Modern.az

Azərbaycanın “Ekoloji Atlas”ı nəşr edilib

Azərbaycanın “Ekoloji Atlas”ı nəşr edilib

Təhsil

12 Yanvar 2010, 11:17

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikində ilk dəfə Azərbaycan Respublikasının “Ekoloji Atlas”ı vahid xəritəçilik əsəri kimi çap olunub. AMEA-nın, DTXK-nın, BDU-nun və ATU-nun mütəxəssisləri tərəfindən hazırlanmış atlas akademik Q.Məmmədov, professor M.Xəlilov, biologiya elmləri doktoru S.Məmmədova tərəfindən tərtib edilib və akademik B.Ə.Budaqovun redaktorluğu ilə nəşr olunub.
Modern.az Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, atlas “Ekoloji sistemlərin kosmosla qarşılıqlı təsiri, Yer-Kosmos-Vahid Ekosistem” başlığı ilə başlayır. Başlanğıcda Yerin kosmosla qarşılıqlı əlaqəsi, Yerdə həyatın təkcə planetar deyil, həm də kosmik bir hadisə olduğu şərh edilir. Atlas respublikada ekoloji vəziyyətin tədqiqatı, səmərəli dövlət ekoloji siyasəti, ekoloji təhsil, geniş kütlənin maariflənməsi, ekoloji mədəniyyətin yüksəlməsi haqqında məlumatları özündə əks etdirir. Ölkəmizdə və bütövlükdə dünyada ekoloji vəziyyətin qiymətləndirilməsində “Ekoloji Atlas”ın rolu və əhəmiyyətli dərəcədə böyükdür.

11 bölmədən (Atmosfer, Hidrosfer, Litosfer, Torpaqlar, Biosfer, Landşaftlar, Bitki örtüyü, Heyvanlar aləmi, Təbii fəlakət, Cəmiyyətin ekologiyası, Azərbaycan ekologiyasının hüquqi əsasları) ibarət olan Atlasda 150-dən artıq xəritə verilib.
Xəritələrin informativliyini yüksəltmək, təcrübədə istifadəsini asanlaşdırmaq üçün izahedici mətnlərdən, cədvəllərdən və diaqramlardan istifadə olunmuşdur. Azərbaycan üzrə xəritələr 1: 1 500 000, 1: 3 000 000 miqyaslarda tərtib olunub, bu da müxtəlif məzmunlu xəritələrin istifadəsi zamanı onların müqayisəsini asanlaşdırır. Atlasda mövcud xəritələrin məzmununu təşkil edən bu və ya digər proseslər rəngli şəkildə verilib. Atlasın məzmununun metodoloji əsasını sistemdəki təbiət-insan, cəmiyyət qarşılıqlı məcmusu təşkil edir.

Atlasın birinci bölməsindən sonuncu bölməsinə qədər dünyanın və Azərbaycanın çoxsaylı xəritələri (bəziləri ilk dəfə olaraq çap olunur), qrafikləri, şəkil və diaqramları məlumat xarakterli elmi izahlı mətnləri verilib. Atlasda təkcə problemlər sadalanmır, eyni zamanda bu problemlərin həlli yolları da öz əksini tapıb. Dünyanın və Azərbaycanın, bütövlükdə hətta ayrı-ayrı bölgələrinin fiziki, iqtisadi coğrafi rayonlarının ekoloji sisteminin təsnifatı verilib.

Atlasın çox qiymətli məlumatlarından biri də Azərbaycanın “Qırmızı kitab”ına düşən heyvanlar, ağac və kollar haqqında olan illüstrasiyalı məlumatlardır.

Atlasın sonunda tibbi-ekoloji vəziyyətin atlası, Azərbaycan ekologiyasının hüquqi əsasları verilib. Bu sənədlərlə tanışlıq bir daha Azərbaycan dövlətinin ekoloji problemlərin həllinin dövlət qanunları ilə yüksək səviyyədə qoruduğunu sübut edir. Nəticədə ekoloji vəziyyətə ümumi qiymət verilərək, onun istər ekoloji, istərsə də sosial və iqtisadi baxımdan gedişatı və optimallığı üzrə tədqiqatı təyin edilir.

Atlasdan geniş oxucu kütləsi, ali və orta ixtisas təhsilli mütəxəssislər, ekoloqlar, bioloqlar, kənd təsərrüfatı ilə məşğul olanlar istifadə edə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir