıq insanların hadisələrə münasibət bildirməsi də həmin stereotiplərin şəxslərə təcrübəsini ötürməsindən irəli əlir. Bir insanı “vurarkən” şəxslərin şüur altında düşündükləri məqam olur. Onlar yeniliklərə mənfi prizmadan yanaşaraq,  vəzifəyə təyin olunan insanları pisləyib toplumda psixioloji immuniteti aşağı salmağa çalışırlar. Burda bir mühüm cəhət ondan ibarət olur ki, əvvəlki komandada vəzifə daşımış şəxslərə aid olan xüsusiyyətlər, məlumatlar cəmiyyətə sızdırılır. İnsanların yeni gələn kadrla ünsiyyət qurması qeyd etdiyim şəxslərdə mənfi hislər yaradır və özlərində olan səhvlər kənara sızmasın deyə çalışırlar ki,  yeni kadr haqqında dezinformasiya yaysınlar. Burda da sosial persepsiya özünü göstərir. Sosial persepsiya isə qarşılıqlı prosesdir. Bu qarşılıqlı prosesin yaranması insanın özünü araşdırmağa doğru gedir. Yəni kimsə “yaxalandı” gəl, məni də yoxla, önə çıxar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır