Modern.az

Azərbaycanın Rumıniyadakı səfirliyi Milli Məclisin müraciətini yayıb

Azərbaycanın Rumıniyadakı səfirliyi Milli Məclisin müraciətini yayıb

8 May 2012, 18:31

Mayın 8-də Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası və ARDNŞ-in Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyəti, ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, KİV nümayəndələrinin iştirakı ilə Buxarestdə Şuşanın işğalının 20-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirilib.

İlk növbədə tədbirdə Şuşanın tarixindən, şəhərin əsasının qarabağlı Pənahəli хan Cavanşir  tərəfindən qoyulduğu, 1747-ci ildə Nadir şahın ölümündən sоnra Pənahəli bəyin хan еlan edildiyi və Qarabağ хanlığını düşmən hücumlarından qоrumaq məqsədilə alınmaz bir qala inşa etməsindən bəhs olunub. Eyni zamanda, Şuşa sözünün etimologiyası, şəhərin Azərbaycanın dövlətçilik tarixində, siyasi-mədəni və iqtisadi həyatında oynadığı mühüm rola nəzər yetirilib.

Həmçinin bildirilib ki, çохsaylı еrməni хəyanətinin nəticəsi kimi Şuşa ХХ əsrdə istər daxildən istər xaricdən çoxsaylı fitnə və basqına məruz qalıb və nəhayət Azərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirmək niyyətində olan Ermənistan silahlı qüvvələri tərəfindən 8 may 1992-ci ildə işğal edilib. Tədbirdə Mеşəlidən, Kərkicahandan, Malıbəylidən, Quşçulardan, Хоcalıdan başlayaraq Şuşanın işğalına gеdən yоlun bütün Azərbaycan хalqının mənəviyyatına vurulmuş ağır bir zərbə olduğu, işğal nəticəsində mənimsənilmiş və talan edilmiş milli-mədəni sərvətlərimizin bu gün işğalçı ölkə tərəfindən erməni irsi kimi təbliğ edildiyi vurğulanıb.

Çıxış edənlər Azərbaycan – Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn müvafiq normaları, ölkəmizin ərazi bütövlüyü, suverenliliyi və sərhədlərin toxnulmazlığı prinsipləri çərçivəsində sülh yolu ilə həlli istiqamətində dövlətimizin apardığı qətiyyətli siyasətinə toxunub və öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağına əminlik bildiriblər. 

Tədbir iştirakçıları Şuşa şəhərinin tarixini, mədəni abidələrini, eləcə də işğal nəticəsində erməni qəsbkarları tərəfindən şəhərə vurulmuş külli miqdarda ziyanı əks etdirən sənədli filmi seyr ediblər.     

***

Eyni məzmunlu tədbir 8 may 2012-ci il tarixində Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi tərəfindən Sarayevoda da mütəşəkkil qaydada keçirilib.

Sarayevo şəhərindəki Bosniya və Herseqovina - Azərbaycan Dostluq Parkında keçirilən tədbirdə Bosniya və Herseqovina - Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə parkda yerləşən Bosniya və Herseqovinadakı müharibənin (1992-1995) və Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş memorial kompleksin önünə tər çiçəklər qoyulub və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra anma mərasimi diplomatik nümayəndəlikdə davam etdirilib. Mərasimdə çıxış edənlər bildiriblər ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlı həlak olub, 50 min nəfər yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub, 4.500 nəfər itkin düşüb, qadınlar, qocalar, uşaqlar əsir və girov götürülüb, amansız işgəncələrə məruz qalıb, bir milyon nəfər azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, hüquqları kütləvi şəkildə, kobudcasına pozulub. Azərbaycanın ayrılmaz, əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, ümumən 17 min kvadrat kilometr ərazidə ən məhsuldar torpaqlarımız zəbt olunub.

Tədbirin sonunda Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri, işğalçılar tərəfindən törədilmiş vəhşiliklər bir daha xatırlanaraq qeyd olunub ki, Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsi xalqın yaddaşında əbədi olaraq yaşayacaq.

Sonra anma mərasiminin iştirakçıları Şuşa və Laçının Ermənistan tərəfindən işğalını əks etdirən sənədli kadrlara baxıblar.

Diplomatik nümayəndəlik tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Şuşanın işğalına dair geniş pres-reliz, AR Milli Məclisinin Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına və digər beynəlxalq qurumlara Şuşanın işğalının 20 illiyi ilə bağlı müraciəti Sarayevodakı bütün səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri, BH-dəki nazirlik və digər dövlət strukturları və qeyri-hökumət təşkilatları arasında yayılıb.

Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Azərbaycanın Rumıniya və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəlikləri tərəfindən hazırlanmış geniş press-reliz dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, sözügedən ölkələrdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinə də göndərilib. Pres-relizdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və s. beynəlxalq təşkilatların qətnamə və qərarlarına istinad edilərək təcavüzkar ölkənin beynəlxalq ictimaiyyətin çağırışlarına indiyə kimi məhəl qoymaması diqqətə çatdırılıb, münaqişənin sülh yolu ilə həllində Azərbaycanın tutduğu ədalətli və konstruktiv mövqe haqqında ətraflı məlumat verilib, işğala dərhal son qoyması üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı təzyiqlərin artırılmasının vacibliyi vurğulanıb. Bundan əlavə Şuşanın işğalı ilə bağlı AR Milli Məclisin qəbul etdiyi müraciət yerli qanunvericilik orqanlarına təqdim edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?