Modern.az

Azərbaycandakı Ahıska türkləri: “Gürcüstan dövləti vədlərini yerinə yetirmir”

Azərbaycandakı Ahıska türkləri: “Gürcüstan dövləti vədlərini yerinə yetirmir”

10 May 2012, 09:52

2007-ci ildə Gürcüstan Avropa Şurasına üzv seçilərkən 1944-cü ildə Stalinin əmri ilə öz vətənlərindən sürgün edilən Ahıska türklərinin geri qayıtması ilə bağlı öhdəlik götürmüşdü. Bu öhdəliyə əsasən 2012-ci ilə kimi Gürcüstan höküməti Ahıska türklərinin doğma yerlərinə qayıtmasını təmin etməli idi. Artıq 2012-ci ildir. Bu istiqamətdə görülən işlər əsasında bir neçə ailənin köçürülməsinə baxmayaraq, hələ xeyli sayda Ahıska türkü vətənə dönmək üçün repartriant statusunu alacağı və Gürcüstana qayıdacağı günü gözləyir. 

“Hazırda işlər yarımçıq qalıb. 400-500 nəfərə yaxın Ahıska türkünə geri qayıtmaq barədə status verilib. 1000-ə yaxın insanın isə sənədlərində nəyinsə, məsələn, doğum, nikah haqqında şəhadətnamənin, mal varlığı haqqında deklorasiyanın, şəxsiyət vəsiqəsinin olmaması ilə bağlı məktublar gəlir və bildirilir ki, 4 ay müddətində bunlar ingilis və ya gürcü dilində verilməsə, onların repartriant statusu almaq hüququ itirilir”.

Bu sözləri Modern.az saytına açıqlamasında Ahıska türklərinin “Vətən” cəmiyyətinin yeni seçilmiş sədri İbrahim Məmmədov deyib. O hazırda bununla bağlı qarışıqlığın olduğunu deyib.

“Ağstafadan, Qazaxdan, Tovuzdan insanlar Gürcüstandan müəyyən sənədlərin çatışmaması ilə bağlı məktubun gəldiyini zəng edib deyirlər. İndi, tutalım, doğum haqqında şəhadətnaməyə görə insan Qazax, Tovuz, Qaxdan Bakıya gəlir, onu ingilis və ya gürcü dilinə notariusdə tərcümə etdirir. Həmin gün çatdıra bilməsə, bir gün də burada qalmalı olur. Deməli bir gün də bu adamın 40-50 manat pulu çıxmalıdır ki, işləri həll olunsun. İndi baxaq, görək vəziyyət necə olacaq. Biz də istəyirik ki, bu cəmiyyət səviyyəsində həll edilsin”. 

İ.Məmmədov indiyədək Gürcüstana cəmi 50-dək Ahıska ailəsinin getiyini qeyd edib.

“2007-ci ildən qanun qəbul ediləndən sonra 40-50 ailə öz hesablarına gedib Ahıskada məskunlaşdılar. O ki qaldı, kiməsə status verilsin, dövlət səviyyəsində o insanları ora köçürsünlər, hələki o söhbət yoxdur. Amma status alanlar da bilməlidirlər ki, bunlar necə köçməlidirlər, nə etməlidirlər, yəni konkret məlumat verilməyib”.

Cəmiyyətin sədri məsələ ilə bağlı Gürcüstanın Azərbaycandakı səfirliyinə müraciət etdiklərini deyir. “Amma səfirlikdə bizimlə görüşdə dedilər ki, onlar dövlət olaraq qeyri-dövlətlə, yəni cəmiyyətlə işləmirlər, ancaq fərdlərlə görüşəcəklər. Həm də bu insanlar necə köçsünlər ki, Gürcüstanda repartriant statusu verilən Ahıska türkləri üçün hələ heç bir iş görülməyib, ev tikilməyib. Bunun üçün kütləvi işlər aparılmalıdır”.

İbrahim Məmmədov Avropa İttifaqı ilə görüşdüklərini bildirsə də onlardan hələ heç bir rəsmi məlumat verilmədiyini qeyd edib.

“Aprelin 11-də biz onlarla görüşdük, söhbətimiz oldu. Üstəlik onlara rəsmi məktubla da müraciət etdik. Amma hələ onlardan konkret rəsmi cavab almamışıq. Ancaq biz işlərimizi davam etdirəcəyik, görüşlər keçirəcəyik. Gürcüstan dövlətinə, Türkiyə dövlətinə də kömək üçün müraciət etməyi planlaşdırırıq” deyə “Vətən” cəmiyətinin sədri əlavə edib.

Aytən ƏLİYEVA  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir