Modern.az

Qənirə Paşayeva Qazi Universitetində Şuşada törədilən vandalizmdən danışıb

Qənirə Paşayeva Qazi Universitetində Şuşada törədilən vandalizmdən danışıb

9 May 2012, 18:05

Türk dünyası ilə bağlı keçirilən tədbirdə ilk olaraq millət vəkili Qənirə Paşayevanın rəhbəri  olduğu “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin hazırladığı “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmi də nümayiş etdirilib. Filmin nümayişindən sonra Türkiyə Böyük Millət Məclisinin üzvü, TÜRKSAM-ın prezidenti Sinan Oğan Ermənistanın 20 il əvvəl Azərbaycanın qədim Şuşa şəhərini işğal etməsi barədə geniş məlumatlar verib.

Ermənistanın işğal etdiyi Şuşa şəhərində Azərbaycan türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbirstanlığı dağıtması, türk millətinin Şuşada tarixi izlərini silmək siyasəti yürütməsi haqqında geniş məlumatlar verən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru,  “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri  Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın Şuşada törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Miillət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının  alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaq.

“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə sosial mediada səylərin artırılmasının, həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. 

Çıxışının sonunda millət vəkili deyib: “İnşallah gələn görüşümüzü birliktə işğaldan azad edəcəyimiz Qarabağımızda, Şuşamızda keçirək. Biz hamımız bunun üçün səylərimizi daha da artırmalıyıq”.

Tədbir çərçivəsində “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə hazırlanmış “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filminın və Xocavənd rayon icra hakimiyyətinin millət vəkili Qənirə Paşayevanın “Ruhum Qarabağlıdır” şeirlər silsiləsi əsasında hazırladığı “Ruhum Qarabağlıdır” filminin nüsxələri və Şuşa ilə bağlı materiallar tədbir iştirakçılarına paylanılıb.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir