Modern.az

Şəhid abidələrimiz - Natavan, Hacıbəyli, Bülbül gec-tez Qarabağa qayıdacaq - Jalə Əliyeva

Şəhid abidələrimiz - Natavan, Hacıbəyli, Bülbül gec-tez Qarabağa qayıdacaq - Jalə Əliyeva

19 May 2020, 15:53

Modern.az Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyevanın müsahibəsini təqdim edir:

 

- Jalə xanım, hazırda yaşadığımız may ayı xalqımız üçün həm əlamətdar, həm də təəssüf ki, kədərli günlərlə, hadisələrlə "zəngin"dir. Belə ki, 28 il öncə, cəmi 10 gün içində Azərbaycan üçün son dərəcədə mühüm strateji əhəmiyyətli və bəlkə də Qarabağ münaqişəsinin həllində açar rolunu oynayacaq iki bölgəni-iki dilbər guşəni-dünyanın musiqi konservatoriyası sayılan Şuşanı və laçınlar qayası olan Laçını itirdik. Həm də çox təəssüflər olsun ki, ötən illər ərzində adları çəkilən bölgələrlə yanaşı, Qarabağımızı və ona bitişik digər ərazilərimizi hələ də geriyə qaytara bilməmişik. Torpaqlarımızı geri qaytaracağımıza əminliyimiz bir an olsun belə tükənməyib, əskilməyib, amma itirdiyimiz mənəvi dəyərlərimizi, tarixi-mili-dini sərvətlərimizi geriyə qaytarmaq bəlkə də mümkün olmayacaq. Siz bu haqda nə düşünürsünüz?


- Bəli, çox təəssüflər olsun ki, 32 ildən bəri zorla cəlb olunduğumuz Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi hələ də davam edir. Hələ də faşizmi, nasizmi, rasizmi, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran işğalçı və təcavüzkar Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətini davam etdirməsi, hələ də beynəlxalq birliyin, ATƏT-in, onun Minsk qrupunun, həmsədrlər formatının laqeydliyi və biganəliyi, bəzən isə açıq-aşkar işğalçı ilə işğala məruz qalanı eyniləşdirməsi, onların ikili, üçlü standartları üzündən münaqişə ədalətli və müsbət həllini tapmır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qəntamə yerinə yetirilmir, ən təəssüf və təəccüb doğuranı isə həmin qətnamələri qəbul edən təşkilatın Ermənistanın davranışlarına laqeyd və biganə yanaşmasıdır. Nə BMT, nə ATƏT, nə Minsk qrupu, nə də həmsədrlər həmin qətnamələrin icrası, yerinə yetirilməsi üçün Ermənistana heç bir təsir və təzyiq göstərmir, sanksiyalar tətbiq etmir. Bu isə nəticə etibarı ilə Ermənistanı növbəti dəfə işğalçılığa və təcavüzkarlığa şirnikləndirir, stimullaşdırır. Ancaq ölkəmizin, dövlətimizin, xalqımızın, dövlət başçımızın da bu məsələdə mövqeyi qəti, birmənalı və yekdildir. Azərbaycan xalqı və dövləti bu günə qədər işğal faktını qəbul etməyib, onunla barışmayıb, bundan sonra qəbul etməyəcək və barışmayacaq. Ölkə Prezidentinin də bəyan etdiyi kimi, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır və nida işarəsi. Ancaq Qarabağın, yurd yerlərimizin, o cümlədən, bir neçə gün öncə növbəti işğal ildönümünü qeyd etdiyimiz Şuşanın və bir neçə gün sonra növbəti işğal ildönümünü ürək ağrısı qeyd edəcəyimiz Laçının işğalı, süqutu ilə həm də böyük milli-mədəni-tarixi-dini sərvətlərimizi itirdik. Heç bir dəyər tanımayan Erməsitanın və ermənilərin işğalçılıq, vandalizm siyasəti nəticəsində işğal olunmuş yurd yerlərimizdəki əslərin yadigarı olan tarixi-dini-milli abidələrimiz, məscidlərimiz, ziyarətgahlarımız, qəbristanlıqlarımız, açıq və qapalı muzeylərimiz, sənət incilərimiz hamısı məhv edildi, yerlə-yeksan olundu, yağmalandı. Bunları qaytarmaq, bərpa etmək isə olduqca çətin və deyərdim ki, müşküldür. Düzdür, Azərbaycan dövlətinin, ölkə Prezidentinin, Birinci xanım Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun apardığı gərgiin işlər, zəhmətlər sayəsində ölkəmizin, xalqımızın bu məsələlərdə də haqq səsi dünyaya duyuruldu, çatdırıldı, bunlar da müvafiq qərarlarda, sənədlərdə əksini tapdı, amma bizi yenə də böyük mübarizə, böyük səfərbərlik gözləyir. Canlı itkilərimizi, şəhidlərimizi geri qaytara bilməsək də, qaytara biləcəklərimizi, dünyaya əyani şəkildə çatdıra biləcəklərimizi reallaşdırmaq üçün hamılıqla, elliklə hələ də görüləcək çoxlu işlərimiz çoxdur. Hamımız bu məsələlər üzərində fokuslaşmalıyıq...


- Konkret olaraq, nəyi və nələri nəzərdə tutursunuz?


-Bu haqda fikirlərimi bir neçə dəfə açıqlamışam, bildirmişəm. Həm mətbuatdakı və televiziya proqramlarındakı çıxışlarımda, həm də Milli Məclisin komitə və plenar iclaslarında bu yöndə öz fikir və təkliflərimi səsləndirmişəm. Elə cəmi bir neçə gün öncə, kokret qeyd etməli olsam, Milli Məclisin mayın 5-də keçirilən iclasında “Nəşrlərin beynəlxalq mübadiləsi konvensiyasının təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu haqda bir daha danışmışam, cəmiyyətə və əlaqədar qurumlara çağırış etmişəm. Həmin çıxışımı olduğu kimi, buradan bir daha təkrar olaraq qeyd etmək istəyirəm ki, hamımıza məlum olduğu kimi, Qarabağımızın, bütövlükdə Azərbaycanımızın mənəvi sərvətlərindən, dühalarından olan Xan qızı Natavanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün uzun illər boyu işğal altındakı torpaqlarımızda vandalizmə məruz qalan heykəlləri Ümummilli lider Heydər Əliyevin səyləri və müdaxiləsi ilə Bakıya gətirildi. Həmin heykəllər o zamandan bəri İncəsənət Muzeyinin arxa həyətində saxlanmaqdadır. Bizcə bu şəhid heykəllər, şəhərin görməli yerlərindən birində, məsələn Şəhidlər Xiyabanında nümayiş etdirilməlidir. Ümumiyətlə 20-ci əsrdə bir neçə dəfə soyqırımına, repressiyalara məruz qalan bir xalqın tarixi həqiqələ arixi həqiqələrini və haqqımızın geri qaytarılması uğrunda həyata keçirilən dövlət siyasətini əks etdirən eksponatlardan ibarət bir muzeyin açılmasına ehtiyac var. Bu heykəllər bizim haqlı mübarizəmizin pasportudur, Ermənistanın torpaqlarımızda həyata keçirdiyi dağıdıcı siyasətin daşlaşmış yaddaşıdır. Və bu heykəllərin göz önündə olmasına çox əhəmiyyətlidir. Çünki Azərbaycan bü gün bütün sahələrdə inkişaf etdiyi kimi, turizm sahəsində də böyük inkişaf mərhələsinə qədər qoymuşdur. Ölkəmiz turistlər üçün cəlbedici və cəzbedici ölkəyə çevrilmişdir. Hər il on minlərlə, yüz minlərlə turist ölkəmizə, Bakımıza axın edir. Onların çoxunun heç də Qarabağ münaqişəsindən, erməni barbarlığı və vandalizmindən geniş, müfəssəl məlumatları, xəbərləri yoxdur. Belə bir muzeyi yaratmaqla və oraya turistlərin axınını təşkil etməklə, Qarabağ həqiqətələrini, Qarabağ acılarını, başımıza gətirilən müsibətləri əyani şəkildə göstərmiş və təqdim etmiş olarıq. İnanıram və əminəm ki, bunun ermənilərin, Ermənistanın iç üzünün açılmasında, erməni yalanlarının ifşa olunmasında böyük rolu olmaqla bərabər, nəticə etibarı ilə Qarabağ münaqişəsinin həllinə müəyyən mənada təsiri ola bilər. Ona görə inanmaq istərdim ki, çox yaxın gələcəkdə bu yöndə təklifimə, yeri gəlmişkən demək istəyirəm ki, Parlamentin 5 may tarixli iclasında irəli sürdüyüm bu təklifin nəzərə alınması xahişi ilə artıq əlaqədar qurumlara müraciət etmişəm, inanıram ki, müsbət cavab veriləcəkdir.


- Qeyd etmək yerinə düşər ki, Sizin təklifiniz necə deyərlər, özünə geniş tərəfdar toplamaqdadır, cəmiyyətdə bununla bağlı gəlişmələr yaşanmaqdadır...


- Bəli, mənim üçün çox xoşdur ki, son bir neçə ildə, eləcə də, 5 may tarixli çıxışımda səsləndiriyim təkilflər insanlar tərəfindən müsbət yöndən və rəğbətlə qarşılanmaqda, dəstək qazanmaqdadır. Hətta elə həmin çıxışımdan sonra növbəti iclasımızda həmkarım Qənirə Paşayeva da eyni təkliflə çıxış etdi. Mən ona, təklifimi dəstəklədiyi üçün təşəkkür edirəm. Ümumiyyətlə, bu məsələ zaman zaman çeşidli fikirlər, təkliflər şəklində ortaya qoyulur. Düşünürəm ki, həm adını çəkdiyimiz heykəllərin, həm də işğal altındakı torpaqlarda qalan maddi və mənəvi abidələrin geniş çapda tanıtımı dünya ictimai fikrinin formalaşması, nəticə etibarilə haqqımızın, ədalətin bərqərar olması baxımından çox vacibdir. Əminik ki, bu heykəllər gec-tez Qarabağa qayıdacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu